Keçid linkləri

2024, 18 İyun, çərşənbə axşamı, Bakı vaxtı 16:31

Dünya xəbərləri

Türkiyədə bomba partladılıb, 5 nəfər yaralanıb

Türkiyədə partlayış, arxiv fotosu
Türkiyədə partlayış, arxiv fotosu

Sentyabrın 25-də Türkiyənin cənubundakı Adana vilayətində yol kənarına qoyulmuş bomba partladılıb, polis avtobusunda olan beş nəfər xəsarət alıb. Məlumatı dövlət mediası yayıb.

Vilayət başçısı Mahmut Demirtas “Anadolu” xəbər agentliyinə deyib ki, partlayış ya “əldəqayırma partladıcı, ya da başqa bir bomba” ilə törədilib.

Demirtas yaralılardan birinin polis əməkdaşı olduğunu, ancaq xəsarətlərin ciddi olmadığını söyləyib.

Polisdəki mənbələr yaralıların ərazidəki xəstəxanalara aparıldığını bildirib. Polis ərazini mühasirəyə alıb, təhqiqat aparılır.

CNN Turk böyük ziyan dəymiş avtobusun, digər avtomobillərin görüntüsünü yayıb.

Hələlik, hücumunda arxasında kimin durduğu aydın deyil.

Bütün xəbərləri izləyin

Fransa Ermənistana CAESAR haubitsaları verəcək

CAESAR
CAESAR

Yerevan və Paris Fransanın CAESAR özüyeriyən artilleriya qurğusunun tədarükünə dair müqavilə imzalayıblar, - Fransanın müdafiə naziri Sebastyan Lekornyu X sosial şəbəkəsində bildirib.

"Biz Ermənistanla müdafiə əlaqələrimizi gücləndirməyə davam edirik. Həmkarım Suren Papikyanla səmimi və məhsuldar söhbətim oldu. Yeni mühüm mərhələ CAESAR toplarının alınması üçün kontraktın imzalanmasıdır", - Lekornyu vurğulayıb.

CAESAR - zirehli kabinli "Renault Sherpa 10" yük maşını şassisinə quraşdırılmış 155 mm-lik haubitsadır. Ən müasir mərmilərdən istifadə edərkən uçuş məsafəsi 55 kilometri keçə bilir. Ukraynada davam edən müharibədə fəal istifadə olunur.

16 aprel

Hindistan Ermənistana silah satmasından Azərbaycanın narazılığına cavab verib

Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür. Bunu aprelin 25-i brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval ölkəsinin Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycanın tənqidlərinə dair sualı cavablandırarkən deyib.

"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin biz Hindistanın müdafiə ixracatını təşviq etmək siyasətini də həyata keçiririk", - Caysval bildirib.

Aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda olarkən Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etməyib.

Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd "Akaş" zenit-raket kompleksi alıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.

Araşdırma: Getdikcə daha az insan xəbərlərlə maraqlanır

Xəbər reportajından kadr
Xəbər reportajından kadr

Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir, onu darıxdırıcı və ya depressiv adlandırır. Bu barədə "Reuters" Jurnalistika İnstitutunun (Reuters Institute for the Study of Journalism) qlobal araşdırmasında deyilir.

Bu ilin yanvar-fevral aylarında keçirilən sorğuda 47 ölkədən 95 minə yaxın insan iştirak edib. Məlum olub ki, hər 10 respondentdən 4-ü (39 faiz) bilərəkdən xəbərlərə baxmaqdan yayınır. 2017-ci ildə bu göstərici nəzərəçarpacaq dərəcədə aşağı idi – 29 faiz.

Hesabat müəlliflərinin fikrincə, insanların xəbər gündəmindən "ayrılmaq" istəyi Ukrayna və Yaxın Şərqdəki müharibələrdən qaynaqlana bilər.

Məlumatda bildirilir ki, xəbərlərdən qaçmaq istəyi indi rekord səviyyədədir.

Xəbərləri çox yaxından izlədiklərini deyən respondentlərin payı ümumilikdə dünyada 2017-ci ildəki 63 faizdən 46 faizə enib.

Böyük Britaniyada xəbərlərə maraq 2015-ci ildən bəri, demək olar ki, iki dəfə azalıb.

Tədqiqat müəllifləri qeyd edirlər ki, videoformat internetdə getdikcə daha vacib xəbər mənbəyinə çevrilir, xüsusən də gənclər arasında.

Hesabata görə, qısa xəbər videoları ən cəlbedicidir ki, TikTok da buna üstünlük verir

NATO nüvə silahını hazır vəziyyətə gətirmək istəyir

"Minuteman" qitələrarası ballistik raketi buraxılış mədənində
"Minuteman" qitələrarası ballistik raketi buraxılış mədənində

Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələr Rusiya, Çin və Şimali Koreyadan gələn təhdidlərə görə nüvə silahlarının hazır vəziyyətə gətirilməsinə dair məsləhətləşmələrə başlayıb.

Bu barədə "The Telegraph"a müsahibəsində NATO baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, hazırda NATO-ya üzv ölkələr çox sayda nüvə başlıqlarının yerləşdirilməsi ilə bağlı danışıqlar aparırlar. Onun vurğulamasına görə, raketlərin anbarlardan çıxarılması və gözləmə rejiminə keçirilməsi müzakirə edilir: "Əlbəttə, NATO-nun məqsədi nüvə silahı olmayan bir dünyadır, amma bu silah var olduqca, biz nüvə ittifaqı olaraq qalacağıq. Çünki Rusiya, Çin və Şimali Koreyanın nüvə silahına malik olduğu, NATO-nun isə olmadığı bir dünya daha təhlükəlidir".

NATO-nun baş katibi həmçinin bildirib ki, Çin müasir silahlara, o cümlədən 2030-cu ilə qədər min döyüş başlığına qədər yüksələcək nüvə arsenalına böyük sərmayələr yatırır.

"Bu o deməkdir ki, yaxın gələcəkdə NATO iki potensial nüvə düşməni – Çin və Rusiya ilə üzləşə bilər. Əlbəttə, bunun nəticələri olacaq", - Stoltenberq bildirib.

İyunun 17-də Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dünyada nüvə silahlarına dair hesabatı açıqlanıb. Hesabat 2024-cü ilin əvvəlində doqquz dövlətin (ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan, İsrail və Şimali Koreya) ümumilikdə 12 min 121 nüvə başlığına malik olduğunu göstərir. Onlardan 9 min yarımdan çoxu potensial istifadəyə yararlı sayılır. Təxminən 2 min 100-ü isə ballistik raketlərdə yüksək döyüş hazırlığı vəziyyətindədir. Onların az qala hamısının Rusiya və ABŞ-a məxsus olduğu bildirilir.

Hesabatda vurğulanır ki, ötən il yüksək döyüş hazırlığında olan bir neçə nüvə başlığı ilk dəfə Çində də görünüb.

Mütəxəssislərin fikrincə, Soyuq müharibədən bəri nüvə silahları indiki kimi heç vaxt belə nəzərəçarpacaq rol oynamayıb.

2024-cü ilin mayında Rusiya qeyri-strateji nüvə qüvvələrinin Belarusla birgə təlimlərinin keçirildiyini elan edib, iyunda onun ikinci mərhələsi başlayıb. O zaman Kreml bəyan edirdi ki, təlimlər NATO-ya üzv dövlətlərin nümayəndələrinin Qərb ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyü ilə bağlı son bəyanatlarına cavabdır.

Vladimir Putin Sankt-Peterburq İqtisadi Forumu çərçivəsində Rusiyanın nüvə doktrinasının dəyişdirilməsini istisna etməyib. Putin "nüvə silahı ilə oynamaq" fikrində olmadığını söyləyib, lakin sonra qeyd edib ki, Avropa bu məsələdə "az-çox müdafiəsizdir". Lakin daha sonra əlavə edib ki, işin nüvə zərbələri həddinə gəlib çatacağını düşünmür.

İsveçrə sülh sənədini 78 ölkə dəstəkləyib

Sammit iştirakçıları
Sammit iştirakçıları

İyunun 15-i və 16-sı İsveçrədə gerçəkləşən Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 78 iştirakçı ölkə dəstəkləyib.

Sənəd konfransda müzakirə edilən üç əsas mövzuya - humanitar məsələlər, nüvə və ərzaq təhlükəsizliyinə həsr olunub.

