Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Avqust, Cümə, Bakı vaxtı 13:23

'Avropa Məhkəməsindən gələn məktub da yoxa çıxır'


A.Layıc

«Artıq nəinki Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) gedən məktublar, hətta oradan göndərilən də yoxa çıxır».

Bunu AzadlıqRadiosuna vəkil Aqil Layıc deyib.

A.Layıc vurğulayıb ki, ona ünvanlanmış məktub gəlib çatmayıb, bunu Avropa İnsan Hüquqları Məhkəməsi də təsdiqləyir: «Qurumdan mənə təsdiq gəlir ki, göndərdikləri sənədlər ünvana çatmayıb».

Amma vəkil itən məktubun məzmununu və şikayətçinin adını açıqlamayıb. O qeyd edib ki, gələn məktubun itməsində ciddi problem yoxdur, çünki AİHM buraxılmış müddəti üzrlü sayaraq, vaxtı uzadır və sonucda işə baxılır.

A.Layıcın sözlərinə görə, «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məsələ ilə bağlı müraciət etsə də, cavab verən olmayıb. «Bunu edənlər dövlətin imicinə xələl gətirir və süni əngəllərlə Avropa İnsan Hüquqları Məhkəməsinə çatımlılığı aradan qaldırmağa çalışır», - vəkil bildirib.

«Azərpoçt» MMC-dən isə «Turan» agentliyinə bildiriblər ki, məktub və ya digər poçt göndərişlərinin itməsi ilə bağlı şikayətçi onlara sorğu ilə müraciət edə bilər. Qurumdan əlavə izahat verməyiblər.

Ə.Mustafayev
Ə.Mustafayev

Vəkilin məktubları yenə 'itib'

«Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) gedən şikayətlərin itmə halları davam edir».

Bunu AzadlıqRadiosuna vəkil Əsabəli Mustafayev bildirib. Onun sözlərinə görə, «Azərpoçt» Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) vasitəsilə Strasburqa göndərdiyi bəzi məktublar yoxa çıxıb. Vəkilin vurğulamasına görə, bu qurum özü də məktubların itməsini etiraf etsə də, bununla bağlı tədbir görmür.

Ə.Mustafayev qeyd edib ki, bu ilin mayında göndərdiyi iki şikayət yenə yoxa çıxıb. Onun sözlərinə görə, əvvəl məktubların itməsi ilə bağlı «Azərpoçt» MMC-yə zəng vurub məlumat almaq mümkün idisə, indi qurumla əlaqə saxlamaq cəhdləri də nəticə vermir: «İllərdir poçt vasitəsilə Avropa İnsan Hüquqları Məhkəməsinə məktublar göndərirəm, poçt işçilərinin şəhər nömrələri məndə var, problem olan kimi onlarla əlaqə saxlayırdım. İndi bu nömrələr işləmir, «qaynar xətt»ə isə düşmək mümkün deyil. Elektron məktublara da cavab vermirlər».

Vəkil bildirib ki, «Azərpoçt» MMC itən məktublarla bağlı yalnız poçt vasitəsilə göndərilmiş sorğulara cavab verir. «Bu, işi çətinləşdirir. Üstəlik, sorğu itmiş məktub göndərildiyi poçtdan göndərilməlidir. Dedikləri islahatlar budur?», - vəkil sual edib.

«Azərpoçt» MMC-dən «Turan» agentliyinə isə bildiriblər ki, şikayətçi poçta gəlməyə çətinlik çəkirsə, sorğunu qurumun saytı vasitəsilə də göndərmək olar.

Agentliyin xəbərində qeyd edildiyinə görə, qurumdan məktubların itməsini təsdiq ediblər, amma əlavə izahat verməyiblər.

Xatırlatma

Son illər bir neçə vəkil də AİHM göndərilən məktubların poçtda itməsi ilə bağlı açıqlama yayıb.

Vəkillərin vurğulamasına görə, sadəcə, Azərbaycan hakimiyyəti istəmir ki, Avropa İnsan Hüquqları Mәhkәmәsinә şikayətlər getsin. Onların deməsinə görə, məktubların bilərəkdən itirilməsi ilə bağlı şübhələr var.

Amma bundan əvvəl «Azәrpoçt» MMC-dən oxşar şikayətlərdən biri ilə bağlı AzadlıqRadiosundan verilən suala cavab olaraq demişdilər ki, belə hal hər bir ölkədə baş verə bilər: «İstənilən ölkədə itki ola bilər. Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil».

AHİM-ə göndərilən bəzi şikayət məktublarının bilərəkdən itirilməsi ilə bağlı iddiaları başqa rəsmi qurumlar da, hələ ki, təsdiq etməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG