Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Rusiyanın Avropayla münasibətlərini donduran səbəblər


Avstriyada bir jurnalın üzündə Putin-in fotosu
Avstriyada bir jurnalın üzündə Putin-in fotosu

Fransa Prezidenti Emmanuel Macron qlobal silahlara nəzarət rejiminin dağılmasından, Rusiyanın getdikcə Çinə daha çox bağlanmasından haqlı olaraq narahatlıq keçirir. Ancaq Rusiya ilə Avropa Birliyini ayıran səbəbin fundamental dəyərlərlə bağlı olduğunu nəzərə alsaq, bu münasibətin tezliklə yaxşılaşacağını düşünmək əbəsdir. “Project Syndicate” portalında Almaniyanın keçmiş xarici işlər naziri Joschka Fischer yazır ki, Avropa Birliyi ilə Rusiyanın eyni qitədə yerləşməsinə baxmayaraq, onları elə də çox şey birləşdirmir. Faktiki olaraq, rusiyalılar ölkələrinin dünyanın harasında yerləşməsini hələ qərarlaşdırmalıdırlar. Ərazinin əsas hissəsi Asiyada olsa da, əhalisinin 70 faizindən çoxu Ural dağlarından qərbdə yaşayır.

Alternativ Avropadır, amma...

“Rusiyalılar özlərini Şərqi Asiyayla, yaxud İslamçı Cənubla əlaqələndirməkdə maraqlı deyillər, buna görə də yeganə seçimləri müstəqil davranaraq Avropaya yönlənməkdir. Ancaq müstəqil hərəkət etmək risklidir. Rusiya nüvə silahı olan ölkə olsa da, demoqrafik, iqtisadi və texnoloji baxımdan geriləyir. Ölkə hələ də enerji ixracından qazanır ki, bu da 21-ci əsrdə supergüc statusunu saxlamağa yetmir. Rusiya Çinin kiçik tərəfdaşına çevrilmək riskiylə üz-üzə qalıb”, – müəllif yazır.

“Bu zaman yeganə alternativ Avropadır. Di gəl, hər iki tərəf öz tarixlərinin əsiridirlər. Çarların və sovet hakimiyyətinin oppressiv idarəçiliyi haqda xatirələr Mərkəzi və Şərqi Avropada, özəlliklə Polşa və Baltiklərdən hələ silinməyib. Rusiya Prezidenti Vladimir Putin-in Krımı ilhaq etməsi, Ukraynanın şərqində hərbi kampaniyası regionda Rusiyaya inamsızlığı gücləndirib”, – yazan müəllif Rusiyanın Avropanın qalan hissəsi ilə münasibətini həm də özünün tarixinin formalaşdırdığını qeyd edir. “1990-cı illərdə sovetlərin çöküşündən sonra özünə gələn Rusiya Putin 2000-ci ildə hakimiyyətə keçincə 19-cu əsr yanaşmasını qəbul elədi. Bolşevik inqilabından öncəki çar dövrünü yada salan Rusiya elitası bu ölkəni Avropada böyük dövlət hesab edir, hətta Şərqi Avropaya gəlincə, hegemon sayır və bu da Rusiyanı birbaşa AB-yə qarşı qoyur”, – məqalədə vurğulanır.

Rusiya AB-ni niyə qaralayıb

AB-nin əsas məramı isə Avropanın nüfuz zonalarını aşmaqdır, yalnız bu halda 20-ci əsrin birinci yarısına xas güc çəkişmələrini, fəlakətli müharibələri önləmək olar. Rusiya isə AB-yə inteqrasiyadan ötrü sadəcə çox böyükdür.

“Bundan başqa, Rusiya, yaxud azından onun rəhbərliyi AB-nin dəyərlərini paylaşmır. AB demokratiyanı, məhkəmənin müstəqilliyini, hüququn aliliyini təbliğ etməklə yanaşı, sərhədləri güc yoluyla yenidən çəkməyi pisləyir. Coğrafi yaxınlıq Rusiya və AB-nin münasibətlərini qarşılıqlı əlverişli əsasda yoluna qoymasını tələb eləsə də, Kremlin Ukraynanın Donbass regionunda apardığı müharibə bunu mümkünsüz edir”, – müəllif yazır və Avropanın Rusiyaya iqtisadi baxımdan nəsə təklif etməsinin də Donbassda münaqişəni bitirməyi hədəfləyən Minsk protokolu gerçəkləşmədən qeyri-mümkün sayır.

“Rusiya və AB arasında əsl problem isə demokratiyayla bağlıdır. Putin və Rusiya oliqarxiyasının ən böyük qorxusu Ukraynanın 2014-cü il Maydan inqilabının Moskvadakı Qırmızı Meydanda təkrarlana biləcəyindəndir. Kreml buna görə NATO-nu deyil, AB-ni günahlandırır. Anti-NATO ritorikası sınanmış, əsl propaqandadır, rusiyalıların çoxunda Soyuq Müharibə qorxusunu işə salır. Ancaq Rusiya oliqarxiyasının gözündə əsl təhdid AB, onun demokratiyanı və hüququn aliliyini təbliğ etməsidir”, – J.Fischer yazır.

XS
SM
MD
LG