Sammitdə 90-dan çox ölkə iştirak edib, lakin bəziləri yekun sənədə qoşulmayıb. Onların arasında Səudiyyə Ərəbistanı, Hindistan, Tailand, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika Respublikası kimi "Qlobal Cənub" adlanan ölkələr var. Ermənistan, eləcə də müşahidəçi qismində iştirak edən Braziliya və Vatikan sənədi dəstəkləməkdən çəkinib.

Sənəd Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını birbaşa tələb etmir. Lakin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində istənilən dövlətin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyindən bəhs olunur. Sammit iştirakçıları Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının Rusiyanın təcavüzünü pisləyən qətnamələrini xatırladırlar. Mətndə BMT Nizamnaməsinə və onun əsas prinsiplərinə bir neçə istinad var. Onların Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün əsas ola biləcəyi bildirilir.

Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının (AES) rəsmi Kiyevin nəzarətinə qaytarılması, məhbusların "hamının hamıya" sxeminə uyğun dəyişdirilməsi, Rusiyaya aparılan uşaqların və qanunsuz olaraq çıxarılan bütün insanların Ukraynaya dönməsinin zəruriliyi vurğulanır. Bundan əlavə, Qara və Azov dənizlərində ticarət gəmiçiliyinin təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyindən, ərzaq təhlükəsizliyindən hərbi məqsədlər üçün istifadə edilməməsindən danışılır. Həmçinin bildirilir ki, Ukraynadakı müharibə kontekstində nüvə silahından istifadə ilə bağlı təhdidlər qəbuledilməzdir.

İsveçrədə Ukrayna ilə bağlı iki günlük sammitdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edib. Rusiya bu danışıqlara dəvət olunmayıb. Moskva onun iştirakı olmadan tədbirin heç bir mənası olmayacağını, İsveçrəni neytral ölkə saymadığı üçün dəvət alsa belə, oradakı bu prosesə qatılmayacağını bəyan edib. Moskva ilə yaxın münasibətdə olan bir sıra dövlətlər, o cümlədən Çin, Misir, Pakistan, Orta Asiya, habelə Afrika və Asiyanın bir çox ölkələri iştirakdan imtina ediblər. Azərbaycan da rəsmi dəvətə baxmayaraq, ora getməyib.

Konfrans başlamazdan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın ərazisinin bir hissəsindən imtina etməsini nəzərdə tutan sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürüb. Kiyevdə və Qərbdə onları sülh təklifi deyil, kapitulyasiya tələbi adlandırıblar.

update

Putin Ukraynada müharibənin dayandırılması üçün şərtlərini açıqlayıb

Vladimir Putin
Vladimir Putin

Ukrayna qoşunları bu ölkənin Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır.

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə atəşkəs və danışıqlar üçün belə bir təklif ilə çıxış edib.

"Kiyevdə belə bir qərara hazır olduqlarını, qoşunlarını bu bölgələrdən real şəkildə çıxarmağa başladıqlarını, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiklərini rəsmi bildirdikləri anda dərhal atəşin dayandırılması və danışıqlara başlamaq əmri veriləcək", - Putin Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə deyib.

O, sülh müqaviləsinin şərtləri kimi Krım da əlavə olunmaqla həmin dörd bölgəni Rusiyanın ilhaq etməsinin beynəlxalq səviyyədə tanınmasını, Ukraynanın neytral və nüvəsiz status almasını irəli sürüb. Sülh yolu ilə həll prosesində Qərb ölkələri, Rusiya prezidentinin fikrincə, Moskvaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etməlidir.

Onun sözlərinə görə, bu, münaqişənin dondurulması deyil, onun yekunlaşması ilə bağlı təkliflərdir.

Putinin bəyanatları Cenevrədə 80-ə yaxın ölkənin qatılacağı sülh sammiti ərəfəsində səslənib.

+++

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Rusiya dövlət başçısı Vladimir Putinin açıqladığı şərtləri rədd edib.

Podolyak deyib ki, Putinin səsləndirdiyi müddəalarda həqiqi dinc təkliflər, müharibəni bitirmək istəyi yoxdur, "ancaq müharibənin bədəlini ödəməmək və yeni formatlarda davam etdirmək istəyi var".

'Politico' Belarusun Azərbaycana silah tədarükündən bəhs edir

Aleksandr Lukaşenko və İlham Əliyev
Aleksandr Lukaşenko və İlham Əliyev

Bakı Yerevanla müharibədə eskalasiyadan əvvəl Minskdən dronlar, artilleriya və radio-elektron mübarizə (REM) üçün yeni avadanlıqlar alıb.

"Politico" bunun məxfi sənədlərdə aşkar olunduğunu bildirir. Belarus və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxildir.

"Politico" ondan çox məxfi məktub, diplomatik notlar, veksellər və ixrac pasportlarına istinadla yazır ki, Belarus Azərbaycana qabaqcıl silahlar verib.

Nəşrin məlumatına görə, 2018-ci ildən 2022-ci ilə qədər Minskdən Azərbaycan ordusuna yardım göstərilib. Xidmətlərə köhnə artilleriya avadanlıqlarının modernləşdirilməsi, REM və pilotsuz sistemlər üçün istifadə olunan yeni texnikanın tədarükünün daxil edildiyi bildirilir.

Araşdırılan sənədlər arasında Belarus Dövlət Silah İxracı Agentliyinin öz hərbi-sənaye firmalarına Bakı üçün müasir artilleriya avadanlıqlarının sifarişi ilə bağlı məktubları, habelə iki dövlət arasında Azərbaycan ordusuna "Qroza-S" pilotsuz uçuş aparatları ilə mübarizə stansiyalarının alınması ilə bağlı yazışmalar daxildir.

"Politico"nun əldə etdiyi sənədlərdən birində bildirilir ki, Belarus müəssisələri "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin geri qaytarılmasında", həmçinin, Belarus mal və xidmətlərinin bu ölkəyə ixracında fəal rol oynayır.

Məqalədə bildirilir ki, kağız üzərində Aleksandr Lukaşenko Ermənistanın müttəfiqi olsa da, o, əvvəllər Azərbaycan prezidenti İlham Əliyevi "bizim adamımız" adlandırıb və KTMT-nin ona qarşı çıxmasının "səhv" olacağını deyib.

Əliyev isə, öz növbəsində, 2022-ci ildə bəyan edib ki, "KTMT-də dostumuz Ermənistanınkından daha çoxdur ".

Ekspertlərin fikrincə, Moskvanın ən yaxın müttəfiqlərindən biri olan Belarus Kremlin üstüörtülü dəstəyi olmadan hərəkət edə bilməzdi.

13 iyun

Kreml Ermənistanın KTMT-də qalacağına ümid edir

Rusiya Ermənistanın hələ də onun müttəfiqi olaraq qalacağına ümid edir.

Bunu iyunun 13-də Kremlin sözçüsü Dmitri Peskov Ermənistan baş naziri Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərinə dair bugünlərdə verdiyi bəyanatları şərh edərkən deyib: "Biz erməni dostlarımızla işləməkdə davam edəcəyik. Biz mövqeyimizə aydınlıq gətirəcəyik. Əlbəttə, ümid edirik ki, bütün hallarda partnyorluq və müttəfiqliyimizə sadiq qalacağıq".

Paşinyanın KTMT bəyanatlarına Rusiya XİN də münasibət bildirib. Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova Yerevanı KTMT üzvlüyü ilə bağlı "sonsuz" deyinməni dayandırmağa çağırıb: "Biz milyon dəfə demişik ki, KTMT hər bir kəsin könüllü qoşulduğu strukturdur. Burada iştirakçı ölkələrə təzyiq göstərilməsi üçün komanda və ya inzibati sistem yoxdur. Burada qarşılıqlı hörmətli dialoq var. Burda heç kim heç kimi güclə tutub saxlamayıb".

***

Ermənistanın Belarusdakı, Belarusun Ermənistandakı səfirləri məsləhətləşmələr üçün geri çağırılıb.

Aleksandr Lukaşenko və Nikol Paşinyan
Aleksandr Lukaşenko və Nikol Paşinyan

Paşinyan bir daha Belarusa getməyəcəyini bildirib

Ermənistan baş naziri Nikol Paşinyan bir daha Belarusa səfər etməyəcəyini bildirib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə mürəkkəb münasibətlərindən danışan bu ölkənin baş naziri Belarus prezidentinin məlum qalmaqallı bəyanatını xatırladıb.

