Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:44

Cəbhəçilərin sərbəst buraxıldığı bildirilir


Polis

“Bu gün, sentyabrın 20-də Gəncədə partiya müşavirəsi keçirildikdən sonra saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri axşam saatlarında sərbəst buraxıldılar”.

Bunu AzadlıqRadiosuna partiyanın Gənclər Komitəsinin sədri Emil Səlimov bildirib. Onun qeyd etməsinə görə, təxminən 25 nəfər partiya üzvü çayxanada oturanda, onlara polis əməkdaşları yaxınlaşaraq İdarəyə dəvət ediblər:

"Bizdən toplaşmaq üçün İcra Hakimiyyətinin icazəsi olub-olmadığını, toplaşmağımızın səbəbini soruşdular. 4 saatdan sonra isə protokol yazaraq, sərbəst buraxdılar".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl sentyabrın 20-də günorta saatlarında Gəncə şəhərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarını polisin saxladığı bildirilirdi.

Bu barədə AzadlıqRadiosuna həmin partiyanın rəhbərliyindən danışıblar.

Verilən məlumata görə, AXCP Gənclər Təşkilatının (GK) sədri Emil Səlimov, fəallardan Niyaməddin Əhmədov və partiyanın Gəncə şöbəsinin 20-dən çox üzvü keçirdikləri toplantıdan sonra bu şəhərdəki Baş Polis İdarəsinə aparılıb.

Daxili İşlər Nazirliyindən və Gəncə şəhər Baş Polis İdarəsindən bu deyilənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, bu il onların ümumilikdə 80-dən çox fəalı polisə müqavimət və oxşar ittihamlarla inzibati qaydada cəzalandırılıb. Onlardan 60-dan çoxunun 10-60 sutka arasında inzibati qaydada həbs edildiyi bildirilir. Amma bu rəqəmləri də rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. AXCP həmin şəxslərin dinc, siyasi fəaliyyətlərinə görə şərləndiyini açıqlayıb.

Rəsmilər isə, bir qayda olaraq, ölkədə bütün fundamental azadlıqların qorunduğunu, heç kimin dinc, sivil siyasi fəaliyyətə görə təqib olunmadığını bəyan edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG