Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:52

Greta Nobel alacaqmı


Greta Thunberg
Greta Thunberg

Yeniyetmə iqlim fəalı Greta Thunberg gələn həftə Nobel Sülh Mükafatına layiq görülə bilərmi? “Frans Pres” agentliyi ekspertlərin bu məsələyə ehtiyatla yanaşdığını, bukmeykerlərin isə onun şansı sarıdan nikbin olduğunu yazır. Bu il həm də ədəbiyyat üzrə iki Nobel təqdim olunmalıdır. Ötən il cinsi qısnama qalmaqalı üzündən ədəbiyyat Nobeli verilməmişdi.

Ladbrokes bukmeykeri 16 yaşlı fəalın Nobel Sülh Mükafatına layiq görüləcəyindən əmindir. Yeniyetmə bir il öncə cümə günləri məktəbə getməyərək təkbaşına “Gələcək üçün Cümələr” aksiyaları keçirməyə başladı. Sonradan o, milyonlarla adamın iqlim dəyişikliyinə etiraz olaraq küçələrə çıxmasına səbəb oldu.

Ədəbiyyat Nobelindən imtina oluna bilərmi

Nobellə bağlı istənilən proqnoz ətrafında böyük qeyri-müəyyənlik mövcud olur, çünki Nobel Komitəsinin nəzərdən keçirdiyi namizədlərin siyahısı ictimaiyyətə açıqlanmır.

Sülh Mükafatı oktyabrın 11-də Osloda, Ədəbiyyat Mükafatı isə bir gün öncə Stokholmda açıqlanacaq.

Cinsi qısnama iddialarından dolayı İsveç Akademiyasının 18 üzvündən 7-si istefa verib. Son 70 ildə ilk dəfə olaraq ötən il mükafatın verilməsi təxirə salınıb. Bu səbəbdən bu il iki mükafat veriləcək. Qaliblərin hər biri qızıl medal və 9 milyon kronla (830 min avro, yaxud 908 min dollar) mükafatlandırılacaq.

İsveçin “Svenska Dagbladet” qəzetinin tənqidçisi Madelaine Levy “qalib, yaxud qaliblərin ondan imtina edəcəyi” ehtimalını da dilə gətirib, yəni, onlar mükafatın imicinin ləkələndiyini düşünə bilərlər.

Mümkün nominantlar arasında polşalı yazıçı Olga Tokarczuk, Keniyadan Ngugi Wa Thiong'o, Albaniyadan Ismail Kadare, ABŞ romançısı Joyce Carol Oates və Yaponiyadan Haruki Murakami-nin adları çəkilir.

Greta-nın şansları haqda nə düşünürlər

Ötən il Nobel Sülh Mükafatı cinsi zorakılığa qarşı mübarizə aparan iki nəfərə – Konqodan zorlama qurbanlarına yardım etmiş cərrah Denis Mukwege-yə və yezidi hüquqları üzrə kampaniyaçı Nadia Murada verilmişdi.

Bu il isveçli fəal Greta Thunberg bukmeykerlərin favoritidir.

“O, son bir ildə qeyri-adi iş görüb. İqlim dəyişikliyi təhlükəsizlik və sülhə güclü şəkildə bağlı məsələdir”, – Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu olan SIPRI-nin direktoru Dan Smith deyib.

Ancaq Oslodakı Sülh Tədqiqatları İnstitutunun rəhbəri Henrik Urdal əksini düşünür. “Heç real görünmür”, – o deyir və gənc fəalın yaşını, üstəlik, iqlim dəyişikliyi ilə silahlı münaqişə aarasında əlaqənin sübut olunmadığını vurğulayır.

Nobel Sülh Mükafatına mümkün namizədlər içində Efiopiyanın Baş nazri Abiy Ahmed-in adı çəkilir, o, ölkəsinin qatı düşməni Eritrea ilə sülh əldə edib. Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi QHT-lərin də adları potensial namizədlər kimi qeyd olunur.

Norveçin Nobel Komitəsi bu il 301 nominasiya alıb, ancaq adları heç vaxt açıqlamır.

Nobel mövsümü gələn bazar ertəsi açılır. İlk olaraq tibb, daha sonra fizika və kimya üzrə mükafatlar veriləcək. Yekun olaraq oktyabrın 14-də iqtisadiyyat üzrə mükafat təqdim olunur.

XS
SM
MD
LG