"KTMT ölkələrinin liderlərindən biri müharibənin hazırlanmasında iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Bundan sonra mən Belarus rəhbəri ilə KTMT formatında nəyisə müzakirə etməyə gedəcəm?", - deyən Paşinyan, bununla belə, Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində təmasları istisna etməyib.

"Bundan sonra bir daha Belarusa getməyəcəm. Nə qədər ki, Belarusda prezident Aleksandr Lukaşenkodur. Ümumiyyətlə, bəyan edirəm ki, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa getməyəcək", - Paşinyan vurğulayıb.

O bildirib ki, KTMT çərçivəsində münasibətlərdə "məsələn, Belarus özü KTMT-dən çıxmaq qərarına gələrsə və ya Lukaşenko erməni xalqı üçün məqbul qaydada üzrxahlıq etsə, nəzəri olaraq dəyişiklikləri istisna etmək olmaz".

Paşinyanın KTMT ilə bağlı sözlərinin səhv anlaşıldığı bildirilir

Ermənistan baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı sözləri səhv anlaşılıb. Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Əgər kimsə iddia edirsə ki, baş nazir Ermənistanın KTMT-dən çıxdığını deyib, o yanılır", - Mirzoyan Milli Assambleyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Paşinyan bildirib ki, Yerevan təşkilatdan nə vaxt çıxacağına qərar verəcək və sonra geri qayıtmayacaq: "Bu deyilib, nə az, nə çox".

Söhbət Paşinyanın iyunun 12-də parlamentdə hökumət saatı zamanı KTMT ilə bağlı dediyi sözlərdən gedir. "Çıxacağıq. Nə vaxt çıxacağımıza qərar verəcəyik. Bəs sizcə, növbəti addım nə olmalıdır?", - baş nazir bildirib.

O, KTMT-ni "köpük ittifaqı" adlandırıb. Deyib ki, onun üzvləri Azərbaycanla birlikdə Ermənistana qarşı müharibə planlaşdırıb.

Paşinyan onu da əlavə edib ki, Yerevan təşkilatdan çıxanda geri qayıtmayacaq: "Başqa yol yoxdur".

5 iyun

Yerevan Moskva ilə təmaslardan qaçır

"Ermənistan xarici işlər və müdafiə nazirlikləri xətti ilə Rusiya ilə təmaslara maraq göstərmir. Bu da Qərbin təzyiqinin nəticəsidir". Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"2023-cü ilin noyabrından bəri xarici işlər nazirlərinin görüşü olmayıb. Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr üçün başqa planın işlənib hazırlanması və yekunlaşdırılması təklifimizə tərəfdaşlar maraq göstərmədilər. Müdafiə nazirlikləri arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da geriləyib. Biz bunu Yerevanı ölkəmiz ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan qərbçilərin təzyiqinin nəticəsi kimi görürük", - nazir müavini qeyd edib.

Bununla belə, o, ümidvar olduğunu bildirib ki, Ermənistan hakimiyyəti problemli məqamların aradan qaldırılması istiqamətində işləmək barədə açıq səsləndirdiyi niyyətini əməldə sübut edəcək: "Biz buna hazırıq".

Eyni zamanda, M.Qaluzin Moskva ilə Yerevan arasında ikitərəfli təmasların kəsilmədiyinə işarə edib: "Bu yaxınlarda, mayın 8-də Ali Avrasiya İqtisadi Şurasının növbəti iclası çərçivəsində Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında ətraflı söhbət olub. Rusiya hökumətinin sədri Mixail Mişustin fevralda erməni həmkarı ilə görüşüb".

Paşinyan: 'Ən azı iki KTMT ölkəsi bizə qarşı müharibədə iştirak edib'

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə deyib: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini deyib: "2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi. 9 noyabr 2020-ci il və sonrasında bu gözlənti özünü doğrultmadı".

Paşinyan 2021-ci ilin mayında, 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında oxşar cəhdlərin edildiyini, lakin uğursuz nəticələndiyini vurğulayıb. "2024-cü il mayın 9-da bir daha cəhd etdilər, amma yenə alınmadı və alınmayacaq", - o sözlərinə əlavə edib.

Bundan əvvəl Paşinyan bildirmişdi ki, KTMT-ə etibar etmək olmaz. (Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir) Onun iddiasına görə, KTMT 2021 və 2022-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərini pozması zamanı cavab mexanizmlərindən istifadə etməyib. Təşkilatdan o zaman sərhədlərin delimitasiya edilməməsi ilə bağlı bəyanat səslənmişdi.

Azərbaycan rəsmiləri isə Ermənistan sərhədlərinin pozulmasını təsdiq etməmişdi.

+++

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi son bəyanatında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hansı üzvlərini nəzərdə tutduğuna aydınlıq gətirməyə çağırıb: "Düzünü desəm, mənim üçün Ermənistan Baş nazirinin hansı ölkələrdən danışması maraqlıdır. Bunu biz özümüz təxmin etməliyik, yoxsa sonradan o, hansı ölkələri nəzərdə tutduğunu özü deyəcək? Düşünürəm ki, söhbət belə ciddi bəyanatlardan gedəndə həmin ölkələrin buna münasibət bildirməsi məntiqli olardı".

Zaxarovanın sözlərinə görə, Rusiya Ermənistanın özünü "atılmış və tərk edilmiş" kimi hiss etməməsi üçün mümkün olanı edib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

Avropa İttifaqı Çindən gələn elektromobillərə rüsumu artırır

Çin elektrik avtomobili
Çin elektrik avtomobili

Avropa Komissiyası (AK) çərşənbə günü, iyunun 12-də Çin istehsalı olan elektrik avtomobillərinə 38.1 faizə qədər rüsumlar tətbiq etdiyini açıqlayıb. Qərar iyulun 4-dən qüvvəyə minməlidir. Pekin isə qarşı tərəfi Avropa mallarının bir neçə kateqoriyası ilə bağlı cavab tədbirləri ilə hədələyib.

Avropa Komissiyası Çində elektrik avtomobillərinin istehsalı ilə bağlı aylardır davam edən araşdırmadan sonra rüsumları kəskin şəkildə artırmaq qərarına gəlib (hazırda 10 faizdir). Audit göstərib ki, istehsalçılar Avropa İttifaqına (Aİ) ucuz qiymətlərlə elektriklə işləyən avtomobillər tədarük etməyə imkan verən geniş dövlət subsidiyaları alırlar. Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinasın sözlərinə görə, belə dempinq Avropanın elektromobil istehsalçıları üçün təhlükə yaradır.

AK-nın yeni qərarına əsasən, araşdırmaçılara məlumat verən istehsalçı şirkətlərin elektrik maşınlarına Avropada 21, məlumat verməyənlərə isə 38.1 faiz rüsum tətbiq olunacaq. Bu, təkcə Çin şirkətlərinə deyil, Çin zavodlarında avtomobil istehsal edən xarici şirkətlərə də aiddir.

Çin Ticarət Palatası Avropa Komissiyasının qərarı ilə razılaşmadığını bildirib. O, hökumət subsidiyaları ilə bağlı araşdırmanı "cadugər ovu" adlandırıb. Bundan əvvəl Çin Ticarət Nazirliyi Brüsselə xəbərdarlıq etmişdi ki, Avropadan təyyarələrin və kənd təsərrüfatı məhsullarının Çinə idxalı ilə bağlı məhdudlaşdırıcı tədbirlər onun qeyri-dost addımlarına cavab ola bilər. Çin həmçinin, Fransanın şərab sənayesini, yəni konyak istehsalçılarını yoxlamağa başlayıb. Çin fransız konyakının ABŞ-dən sonra ikinci ən böyük idxalçısıdır.

Malavinin vitse-prezidentinin təyyarəsinin qalıqları meşədə tapıldı

Saulos Çilima
Saulos Çilima

Malavinin vitse-prezidenti Saulos Çilima və daha doqquz nəfərin uçduğu təyyarənin qalıqları meşədə tapılıb. Sağ qalan yoxdur.

Bu barədə Malavi prezidenti Lazarus Çakvera televiziya ilə xalqa müraciətində bildirib .

Radarlardan itib

Malavinin vitse-prezidenti Saulos Çilima və daha doqquz nəfəri daşıyan təyyarə radar ekranlarından itib. Bu barədə Malavi prezidentinin ofisi məlumat yayıb.

