Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Vəkilin Ç.Əsgərovdan şikayəti qəbul edilməyib


Ə.Mustafayev

Vəkil Əsabəli Mustafayev Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında səlahiyyətli nümayəndəliyi və onun rəhbəri Çingiz Əsgərovla bağlı məhkəməyə müraciət edib. Lakin məhkəmə şikayəti icraata qəbul etməkdən imtina edib.

Bu barədə AzadlıqRadiosuna məlumatı Ə.Mustafayev özü verib. Lakin o, məhkəmə qurumunun adını çəkməyib: «Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə təyin olunmuş kompensasiyalar bəzi ərizəçilərə ödənilmir. Mənim AİHM tərəfindən təyin olunmuş vəkillik xidməti haqqım, ümumiyyətlə, ödənilmir. Üstəlik, kompensasiyaların ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin xərclənməsi barədə informasiya sorğusu vermişəm, cavab verilməyib. Bu qanun pozuntusundan məhkəməyə şikayət vermişəm, məhkəmə iddianı mümkünsüz sayıb ki, cavabdehin bu ünvanda qeydiyyatda olmasını təsdiq edən sübut təqdim etməmişəm. Məhkəməyə yaxşı bəllidir ki, mən belə bir arayış ala bilməyəcəyəm».

Vəkil hesab edir ki, məhkəmənin qərarı onun belə şikayətlərə baxmaq xofundan yaranır: «Çingiz Əsgərov isə cavab verməyib, çünki əmindir ki, ölkədə heç bir qurum bu hərəkətlərinə görə ondan hesabat istəməyəcək. Əminəm ki, apellyasiya və kassasiya instansiyaları birinci instansiyalı məhkəmənin qərarıyla razılaşacaqlar. Sonra şikayətimi AİHM-ə göndərəcəm. Bu da Avropada bir yenilik olacaq».

Ə.Mustafayev vurğulayıb ki, oktyabrın 1-dən onun vəkillik fəaliyyəti dayana bilər: «Qanuna dəyişikliyə əsasən, vəkilə ödənişlər yalnız bank yolu ilə həyata keçə bilər. Mənim isə bank hesablarıma prokurorluq tərəfindən həbs qoyulub, vəsait ora daxil olsa da, çıxarıla bilməz».

Vəkil əlavə edib ki, kompensasiyaların və vəkil haqqının ödəməməsi ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə məlumat verilib: «Komitədən cavab gəlib ki, məsələ ilə bağlı Azərbaycan hökumətinə müraciət edilib. Lakin irəliləyiş yoxdur. Biz həmçinin, Avropa Parlamentinə, Avropa Şurasına, Avropa Şurasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisinə məlumat verəcəyik».

Bu deyilənlərə, hələlik, Azərbaycanın AİHM yanında səlahiyyətli nümayəndəliyindən və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Əsabəli Mustafayevin bank hesabına 2014-cü il oktyabrın 30-u məhkəmə qərarı ilə həbs qoyulub. Bu, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında gerçəkləşib. «Həmin qərarda göstərilir ki, bu həbs Avropa İnsan Hüquqları Məhkəməsindən mənim bank hesabıma köçürülən 850 avro pul vəsaitinin «cinayət predmeti olmaqla, alət və vasitə kimi istifadə edilməsinə dair sübutlar mövcud olduğundan» qoyulub», - vəkil vurğulayıb. O, bununla razı deyil.

Ötən il Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Ə.Mustafayevin vəkillik fəaliyyəti də 1 illik dayanmışdı. O, fəaliyyətini bir neçə ay əvvəl bərpa edib. Kollegiya buna səbəb kimi vəkilin qanunvericiliyin tələbini pozduğunu iddia etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG