Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Macron-un Rusiya təşəbbüsünün pərdəarxası


Rusiya Prezidenti Vladimir Putin (solda) Emmanuel Macron və onun həyat yoldaşı Brigitte Macron ilə
Rusiya Prezidenti Vladimir Putin (solda) Emmanuel Macron və onun həyat yoldaşı Brigitte Macron ilə

Fransa Prezidenti Emmanuel Macron Avropa Birliyinin (AB) Rusiya ilə münasibətini “asanlaşdırmaq və aydınlaşdırmaq” kimi ambisiyalı yeni təşəbbüs gerçəkləşdirir. Ancaq o, əslində, Avropanın öz gələcəyi üzərində nəzarətini təmin etməyə çalışır. Onun planı o zaman hədəfinə çatar ki, AB-nin heç bir üzvünün özünü zəif hiss etməməsini təmin etsin. Bunu “Project Syndicate” portalında Mark Leonard yazır. Müəllif Macron-un Avropa Komissiyası və Avropa Mərkəzi Bankına istədiyi namizədlərə yer elədiyini, indi isə Avropanın Rusiyayla münasibətini yaxşılaşdırmağa çalışdığını vurğulayır.

“Fransa rəsmiləri Macron-un Rusiya strategiyasını ABŞ Prezidenti Richard Nixon-un 1972-ci il Çin acılımı ilə müqayisə edirlər. Ancaq Macron-un diplomatik uvertürası Nixon-un tam əksinə daha çox uyğun gələr. Sovetləri önləməkdən ötrü Çinin nazını çəkməkdənsə, Macron Rusiyanın Çinə yaxınlaşmasını əngəlləmək üçün Avropanın Rusiyayla münasibətlərini asanlaşdırmaq və aydınlaşdırmaq istəyir. O, bununla Avropanın öz gələcəyinə nəzarətini təmin edəcəyinə ümid bəsləyir”, – yazan müəllif Fransanın yol xəritəsinin əsas beş sahəni: tərksilah, təhlükəsizlik dialoqu, böhran idarəçiliyi, dəyərlər və birgə layihələri əhatələdiyini qeyd edir.

“Macron inanır ki, Rusiyanı Çinə cəzb edən, azından, Qərbin idarəçiliyi düzgün qurmamasıdır. O, Kremlin ərazi təcavüzü, seçki müdaxiləsi ilə bağlı heç də sadəlövh düşünmür, ancaq inanır ki, Avropaya belə təhdid yaratmaq mövqeyində olan istənilən ölkəylə üz-üzə məşğul olmaq lazımdır. Fransanın bir rəsmisi mənə izah elədi ki, ‘İran və Şimali Koreya haqda həqiqət Rusiyaya da aiddir. Yalnız sanksiyalar divarı arxasında gizlənsək, ona təsir göstərə, daha məsuliyyətli davranışa məcbur edə bilmərik’”, – məqalədə vurğulanır.

Müəllif Macron-un ən böyük əndişəsinin əslində Avropa sarıdan olduğunu yazır. Belə ki, nə qədər ki AB parçalanmış, başqa ölkələr tərəfindən küncə qısnanmış durumdadır, 21-ci əsrdə qlobal oyunçuya çevrilə bilməyəcək. Macron-un mövqeyinə görə, Avropanın Rusiyayla münasibətinin yenilənməsi Avropanın suverenliyinin təminatı yolunda ilk addımdır.

“Böyük güclərin masasında yeriniz yoxdursa, bunun səbəbi sizin menyuya salınmağınızdır”, – Fransanın bir rəsmisi müəllifə deyib.

Avropalılar Rusiyanın Krımı ilhaqından sonra ona tətbiq olunan sanksiyaları dəstəkləyir və Fransa da bunu anlayır. Ancaq müəllifin fikrincə, Fransa Avropanın daha geniş təhlükəsizlik siyasətinin kövrəkliyindən narahatdır.

2014-cü ilin martında Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib. Bunun ardınca ABŞ və AB-nin sanksiyaları ilə üzləşib. Bütün bunlar Rusiya iqtisadiyyatına təsirsiz ötüşməyib.

XS
SM
MD
LG