Malavi ordusuna məxsus təyyarə dünən səhər paytaxt Lilonqve hava limanından uçduqdan sonra yoxa çıxıb.

Aviasiya rəsmilərinin təyyarə ilə əlaqə yarada bilməməsindən sonra prezident axtarış-xilasetmə əməliyyatına göstəriş verib.

Təyyarə yerli vaxtla səhər saat 10:00 radələrində ölkənin şimalındakı Mzuzu beynəlxalq hava limanına enməli idi.

Hadisədən xəbər tutan Malavi prezidenti Lazarus Çakvera Baham adalarına uçuşunu ləğv edib.

Yerevanda yenidən sinaqoqa hücum olub

Yerevanda sinaqoqa hücumun nəticələri
Yerevanda sinaqoqa hücumun nəticələri

Yerevanda naməlum şəxslərin iyunun 11-nə keçən gecə sinaqoqa hücum etdikləri bildirilir.

Bu barədə Ermənistanın yəhudi icmasının nümayəndələri məlumat veriblər. Teleqram kanallarında yayımlanan fotoşəkillərdə daşla qırılan bir pəncərə və şüşə parçaları görünür.

Dini mərkəzə qəsdən ziyan vurmaqla hücum faktı ilə bağlı cinayət işi açılıb.

Ermənistan paytaxtında yeganə sinaqoqa edilən bu hücum ötən ilin oktyabrından bəri dördüncü belə hadisədir.

İsrail mediası bütün bunlara görə hakimiyyətin reaksiyasının olmamasından narahatdır. Həmin media orqanlarında ravvinlər və israillilərin sosial şəbəkələrdə təhdid olunması halları xatırladılır. Qeyd edilir ki, binaya od vurmağa çalışan canilər hələ də tapılmayıb.

Ermənistan rəsmiləri isə bildirib ki, söhbət turistdən - Rusiya vətəndaşından gedir, lakin bu barədə heç bir məlumat dərc etməyib.

Dünyada antisemit əhval-ruhiyyənin artması ötən ilin oktyabrından müşahidə edilir. O zaman İsrail ordusu İsrailin cənubuna hücuma cavab olaraq Qəzza zolağında ABŞ və Avropa İttifaqında terrorçu kimi tanınan HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyata başlayıb.

Min 200-dən çox insan HƏMAS-ın hücumunun qurbanı olub, 250-dən çox insan girov götürülərək Qəzzaya aparılıb. İsrail həbsxanalarından fələstinli məhbuslar ilə mübadilə çərçivəsində onlarla girov azad edilib.

Dünyanın bir çox ölkəsi İsrail hökumətini Qəzza əhalisinə qarşı qəddarlıqda günahlandırır. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zamanı əksəriyyəti mülki şəxslər olmaqla 37 minə yaxın insan həlak olub.

İsrail ordusu HƏMAS-ı sakinlərdən canlı qalxan kimi istifadə etməkdə günahlandırır.

update

Yerevanda etirazçılar parlamentin qarşısında çadırlar qurublar

"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları Baqramyan prospektini bağlı saxlamaqda davam edirlər
"Vətən uğrunda Tavuş" hərəkatının iştirakçıları Baqramyan prospektini bağlı saxlamaqda davam edirlər

Ermənistan Milli Assambleyasının Şurası parlamentin iki müxalif fraksiyasının vəsatətini rədd edib.

"Ermənistan" və "Şərəfim var" fraksiyaları bu gün, iyunun 10-da Şuraya hökumətin istefası tələbi ilə növbədənkənar iclasın çağırılması ilə bağlı təklif təqdim etmişdilər.

Milli Assambleyanın spikeri Alan Simonyan bunda məna görmədiklərini bildirmişdi. Onun sözlərinə görə, xalq hökumət və baş nazirə etimad göstərir.

+++

İyunun 9-da Ermənistanda hökumət əleyhinə genişmiqyaslı mitinqin keçirildiyi paytaxt Yerevanda "Vətən uğrunda Tavuş" hərəkatının tərəfdarları parlament binası qarşısında çadırlar quraraq orada gecələyiblər.

İyunun 10-na keçən gecə hərəkatın lideri arxiyepiskop Baqrat Qalstanyanın başçılığı ilə yürüş iştirakçıları parlament binasını mühasirəyə alıblar. Etirazçılar və giriş-çıxışları bağlayan polislər arasında lokal toqquşmalar olub.

Daha sonra aksiya iştirakçılarının bir hissəsi hökumət daçaları kompleksinə gedib, burada onları da polislər qarşılayıb. Səhər saatlarında hər iki etirazçı qrup parlament binası qarşısında birləşib. Orada çadırlar qurulub.

Hərəkatın başçısı, Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan vətəndaşları hakimiyyətə "öz iradələrini qəbul etdirmək üçün" iyunun 10-da itaətsizlik aksiyasına başlamağa çağırıb: "Dörd gün, 96 saat fasiləsiz, istirahət etmədən, işə getmədən küçədə qalsaq və iradəmizi ortaya qoysaq, məsələni həll edə bilərik".

Ermənistanda Nikol Paşinyan hökumətinin istefası tələbi ilə nümayişlər bir neçə həftə əvvəl, Yerevan və Bakı bu ölkənin Tavuş bölgəsində sərhədin müəyyən edilməsi ilə bağlı razılığa gəldikdən sonra başlayıb.

İranda prezident seçkilərinə altı namizəd buraxılıb

İranda prezidentliyə namizədlər
İranda prezidentliyə namizədlər

İran Konstitusiyasının Keşikçilər Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində iştirak etmək üçün altı namizədi təsdiqləyib. Şura namizədliyini irəli sürənlərin əksəriyyətini qeydə almaqdan imtina edib. O cümlədən keçmiş prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş sədri Əli Laricani namizədlər siyahısına düşməyiblər.

İranın əvvəlki prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması səbəbindən seçkilər vaxtından əvvəl keçirilir.

Seçkilərə buraxılan namizədlər arasında nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik etmiş Səid Cəlili də var. O, İranın ali dini lideri Ayətullah Xameneiyə yaxın ultra-mühafizəkar kimi tanınır. Seçkilərin favoriti sayıla biləcək daha iki mühafizəkar - vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin hazırkı sədri Məhəmməd Bağer Qalibafdır.

Deputat Məsud Pezeşkian islahatçılara aid edilən yeganə namizəddir. Keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi və Tehran meri Əlirza Zəkani də seçkilərdə iştirak edəcəklər.

Konstitusiya Keşikçiləri Şurası altı hüquqşünas və altı ruhanidən ibarətdir, ali rəhbərin iradəsinin icraçısı hesab olunur.

İranın dövlət başçısı ali rəhbər Seyid Əli Xameneidir. Prezident xüsusilə xarici siyasət sahəsində çox məhdud səlahiyyətlərə malik icra hakimiyyəti başçısıdır.

Makron parlamenti buraxır

Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edir
Fransa Prezidenti Emmanuel Makron xalqa müraciət edir

Fransa prezidenti Emmanuel Makron ölkə parlamentinin aşağı palatası - Milli Assambleyanı buraxıb. O, Fransada "Milli Birlik"dən olan sağçı populistlərin inamlı qələbə qazandığı Avropa Parlamentinə seçkilərin ilkin nəticələrinə belə reaksiya verib.

Parlament seçkilərinin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.

29 yaşlı Jordan Bardellanın rəhbərlik etdiyi Marin Le Pen tərəfdarları partiyası, ekzitpollara görə, Avropa Parlamentinə seçkilərdə Makron tərəfdarlarını iki dəfədən çox qabaqlayıb. Bardella bundan əvvəl Makronu Milli Assambleyanı buraxmağa və yeni seçkilər təyin etməyə çağırmışdı. Üçüncü yerdə sosialist koalisiyasıdır. İfrat sağçı "Rekonkista" partiyası da uğur qazanıb.

Makron çıxışında sağçıların uğuruna heç nə olmamış kimi reaksiya verə bilməyəcəyini bildirib. "Səsvermə ilə sizə yenidən seçim etmək imkanı vermək qərarına gəldim", - prezident bildirib. Onun sözlərinə görə, "millətçilərin və demaqoqların yüksəlişi millətimiz, Avropamız, Fransanın Avropa və dünyada tutduğu yer üçün təhlükə yaradır". "Demokratiyamıza əminəm: qoy suveren xalq öz sözünü desin", - o əlavə edib.

Parlamentin hazırkı çağırışında Makron tərəfdarları çoxluğa malik deyillər, lakin sağ və sol mərkəzçilərin bir hissəsinin dəstəyi sayəsində hökumət qura biliblər. "Milli Birlik" ən böyük müxalifət fraksiyasıdır. Beşinci Respublika tarixində elə hallar olub ki, parlament seçkilərinin nəticələrinə görə prezident öz siyasi rəqibini baş nazir təyin etməli olub. O cümlədən Fransua Mitteranın dövründə hökumətə bir müddət Jak Şirak rəhbərlik edib.

Bütövlükdə Avropa Parlamentinə seçkilərdə sağ mərkəzçi Avropa Xalq Partiyası liderlik edir. Makron tərəfdarlarının daxil olduğu "Avropanın Yenilənməsi" partiyası, görünür, Avropa Parlamentində bir neçə yer itirəcək, ifrat sağçılar isə, əksinə, güclənəcək.

Rusiya gəmiləri Kubaya yan alır

"Admiral Qorşkov" freqatından "Tsirkon" hipersəs raketinin buraxılması
"Admiral Qorşkov" freqatından "Tsirkon" hipersəs raketinin buraxılması

Kuba hakimiyyəti gələn həftə "Kazan" nüvə sualtı qayığı və "Admiral Qorşkov" raket freqatı da daxil, dörd Rusiya gəmisinin Havanaya gələcəyini elan edib. Eyni zamanda, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin nüvə silahı daşımadığı və bölgə üçün təhlükə yaratmadığı vurğulanıb.

Bu barədə "Reuters" xəbər verir.

"Səfər Kuba ilə Rusiya arasında tarixən formalaşmış dostluq münasibətlərinə uyğundur", - Kuba Xarici İşlər Nazirliyinin iyunun 6-da yaydığı bəyanatda bildirilir.

İyunun 5-də ABŞ administrasiyasındakı mənbə də Rusiyanın Karib hövzəsinə, o cümlədən Venesuela və Kubadakı müttəfiqlərə dəniz təlimləri keçirmək üçün hərbi gəmilər göndərmək planlarından bəhs etmişdi.

Vaşinqton və Moskva arasındakı gərginlik Rusiya ordusunun 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı təcavüzündən sonra kəskin şəkildə artıb. Vaşinqtonda Birləşmiş Ştatların Ukraynaya dəstəyi səbəbindən Atlantika okeanında Rusiya donanmasının fəallığının artmasına diqqət çəkirlər.

ABŞ-da az sayda təyyarə və gəminin gözlənilən gəlişini təhlükə hesab etmədiklərini, lakin Hərbi Dəniz Qüvvələrinin təlimləri izləmək niyyətində olduğunu vurğulayıblar.

Kuba rəhbərliyinin məlumatına görə, Rusiya gəmilərinin Havanaya iyunun 12-dən 17-dək çatması gözlənilir.

"Soyuq müharibə" dövründə Kubada, ABŞ sahillərinin yaxınlığında həm adi, həm də atom silahları ilə təchiz edilən Sovet bölmələrinin yerləşdirilməsi 1962-ci ildə Karib böhranına səbəb olmuşdu. Bu, qlobal nüvə müharibəsinə gətirib çıxara bilərdi. Lakin sonradan SSRİ-nin nüvə başlıqlarını geri çəkməsi ilə böhran aradan qalxmışdı.

Putin Qərbi düşmənlərinə raketlər göndərməklə hədələyir

Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinin dərinliklərinə endirilən raket zərbələrinə "asimmetrik cavab"dan bəhs edib. O deyib ki, Moskva Qərb düşmənlərinə uzaqmənzilli silahlar verməyə başlaya bilər.

Xarici agentliklərin redaktorlarına müsahibəsində Putin vurğulayıb ki, yüksək dəqiqlikli Qərb raketləri ilə hədəflərin seçilib vurulması Qərb hərbçilərinin iştirakı olmadan mümkün deyil.

"Əgər kimsə ərazimizə zərbə endirmək, bizə problem yaratmaq üçün döyüş zonasına bu cür silahlar göndərməyi mümkün sayırsa, niyə Rusiyaya qarşı bunu edən ölkələrin həssas obyektlərinə zərbələr endiriləcək bölgələrə eyni sinifdən olan silahlarımızı çatdırmayaq", - Putin sual edib.

Putin Rusiya raketlərinin kimə verilə biləcəyini açıqlamayıb. ABŞ hərbi bazalarına İranın dəstəklədiyi hərbiləşdirilmiş qruplar bir neçə dəfə hücum edib. Habelə Qərb ticarət gəmilərini Yəməndə husilərin silahlı birləşmələri tez-tez hədəf seçir. Hücumlarda daha çox İran raketləri və dronlarından istifadə olunur. Moskvanın özü bu silahları Tehrandan almaqda maraqlıdır.

Bundan əlavə, Moskvaya dost olan Şimali Koreya Cənubi Koreya və Yaponiyaya doğru raketlər buraxıb. Qərb kəşfiyyatının məlumatına görə, Rusiya da Pxenyandan raket sistemləri alıb. İyunun 5-də verdiyi müsahibədə Putin əlavə edib ki, Rusiya Cənubi Koreyanın Ukraynaya birbaşa silah tədarük etməməsini yüksək qiymətləndirir.

Putin dünyanı nüvə silahı ilə təhdid etmədiyini bildirib. Amma Rusiyanın taktiki nüvə silahlarının 70-75 kiloton gücə sahib olduğunu vurğulayıb: "Gəlin nəinki istifadə, hətta istifadə təhlükəsi həddinə çatdırmayaq. Nədənsə Qərbdə düşünürlər ki, Rusiya bundan heç vaxt istifadə etməyəcək".

NATO ilə mümkün hərbi münaqişəni şərh edən Putin Rusiyanın hücumunu qeyri-mümkün hesab etdiyini açıqlayıb: "Uydurublar ki, Rusiya NATO-ya hücum etmək istəyir. Tamamilə dəli olmusunuz? Bu masa kimi axmaqsız?", - o, masanı döyərək soruşub: "Bu cəfəngiyatdır, sayıqlamadır... bürqerlər üçün lərzədardır".

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.

Putin gülləkeçirməz jilet geyinməyə başlayıb

Prezident Vladimir Putin Nijni-Taqildə yerli sakinlər ilə görüşür.
Prezident Vladimir Putin Nijni-Taqildə yerli sakinlər ilə görüşür.

Rusiya prezidenti Vladimir Putin açıq havada keçirilən tədbirlərdə üst paltarının altından gülləkeçirməz jilet geyinməyə başlayıb. Ona bunu israrla mühafizə xidməti tövsiyə edib. Bu barədə "The Moscow Times" qəzetinin materialında bildirilir.

Nəşrin bu cür tədbirlərdə prezidenti yaxından görən həmsöhbətləri onun ən azı 2023-cü ildən gülləkeçirməz jilet geyindiyini iddia edirlər. Bir təhlükəsizlik eksperti Moskvada 9 May Qələbə paradından Putinin videogörüntülərini araşdırıb və paltosunun altında gülləkeçirməz jilet olduğunu təsdiqləyib.

Yazıda Federal Təhlükəsizlik Xidmətinin (FTX) həyata keçirdiyi digər təhlükəsizlik tədbirlərindən də bəhs edilir. Bildirilir ki, şəxsi aşpazları Putin ilə uçur, ancaq xüsusi bir işçi qrupu bütün yeməkləri o, yeməzdən əvvəl yoxlayır. Putinin ətrafındakı mühafizəçilər diplomat çanta kimi maskalanmış qatlanan zirehli qalxanlara sahibdirlər.

Nəşr habelə iddia edir ki, prezidentin təhlükəsizlik xidməti Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin 2022-ci ildə qətli və Slovakiyanın baş naziri Robert Fitsoya bu yaxınlarda sui-qəsd daxil olmaqla, dünyada siyasətçilərə silsilə hücumlardan narahatdır.

2022-ci ildə "Match" nəşri Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyinə və sağlamlığına necə nəzarət olunduğuna dair araşdırma dərc edib. Nəşrin məlumatına görə, Putinin xaricə səfərləri zamanı onun sidiyi və nəcisini FTX əməkdaşları yığır, onlar xüsusi hazırlanmış torbalara qoyulur və xüsusi çamadanda Rusiyaya çatdırılır.

Gürcüstanda hakim partiya LGBT-yə qarşı…

Tbilisidə LGBT-prayd
Tbilisidə LGBT-prayd

Gürcüstan qanunverici orqanının yaz sessiyasının sonuna kimi hakim "Gürcü Arzusu" Partiyasından olan parlament çoxluğu "yetkinlik yaşına çatmayanlar arasında LGBT təbliğatına qarşı və ailə dəyərlərinin qorunması üçün" adı altında 19 qanun qəbul etməyi planlaşdırır. Bu barədə parlamentin spikeri Şalva Papuaşvili brifinqdə məlumat verib.

Onun sözlərinə görə, qanunlardan biri ilə Gürcüstanda yeni dövlət bayramı - hər il mayın 17-də qeyd olunacaq "Ailə müqəddəsliyi günü" təsis ediləcək. Həmin gün dünyada Homofobiya və transfobiya ilə Mübarizə Günü qeyd olunur.

Digər qanun layihələri ilə dövlət qurumlarında və özəl şirkətlərdə "ana", "ata" ifadələrinin sərbəst istifadəsinə hər hansı məhdudiyyət qadağan olunur. Bundan əlavə, xüsusi komissiya filmlər, tamaşalar, rəsmlər də daxil hər hansı bir bədii əsərdə müəlliflərin "eyni cinsli münasibətləri və ya insesti" təbliğ etməmələrinə göz qoyacaq. Müvafiq məzmun dərhal çıxarılacaq, göstərilməsi və yayılması qadağan ediləcək.

Ötən illərdə Gürcüstanda hər dəfə dini fanatiklərin şiddətli müqaviməti ilə üzləşən və zorakılıqla müşayiət olunan LGBT yürüşləri indi "LGBT həyat tərzini təbliğ etmək" kimi qanunla qadağan ediləcək.

Papuaşvilinin sözlərinə görə, ayrıca qanun layihəsi "kişi ilə qadın arasında birlik" istisna olmaqla, evliliyə alternativ hər hansı bir əlaqənin qeydə alınmasını qadağan edir. "Gürcü arzusu" hələ 2017-ci ildə konstitusiyaya müvafiq düzəliş təqdim edib.

Ayrı bir qanun layihəsi "cinsi dəyişdirmək üçün hər hansı tibbi manipulyasiyanı" qadağan edir və vətəndaşlardan sənədlərində genetik profillərinə uyğun gələn cinsi göstərmələri tələb olunur. Eynicinsli cütlüklər birliklərini qeydiyyatdan keçirə və uşaq böyüdə bilməyəcəklər.

Müxalifət konstitusiya dəyişikliklərinin, eləcə də LGBT-lərə qarşı qanunvericilik paketinin müzakirəsində iştirak etmir, hakimiyyətin təşəbbüsünü "uydurma" və "qeyri-aktual" adlandırır. Bununla belə, Gürcüstan cəmiyyətinin mühüm hissəsinin mövzuya münasibətini nəzərə alaraq, qərbyönlü müxalifət partiyaları bu yaxınlarda qəbul edilmiş "xarici agentlər" haqqında qanuna etirazlardan fərqli olaraq, hazırda həddindən artıq fəal etirazlardan çəkinirlər.

Türkiyə Çin, Rusiya... ilə bir birlikdə olmaq istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Yohannesburq sammitində
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS-in Yohannesburq sammitində

Türkiyə BRICS-ə qoşulmaq istəyir, bu məsələ birlik nazirlərinin Nijni-Novqorodda keçiriləcək görüşündə müzakirə olunacaq. Belə bir bəyanatla Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan çıxış edib.

"Əlbəttə, biz BRICS-in üzvü olmaq istərdik. Görək, bu il nəyə nail ola bilərik", - "South China Morning Post" qəzeti nazirdən sitat gətirir.

Fidan gələn həftə Rusiyada keçirilməsi planlaşdırılan BRICS toplantısına qatılacağını bildirib.

Qəzet yazır ki, bu görüşdə gündəmdəki mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma imkanı olacağı gözlənilir.

2006-cı ildə qurulan BRICS hazırda özündə 10 dövləti birləşdirir: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası (CAR), Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya.

Türkmənistanda qadınlara sürücülük vəsiqələrinin verilməsi sərtləşdirilir

Yol polisi əməkdaşları Aşqabad küçələrindən birində keşik çəkirlər
Yol polisi əməkdaşları Aşqabad küçələrindən birində keşik çəkirlər

Türkmənistanda qadınların avtomobil idarə etməsinin bir qədər də çətinləşdiyi bildirilir. Yeni sürücülük vəsiqəsi alarkən qadınlara tələblərin siyahısı artır.

"Avtomobil öz adına qeydiyyata alınmayıbsa, müddəti bitdikdən sonra vəsiqəsini yeniləmək istəyən xanımlardan polis şöbəsi sənədləri qəbul etmir", - AzadlıqRadiosunun müxbiri yazır.

Türkmənistanda bir çox hallarda qadınların idarə etdiyi avtomobillər onların adına rəsmiləşdirilmir, qardaşlarının və ya ərlərinin adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrini etibarnamə ilə sürürlər: "İndi onlar sürücülük vəsiqəsi almaq üçün maşınları öz adına keçirməli və ya yeni maşın almalıdırlar, əks halda, onlara yeni sənəd verilməyəcək".

Qadınların sürücülük vəsiqəsi alması üçün yaş həddi də dəyişməz qalır: "Qızlara 35-40 yaşına qədər sürücülük vəsiqəsi verilmir. Onların niyə avtomobil idarə etmək hüququndan məhrum edildiyi açıqlanmır".

AzadlıqRadiosuna danışan Marı sakinlərinin sözlərinə görə, sürücülük vəsiqəsi almaq hər kəs üçün çətindir, problemi həll etməyin ən asan yolu rüşvətdir.

"Ölkədə rüşvətsiz heç nə etmək mümkün deyil. Sonda vəsiqə almaq üçün rüşvət verməyə razılaşırsan. Bundan əlavə, vəsiqəni yeniləmək üçün tibbi arayış, psixi dispanserdən arayış lazımdır. Onlar yerli tibb müəssisələrindən alınır. Sürücülük vəsiqəsinin təzələnməsi ən azı 200-400 manata (57-115 dollar) başa gəlir", - yerli sakin deyir.

Mənbə iddia edir ki, qadınlar üçün sürücülük vəsiqəsi almaqda mövcud çətinliklər tələb olunan rüşvətin miqdarına da təsir edir: "Ölkədə qadınlar öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Əslində, kişilər 4 min manat (1140 dollar) rüşvət ödəməklə sürücülük vəsiqəsi ala bilər, qadın isə 6-7 min manat (1700-2000 dollar) verməli olur".

İddialara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Türkmənistanda qadınlar üçün sürücülük ilə bağlı məhdudiyyətlər uzun illərdir qüvvədədir və zaman-zaman sərtləşdirilir.

Özbəkistanda imamların sosial şəbəkələrdə görünməsi qadağan edilib

Özbəkistan prezidenti məsciddə
Özbəkistan prezidenti məsciddə

Özbəkistan Müsəlmanları İdarəsi imamların sosial şəbəkələrdə çıxışlarını məhdudlaşdırıb. Bu, bəzi imamların internetdə mübahisəli çıxışları fonunda baş verib.

Mayın 27-də Özbəkistan məscidlərinin bütün imamlarına sosial şəbəkələrə girməmək və postları "layk" etməmək barədə xəbərdarlıq olunub.

Daşkənd şəhərinin baş imamının köməkçisi Erqaş Rüstəmovun Telegram vasitəsilə rayonların baş imamlarına göndərdiyi audiomüraciətdə sosial şəbəkələrdəki çıxışlara ciddi nəzarət olunduğu bildirilir: "Salam, əziz rayon imamları. Növbəti işimiz sosial şəbəkələrə girməməkdir. Biz buna ciddi nəzarət edəcəyik. Bu, Həcc ziyarətinə gedənlərə də aiddir... Ayrıca, sosial şəbəkədə hər hansı bir mövzunu "like" edə bilməzsiniz...".

