ABŞ Prezidenti Donald Trump ukraynalı həmkarı ilə demokratların prezidentliyə potensial namizədi Joe Biden-dən danışdığını təsdiqləyib. Bu məsələ hazırda iki ölkənin münasibətlərində əngəl yarada biləcək siyasi qalmaqalın mərkəzindədir.
Trump-ın sentyabrın 22-də deməsinə görə, iyulun 25-də Volodymyr Zelenskiy-yə telefon zəngində deyib ki, “biz Vitse-prezident Biden və oğlu kimi adamlarımızın” Ukraynada onsuz da baş verən korrupsiyaya töhfə verməsini “istəmirik”.
Konqresmen impiçmentdən danışır
Biden 2020-ci il seçkisində respublikaçı Trump-a demokratlardan rəqib olmağa iddialıdır.
“The Wall Street Journal” sentyabrın 20-də yazıb ki, Trump telefon zəngində Zelenskiy-yə səkkiz dəfə deyib ki, Biden-in Ukraynadakı fəaliyyəti araşdırılsın. Bu isə Konqresdəki demokratlar arasında Trump-ın davranışının məcburetməyə bərabər olması sarıdan suallar yaradıb.
Konqresmen Adam Schiff sentyabrın 20-də deyib ki, təhqiqat Trump-ın ukraynalı həmkarına təzyiq göstərdiyini üzə çıxarsa, yeganə yol impiçmentə qalır.
Qalmaqalın kökü 2014-cü ilə gedib çıxır. O zaman Biden-in oğlu Hunter Ukraynanın Burisma Holding qaz şirkətinin idarə heyətinə üzv olub. Şirkətlə bağlı təhqiqat aparılırmış. Biden vitse-prezident postunda olarkən Kiyevdən tələb edib ki, Baş prokuror Viktor Shokin korrupsiya ilə mübarizə apara bilmədiyinə görə onu işdən çıxarsın. İndi Trump-ın şəxsi vəkili Rudy Giuliani Bideni ittiham edir ki, Burisma ilə bağlı təhqiqatı önləməkdən ötrü Shokin-i işdən çıxartdırıb. Ukrayna mediasının yazmasına görə, Shokin işdən çıxarılanda ortalıqda Burisma üzrə açıq təhqiqat yox idi.
Biden də mətni tələb edir
Biden şənbə günü tələb edib ki, Trump sözügedən telefon danışığının mətnini “dərhal” yaysın və “Amerika xalqı özü nəticə çıxarsın”.
Trump isə həmin zəngin “təbrik” xarakterli olduğunu deyib, sentyabrın 22-də bildirib ki, yaymağı nəzərdən keçirir. “Bunu məmnuniyyətlə edərəm, ancaq siz buna görə bir az utanmalısınız”, – o, jurnalistlərə söyləyib.
Hazırda Nümayəndələr Palatasının komitələri mediada yayılmış məlumatları araşdırır. İddialara görə, Trump Zelenskiy administrasiyası Biden və oğlunun hərəkətlərini araşdıranadək Ukraynaya 250 milyon dollarlıq hərbi yardımın ayrılmasını saxlayıb.
Bu yardım Ukraynanın şərqində rusiyapərəst separatçılarla savaşan hökumət qüvvələrinə təlim keçmək, onları təchiz etmək üçün nəzərdə tutulub.
Ukraynanın Xarici işlər naziri Vadym Prystaiko sentyabrın 21-də Trump-ın telefon zəngi zamanı Zelenskiy-yə təzyiq göstərməsi iddialarını rədd edib
“Söhbətin nədən getdiyini bilirəm, məncə, orada təzyiq olmayıb”, – Prystaiko “Hromadske” media orqanına deyib.
Zelenskiy-in ofisi hələlik, məsələni şərh etməyib.
Prezident Barack Obama dövründə ABŞ-ın Rusiyada səfiri olmuş Michael McFaul deyib ki, Trump-ın davranışı qanuniliyindən asılı olmayaraq, tarixin vacib məqamında Ukraynaya “çox pis siqnal göndərir”.
“Bu, xarici siyasət aparmaq yolu deyil”, – o vurğulayıb.