Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:37

Rusiyadakı divantutma nəylə bitdi – Qərb mediası


Moskvada 10 avqust etiraz aksiyası
Moskvada 10 avqust etiraz aksiyası

Rusiyanın “Roskomnadzor” senzura agentliyi bir il yarımdır Telegram messencerini bloklamağa çalışır. Agentliyin rəhbəri Alexander Zharov bu yaxınlarda Telegram mühəndisləri ilə mübarizəsini “mərmi və zirehin savaşı”yla müqayisə edib. “Wilson” mərkəzinin portalında Nikolay Epplee bunun əsassız olmadığını yazır.

“Agentlik Teleqramın təhlükəsizlik zirehini deşəcək texnologiya ortaya qoya bilməyib. Maraqlıdır ki, bu kontekstdə dövlət agentliyi özünü hücum edən qüvvə kimi görür, müdafiə, yaxud təhlükəsizlik orqanı kimi deyil”, – yazan müəllif bunun bugünkü Rusiyada dövlət və cəmiyyətin qarşılıqlı əlaqəsi üçün xarakterik olduğunu vurğulayır. Yəni, dövlət cəmiyyətin belini zirehdeşən qorxutma kampaniyaları ilə qırmağa çalışır, cəmiyyət isə yenidən qruplaşır və daha güclü zirehlə cavab verir.

Müəllif Rusiyada seçki prosesinə nəzər salır, seçkiöncəsi prosedurlar zamanı arzuolunmaz namizədlərin ələndiyini qeyd edir. Ötən yay Moskva Dumasına seçkilərinə potensial namizədlər elektoratın azı 3 faizindən imza toplamalıydılar. 2014-cü ildə tətil mövsümündə minlərlə imza toplamaq aşılmaz baryerə çevrilmişdi. Ancaq 2019-cu ildə müxalifət namizədləri buna hazır idilər. Onlar nəinki gərəkən imzaları yığdılar, yaxşı təşkil olunmuş dəstək qrupları belə yaratdılar.

Müxalifət hər dəfə sınaqdan daha möhkəm çıxdı

Bu dəfə hakimiyyət hazırlıqsız göründü və sənədləri müxtəlif bəhanələrdə rədd elədi. Müstəqil namizədlər seçkiyə buraxılmadı. Amma bu dəfə namizədlər və onların seçki kampaniyaları etiraz hərəkatı başlatdı və bu etirazlara hər kəsin gözlədiyindən daha artıq tərəfdar yığışdı.

Qeyd edək ki, iyul-avqustda Rusiyada keçirilən etirazlarda yüzlərlə saxlanan oldu, sonradan bəziləri məhkəmə qarşısına çıxarıldı.

“Bu dəfə hakimiyyət müxalifətin səfərbərliyini yeni repressiya dalğası ilə qırmaq qərarına gəldi. Potensial etirazçıları qorxutmaqdan ötrü İstintaq Komitəsi “Moskva işi” adlı cinayət işləri açdı. Müxalifət lideri Alexei Navalny-nin Anti-Korrupsiya Fondunun Rusiyadakı ofislərində axtarış aparıldı, Navalny-nin həmkarlarının evlərinə girdilər. Etirazlarda iştirak etmiş, yaxud sadəcə yaxınlıqdan keçmiş 14 nəfərə ittihamlar irəli sürüldü, həbsə məhkum edildilər”, – müəllif yazır.

Məqalədə vurğulanır ki, hakimiyyətin etirazçılara divantutması cəmiyyəti möhkəmləndirdi, onlar polis qəddarlığı və qanunsuzluğa dövlətin rəhbərlik etdiyini aydın görürdülər. Sonucda sentyabrda müxtəlif vətəndaş cəmiyyəti və peşəkar icmaların təmsilçiləri belə “Moskva işi”nun qurbanlarını dəstəkləməyə başladı. Onların arasında hüquqşünaslar, akademiklər, Şərqi Pravoslav keşişləri, aktyorlar, kinorejissorlar, musiqiçilər, rəssamlar, incəsənət xadimləri vardı.

XS
SM
MD
LG