İmamlar dini qurumun qərarını fəaliyyətlərinə dövlət nəzarətinin gücləndirilməsi kimi şərh ediblər.

Təhlükəsizlik səbəbi ilə adının çəkilməsini istəməyən Daşkənd imamı deyib ki, imamların internetdə çıxışının məhdudlaşdırılması vicdan azadlığı haqqında qanuna ziddir: "Deyirlər ki, bu, müftinin göstərişidir. Bizim əl-ayağımızı bağlayırlar".

Son zamanlar bir sıra imamlar, dini idarənin fikrincə, öz mənəvi statuslarına uyğun gəlmədiyi üçün vəzifələrindən uzaqlaşdırılıb.

Bundan əvvəl bildirilirdi ki, Özbəkistanda məscid imamları və imam müavinlərindən xarici pasportlarını Ruhani İdarənin yerli nümayəndələrinə təhvil vermələri istənilib. Səbəb imamların xaricə səfərlərinin qarşısını almaqdır.

"Son günlər imamlar çox güclü təzyiq altındadır, buna görə də hakimiyyət bəzi imamların sadəcə olaraq ölkəni tərk edəcəklərindən ehtiyat edir", – AzadlıqRadiosunun özbək xidmətinin həmsöhbətlərindən biri deyib.

Özbəkistan Dini İşlər Komitəsinin 2021-ci il avqustun 1-nə olan məlumatına görə, ölkədə 16 konfessiyaya mənsub 2 min 285 dini qurum fəaliyyət göstərir. Bunlardan 2 min 98-i İslam təşkilatlarıdır.

Özbəkistan Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Dini qurumların və konfessiyaların fəaliyyəti "Vicdan azadlığı və dini qurumlar haqqında" qanun ilə tənzimlənir.

Qazaxıstan 'Taliban'ı terrorçular siyahısından çıxarıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşdə
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament spikerləri ilə görüşdə

Qazaxıstan Əfqanıstan hökuməti ilə ticari-iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün "Taliban" rejimini terrorçu təşkilatlar siyahısından çıxarıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament sədrləri ilə görüşündə bildirib.

Onun fikrincə, indiki mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb edilməsidir.

Qazaxıstan Ali Məhkəməsinin 15 mart 2005-ci il tarixli qərarı ilə "Taliban" terror təşkilatı kimi tanınıb və Qazaxıstan ərazisində fəaliyyəti qadağan edilib.

"Qazaxıstan Əfqanıstanla iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və "Taliban" hərəkatının ölkədəki nüfuzunun uzunmüddətli amil olduğunu nəzərə alaraq, onları terrorçular siyahısından çıxarıb", - Tokayev bildirib.

O, Qazaxıstanın Almatıda BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün dayanıqlı inkişaf məqsədləri üzrə Regional Mərkəzinin yaradılması təşəbbüsünü dəstəkləməyə çağırıb.

28 may

Rusiyada 'Taliban' terror təşkilatları siyahısından çıxarıla bilər

Rusiya Xarici İşlər və Ədliyyə nazirlikləri prezident Vladimir Putinə Əfqanıstanın "Taliban" islam hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmağı təklif edib. Bu barədə dövlət başçısının Əfqanıstan üzrə nümayəndəsi Zamir Kabulova istinadən TASS xəbər verir.

1996-2001-ci illərdə Əfqanıstanda iqtidarda olmuş "Taliban" xarici qoşunların çıxarılmasından sonra 2021-ci ilin avqustunda yenidən ölkədə nəzarəti tam ələ keçirib. Rusiya hakimiyyəti hərəkatın nümayəndələri ilə fəal əlaqə saxlayır, onun nümayəndə heyətləri isə tez-tez Rusiyaya gəlir.

"Taliban" hərəkatının nümayəndələri iyunun 5-dən 8-dək baş tutacaq Sankt-Peterburq Beynəlxalq Forumuna dəvət olunublar.

Eyni zamanda, hakimiyyətin "Taliban" ilə belə sıx əməkdaşlığına baxmayaraq, hərəkat Rusiyada, hələlik, qadağan edilib və terror təşkilatı kimi tanınır. Fəallar və media qurumları müvafiq nişanlama olmadan onun adını çəkdiklərinə görə məsuliyyətə cəlb olunurdu. Həmçinin, Omskdakı Federal Penitensiar Xidmətin (FSIN) xəstəxanasında "Taliban" haqqında danışdığına görə məhkuma üç il yarım koloniya cəzası verilib. Məhbus Anvarzoda Osimconi açıq şəkildə terrora haqq qazandırmaqda və təbliğ etməkdə təqsirli bilinib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, "Taliban"ın terror təşkilatları siyahısından çıxarılması təklifi "obyektiv reallığı əks etdirir". Onun sözlərinə görə, hərəkat Əfqanıstan ərazisində real hakimiyyəti təmsil edir və "Rusiya buna biganə deyil".

2021-ci ilin oktyabrında Vladimir Putin bildirib ki, Rusiya "Taliban"ı terror təşkilatlarının reyestrindən çıxarmaq qərarına yaxınlaşır, lakin, onun sözlərinə görə, əvvəlcə belə bir qərar Birləşmiş Millətlər Təşkilatı (BMT) səviyyəsində qəbul edilməlidir.

Əfqanıstanda Taliban dövründə insan haqları kütləvi şəkildə pozulur. Dünyəvi qanunvericilik şəriət qanunları ilə əvəz edilib. Müxalifətçilərin təqibi, açıq edamlar tətbiq olunur. Qadınlar təhsil və işləmək hüququndan məhrumdurlar. Ölkədə onların təkrar hakimiyyətə gəlməsindən sonra iqtisadi çətinliklərin də kəskin şəkildə artdığı bildirilir.

SOCAR-dan İsrailə neft satdığı ittihamlarına cavab

İstanbulda SOCAR-a etiraz
İstanbulda SOCAR-a etiraz

"SOCAR Türkiyə" İsrailə xam neftin satılması ilə bağlı ittihamlara cavab verib. Şirkət bu barədə ittihamları "əsassız" adlandırıb: "Qlobal neft bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neft ticarət şirkətləri tərəfindən və ya bu şirkətlər vasitəsilə satılır. Təchizatçı şirkətlərin xam nefti hansı ölkələrə göndərdiklərinə... nəzarət və ya müdaxilə etmək imkanı yoxdur".

Açıqlamada o da xatırladılıb ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 16 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb.

SOCAR-ın İstanbul ofisi qarşısında aksiya

Azərbaycanın Türkiyə ərazisi ilə İsrailə neft nəql edən SOCAR şirkətinin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalıb.

"Cümhuriyet" qəzetinin yazdığına görə "Fələstin üçün min gənc" adlı qrup neft şirkəti ofisinin divarlarına qırmızı boya atıb.

Hadisə yerində çəkilən videolarda bir qrup şəxsin ofisin giriş qapılarını sındırmağa çalışdığı görünür. Daha sonra yayılan fotolarda binanın girişinin polis tərəfindən mühafizə olunduğu əks etdirilib.

Qəzetin yazdığına görə, fəallar "soyqırımıçı İsrailə neft verən SOCAR önündə intifada səsimizi ucaltmaqda davam edirik!", "Bu qanlı ticarətə imkan verməyəcəyik" kimi şüarlar səsləndiriblər.

"Cümhuriyet" qəzetinin xəbərində deyilir ki, fələstinyönlü qrup bu hadisəni özünün sosial media hesabında da qeyd edib: "Qatil İsrail Fələstində soyqırımı edərkən Türkiyə və Azərbaycan əl-ələ bu soyqırımına milyonlarla barel neft daşımaqdadır".

Videoda habelə boğazına ənənəvi Fələstin yaylıqlarını bağlamış bir qrup şəxsin şirkətin binasına daxil olmağa çalışdığı, lakin mühafizəçilər tərəfindən qarşılarının kəsildiyi görünür.

Çinin kosmik aparatı Ayın qaranlıq tərəfinə enib

Ay
Ay

Çinin "Çanye-6" kosmik aparatı Ayın qaranlıq tərəfinə uğurlu eniş edib, - "Sinxua" agentliyi xəbər verir. Onun vəzifəsi Ay torpağından nümunələr toplamaq və Yerə çatdırmaqdır.

