Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 21:38

Silahla fotosuna görə MTN-də 10 min dollarının alındığını deyir


MTN. Foto arxiv
MTN. Foto arxiv

Bakı sakini Tural İsgəndərli deyir ki, sosial şəbəkələrdə silahlı fotosuna görə Milli Təhlükəsizlik Nazirliyi (MTN) ondan 10 min dollar və 500 manat almışdı. O, bu haqda sentyabrın 24-də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, həm də köməkçisi olmuş Vüqar Mahmudovun məhkəməsində danışıb.

Cinayət işinin materiallarında yazılıb ki, T.İsgəndərlidən alınan puldan V.Mahmudova da çatıb. Ona görə də o, zərərçəkmiş qismində dindirilib.

T.İsgəndərli deyib ki, ondan pulu MTN-nin Xəzər rayon İdarəsinin rəisi Rafiq Səfərov almışdı: «Sosial şəbəkələrdə foto paylaşmışdım - avtomobilin yanında dayanmışdım, əlimdə də avtomat. Bir neçə gün sonra Rafiq Səfərovun işçiləri zəng edib məni idarəyə çağırdılar. Dedilər ki, guya bu şəkil ölkədə xaos yaradır».

Zərərçəkmişin sözlərinə görə, idarədə ondan 20 min manat pul tələb ediblər. Son nəticədə 10 min dollar, 500 manat alıb buraxıblar.

T.İsgəndərli deyir ki, əslən Lənkəran rayonundan olduğuna görə onu kriminal aləmdə «Rövşən Lənkəranski» kimi tanınan mərhum Rövşən Canıyevlə əlaqələrdə də ittiham ediblər: «Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu deyirdilər. Bildirdim ki, belə deyil. Fotodakı silah da mənim deyildi. Mənə inanmadılar. İdarədə stolun üstünə silah və narkotik qoydular. Dedilər, ya pulu verirsən, ya da bunlarla səni həbsə göndərəcəyik».

T.İsgəndərli əlavə edib ki, indi məhkəmə önündə dayanan V.Mahmudovu tanımır. Pulu şəxsən R.Səfərova verdiyini deyən zərərçəkən onun cəzalandırılmasını istəyib.

Təqsirləndirilən V.Mahmudov özü də bu adamı tanımadığını deyib: «Tanımadığıma görə deyə də bilmərəm ki, danışdıqları yalandır, yoxsa doğrudur...».

MTN-nin Xəzər rayon İdarəsinin rəisi olmuş R.Səfərovun adı keçmiş MTN generallarıyıa bağlı cinayət işlərində müxtəlif epizodlarda da hallanırdı. Bugünkü məhkəmədə səslənən ittihamlara onun mövqeyi bəlli deyil.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN ətrafında baş verənlərdən sonra həbs olunanların sonuncusu V.Mahmudov oldu. O, 2017-ci ilin noyabrında həbs edilib. Rəsmi vəzifəsi MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini olsa da, faktiki nazirin köməkçisi olmuş V.Mahmudov CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu yoluyla tələb etmə), 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun tələblərini pozma) 341-ci (hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir.

2015-ci ildə MTN-də keçirilən əməliyyatdan sonra bu qurumun 20-dən artıq vəzifəlisi həbs edilib, onların arasında 5 general da var. Onlara 14 ilə qədər həbs cəzası verilib. Generalların işi hazırda Ali Məhkəmədədir.

MTN özü də ləğv edilib, bazasında Dövlət Təhlükəsizliyi Xidməti yaradılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG