ABŞ Nümayəndələr Palatasının demokrat üzvləri Prezident Donald Trump-ın Ukraynaya təzyiq göstərib-göstərməməsini araşdırmağa başlayıblar. İddialara görə, Trump 250 milyon dollarlıq hərbi yardımı yubatmaqla prezident seçkisində özünün potensial rəqibinə qarşı kompromat əldə etməyə çalışır.
Palatanın demokratların nəzarətində olan üç komitəsi sentyabrın 9-da prezidentin müşaviri Pat Cipollone-yə məktub göndərərək Ağ evdən sənədləri istəyib. Tələb olunan sənədlərə Trump-ın Ukrayna prezidenti Volodymyr Zelenskiy ilə telefon söhbətinin transkripti, yardımın potensial ləğvinə dair istənilən yazılar daxildir.
“Əgər prezident Ukraynaya təzyiq göstərərək onu ABŞ-ın yardımı olmadan Rusiyanın təcavüzündən özünü qorumaqla Trump-ın kampaniyasına xidmət naminə ədliyyə sisteminə təzyiq göstərmək arasında seçim etməsini istəyirsə, bu, hakimiyyətdən sui- istifadə, Moskvaya stimul, ictimai etibara isə xəyanət demək olar”, – məktubda deyilir.
“Bu, qısnamadır”
Trump-ın şəxsi vəkili Rudy Giuliani Demokratların təhqiqatını siyasi motivli adlandırıb, qısnamanın bir forması olduğunu deyib.
“Bu, qanunsuzdur. Bu, qısnamadır – Konqres deyil, Demokratik Milli Komitə tərəfindən siyasi əməliyyatdır”, – Giuliani sentyabrın 9-da “The Hill” qəzetinə müsahibəsində deyib.
ABŞ bu ilin əvvəlində Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqləyib. Ölkənin şərqində beş ildir gedən, 13 mindən çox adamın ölümünə səbəb olmuş müharibədə ABŞ Ukraynaya cəmi 1,5 milyard dollarlıq yardım edib.
2016-cı ilin avqustunda Ukrayna rəsmiləri Trump-ın seçki kampaniyasının rəhbəri Paul Manafort-la bağlı sənədlər yaydı. Onun Ukraynanın rusiyapərəst Regionlar Partiyası üçün konsultasiya işinə görə 12,7 milyon dollar aldığı, bunu açıqılamadığı üzə çıxdı. Sonucda Manafort istefaya məcbur oldu, çirkli pulyumaya görə həbsə məhkum edildi.
O zaman Trump-ın kampaniyasının Rusiyaya bağlılığına dair spekulyasiya qızışdı, ancaq seçkiyə üç aydan da az qalırdı və Trump seçkini uddu.
İndi isə Trump əks gediş gedir, Ukrayna rəsmilərindən istifadə edərək demokratların prezidentliyə potensial namizədi Joe Biden-i gözdən salmağa çalışır, prezidentin opponentləri belə deyir.
Biden-lə bağlı nə baş verib
Bidenin oğlu Hunter Biden 2014-cü ildə Ukraynanın qaz istehsalçısı olan Burisma Holdings-in idarə heyətinə qoşulub. Bu şirkətin sahibi Mykola Zlochevskiy keçmiş prezident Viktor Yanukovych dönəmində nazir kimi çalışıb.
Ukraynada prokurorlar Zlochevskiy ekologiya naziri olarkən Burisma-nın qanunsuz olaraq qaz hasilatı lisenziyaları alıb-almamasını araşdırırdılar.
Barack Obama-nın prezidentliyi dövründə vitse-prezident olmuş Joe Biden Kiyevdən “korrupsioner” hesab olunan baş prokuroru işdən çıxarmasını tələb edib.
Ukraynaya səfər edən Giuliani Biden-nin Burisma ilə bağlı təhqiqatı dayandırması məsələsilə maraqlanıb. Biden isə bu ittihamı rədd edib.
Hunter Biden bu ilin əvvəlində, atası prezident seçkisinə getmək niyyətini açıqlayan kimi idarə heyətindən istefa verib.
Ukrayna prezidentinin mətbuat xidməti eyham vururdu ki, Trump iyulda Zelenskiy ilə telefon söhbətində Biden məsələsini qaldırmış ola bilər.
Həmin söhbətdə Trump Zelenskiy-yə deyib ki, “Ukrayna və ABŞ arasında təması əngəlləyən korrupsiya hallarının təhqiqatının tamamlanacağına” ümid edir.
Zelenskiy sentyabrın 23-də BMT Baş Məclisində iştirakdan ötrü ABŞ-a səfər edəcək.