Əvvəllər heç bir ölkə Ayın Yerdən görünməyən əks tərəfini tədqiq etməyib. "Çanye-6" iki gün ərzində iki kiloqram Ay süxuru nümunələri toplayıb Yerə qayıtmalıdır. Onun iyunun 25-də Daxili Monqolustan bölgəsinə enməsi gözlənilir.

Bu, 2024-cü ildə Yer aparatının Aya üçüncü enişidir. Yanvarda Yaponiyanın SLIM zondu, bir ay sonra isə Amerikanın "Intuitive Machines" şirkətinin cihazı orada olub.

Ay torpağının tədqiqi alimlərə Ayın özünün və bütün Günəş sisteminin yaranma tarixini daha yaxşı anlamağa kömək edəcək. Çin 2030-cu ilə qədər Aya insanlı missiya göndərməyə ümid edir. Rusiya Çinin Ay proqramında tərəfdaşdır. ABŞ "Artemis" proqramı ilə 2026-cı ildə və ya daha sonra Aya astronavt göndərməyi planlaşdırır.

Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir

Mahmud Əhmədinejad
Mahmud Əhmədinejad

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezident seçkilərində namizədliyini verib.

Əhmədinejad 2005-ci ildən 2013-cü ilə qədər ardıcıl iki müddət İran İslam Respublikasının prezidenti olub. Onun ikinci müddəti 2009-cu ildə yenidən seçilməsi ilə bağlı şiddətli etirazlar və amansız repressiyalar ilə yadda qalıb. O, prezident olmamışdan əvvəl Ərdəbil vilayətinin qubernatoru və Tehranın meri vəzifələrində çalışıb.

Dövlət başçısı olduğu müddətdə Əhmədinejad Rusiya və ərəb dünyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı olub. Eyni zamanda, ABŞ administrasiyasını tənqid edib və İsrailə qarşı sərt bəyanatlar verib.

Əhmədinejadın dövründə İranın nüvə proqramının inkişafının sürətləndiyi güman edilir.

Əhmədinejadın prezidentliyi dövründə onunla İranın ali dini lideri Əli Xamenei arasında hakimiyyət mübarizəsinin kəskinləşdiyi ilə bağlı fikirlər yayılıb.

Bundan əvvəl Əhmədinejad seçkilərdə namizədliyini irəli sürmüş, lakin namizədliyi qeydiyyata alınmamışdı.

İranda növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.

Mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub.

Çin Ukrayna üzrə 'sülh sammiti'ndə iştirak etməyəcək

Moskvanın mərkəzindəki suvenir mağazasında Çin lideri Si Cinpinin portreti olan matryoşka
Moskvanın mərkəzindəki suvenir mağazasında Çin lideri Si Cinpinin portreti olan matryoşka

Çin Ukraynadakı müharibəyə son qoymaq məqsədi ilə iyunda İsveçrədə toplaşacaq konfransa nümayəndələrini göndərməyəcək.

Bu barədə "Reuters" dörd mənbəyə istinadən xəbər verir.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Çin lideri Si Cinpinə Kiyevin "sülh sammiti" adlandırdığı konfransa qatılmaq çağırışı ilə açıq müraciət etmişdi.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Pekin onun iştirakı üçün zəruri olan şərtlərə əməl edilmədiyindən belə qərar verib. Onların arasında "bütün tərəflərin bərabər iştirakı və bütün təkliflərin dürüst müzakirəsi" üçün həm Rusiya, həm də Ukraynanın sammitə dəvət məsələsi də var. Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi (XİN) də bu şərti səsləndirmişdi.

Moskva konfransa dəvət edilməyib, baxmayaraq ki, İsveçrə münaqişənin həlli üçün Rusiyanın prosesdə iştirak etməli olduğuna əmindir.

Ukrayna Moskvanın prosesi pozmasını istəmir, - prezident Zelenski məsələni belə izah edib.

Rusiya nümayəndələrinin növbəti mərhələdə vasitəçilər vasitəsilə prosesə cəlb olunması planlaşdırılır. Rusiya, öz növbəsində, Ukraynadan qoşunlarının çıxarılmasını müzakirə etmək niyyətində olmadığından dəvət olunsa belə, görüşdə iştirak etməyəcəyini bəyan edib.

İsveçrə XİN rəsmisinin sözlərinə görə, ümumilikdə, sammitə 160-dan çox nümayəndə heyəti dəvət olunub. "70-dən çox dövlət sülh konfransında iştirakını təsdiqləyib, əksəriyyəti dövlət və hökumət başçıları səviyyəsində", - nazirlikdən bildirilib.

"Bloomberg" daha əvvəl yazırdı ki, ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün vəsait toplama tədbirinə görə, çox güman, Ukrayna ilə bağlı bu konfransı buraxacaq.

Ukraynada müharibənin dayandırılması yollarını müzakirə edəcək konfrans iyunun 15-dən 16-dək Bürqenştokda keçiriləcək.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya genişmiqyaslı təcavüzə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibənin iki ilində on mindən çox insan həlak olub, 20 minə yaxın insan isə yaralanıb. Milyonlarla insan bu ölkədən didərgin düşüb.

12 andlı Trampa 'günahkardır' dedilər

Donald Tramp
Donald Tramp

Mayın 30-da Nyu-York məhkəməsində 12 andlı Amerika Birləşmiş Ştatlarının (ABŞ) keçmiş prezidenti Donald Trampa qarşı cinayət işi ilə bağlı hökmü elan edib. O, bütün 34 maddə üzrə təqsirli bilinib. Yekun cəza iyulun 11-də keçiriləcək xüsusi iclasda veriləcək. Beləliklə, Tramp seçkidən əvvəl də mühakimə oluna bilər. O, cərimə, şərti cəza və ya faktiki həbslə üzləşə bilər.

12 andlının hamısı onun günahkar olması ilə bağlı hökmün lehinə səs verib. Tramp 2016-cı il prezident seçkilərinə mane olmamaq üçün pornoaktrisa Stormi Denielsə aralarında olduğu iddia edilən cinsi əlaqə haqqında susmağa görə ödənişləri gizlətmək məqsədilə iş hesabatlarını saxtalaşdırmaqda günahkar bilinib. Builki seçkilərdə Tramp ardıcıl üçüncü dəfə Respublikaçılar Partiyasından namizədliyini irəli sürüb.

Hökm elan edildikdən sonra jurnalistlərin suallarını cavablandıran D.Tramp ona qarşı cinayət prosesini "utancverici, saxta" adlandırıb. O, Co Bayden administrasiyasını məhkəməni təşkil etməkdə günahlandırıb: "Bunu Bayden administrasiyası bir rəqibi, siyasi rəqibini yaralamaq, xəsarət yetirmək məqsədi ilə edib".

D.Trampa qarşı ittiham irəli sürən Manhetten rayon prokuroru Elvin Breqq onun tənqidini rədd edərək prokurorların "faktlara və qanunun hərfinə" əməl etdiklərini deyib. "Hazırda çoxlu səslər eşidilir, amma vacib olan yeganə səs andlılar kollegiyasının səsidir və onlar öz sözlərini deyiblər".

Bir neçə respublikaçı D.Trampı dəstəkləyib. Senatdakı Respublikaçı azlığın rəhbəri Mitç Makkonnell ittihamları əsassız adlandırıb və apellyasiya məhkəməsinin hökmü ləğv edəcəyini təxmin edib.

Prezident Bayden andlıların qərarını birbaşa şərh etməyib. "Donald Trampı Oval kabinetdən uzaq tutmağın yeganə yolu seçki qutularıdır" - Bayden sosial mediada öz seçki fonduna ianələr səhifəsinə keçid verərək yazıb.

Müdafiə tərəfinin hökm çıxarıldıqdan sonra apellyasiya şikayəti verəcəyi gözlənilir. Tramp günahsız olduğunda israr edir.

Əslində, bu hökmlə bağlı hadisələrin istənilən inkişafı apellyasiya məhkəməsinin qərarından asılı olmayaraq D.Trampın seçkidə iştirakına mane olmayacaq. O, prezident seçkilərində qalib gəlsə, həbs cəzasına məhkum olunsa belə, - analitiklərin fikrincə, bu, az inandırıcıdır, - prezident vəzifəsini icra edəcək

ABŞ tarixində ilk dəfədir ki, keçmiş prezident cinayət törətməkdə təqsirli bilinir.

Davamı

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG