Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:28

Dünyada qadın qıtlığının fəsadları


Kişi-qadın
Kişi-qadın

«80-ci və 90-cı illərdə «Newsweek» jurnalı ABŞ qadınlarını xəbərdar etmişdi ki, onların terrorçu tərəfindən öldürülmə ehtimalı 40 yaşdan sonra özlərinə ər tapma ehtimalından yüksəkdir. İddia olunurdu ki, qadınların sayı həddindən çox, kişilərin sayı isə azdır. Buna görə qadınlar uduzan tərəf sayılırdı. Üstəlik, əlbəttə, subay qalmaq qorxunc bir şey kimi görülürdü». Bunu «Human Rights Watch» insan haqları təşkilatının qadın hüquqları bölümünün həmdirektoru vəzifəsini icra edən Heather Barr yazır.

Məqalədə daha sonra deyilir:

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, doğulan uşaqların təbii cinsiyyət nisbəti hər 105 oğlana 100 qızdır və cəmiyyətdə kişilərin və qadınların sayının bərabər olması məqsədəuyğundur. Tarazlıq üçün bir az daha artıq kişiyə ehtiyac var, çünki kişilər tez ölür.

Hər 100 qıza 120 oğlan

Hazırda isə biz cinslər nisbətinin həddindən artıq pozulduğu zaman nə baş verdiyini öyrənməkdəyik. Ətrafda baş verənlər nəhəng, nəzarətsiz eksperimenti xatırladır. Dünyanın əhalisi ən çox olan iki ölkəsində - Hindistan və Çində qadın azlığı yaşanır.

Məsələn, əhalisinə görə dünyanın ən böyük ölkəsi olan Çində cinslərarası nisbət on illər ərzində fərqli olub. Bu ölkədə doğulan hər 100 qıza 105-dən artıq, bəzən 120 oğlan düşür. Əhali sayına görə ikinci yeri tutan Hindistanda da on illərlə bu nisbət 105-dən yuxarı olub. Nəticədə isə birgə əhalisi 2.73 milyard olan bu iki ölkədə hazırda 80 milyon əlavə kişi var. «Bəşəriyyət tarixində heç vaxt belə bir şey baş verməyib», – 2018-ci ilin aprelində «The Washington Post» qəzetində çıxan bir məqalədə deyilir.

Hindistanda bir çox ailələr oğlan uşaqlarına üstünlük verdikləri üçün selektiv abortlara əl atıblar. Nəticədə dölün cinsini müəyyən edən müayinələri və selektiv abortları yasaqlayan qanun qəbul olunub. Çində isə ailələrin bu qərarı verməsinə 1979 – 2015-ci illər arasında mövcud olmuş «bir ailə, bir uşaq» siyasəti təsir edib. Ailələr yeganə övladlarının oğlan olmasını istəyirlər.

Ən adi seksizmdən tutmuş oğulların böyüyüb valideynlərinə baxacağı, onlara nəvə verəcəyi ilə bağlı praktik hesablamayadək, bütün bunlar cinsi ayrıseçkilikdir. Qadınların kişilərlə bərabər hüquqlara malik olmamasını, patriarxatın dərin kök salmasını nəzərə alanda ailələrin niyə qız istəmədiyini anlamaq çətin deyil.

Ancaq seçimi edəndə nəticələrlə üzləşməyə də hazır olmalısan. Məsələn, hazırda Çində, üstəlik, özünə həyat yoldaşı axtaran nəslin arasında cinslər arasında nəhəng, böyüməkdə olan uçurum var. Ölkədə ciddi gəlin qıtlığı müşahidə olunur. Mütəxəssislər «artıq qalan» kişilərin çoxunun heç vaxt evlənməyəcəyini, bəzilərininsə evlənmək üçün ifrat yollara əl ata biləcəyini proqnozlaşdırırlar.

Gəlin qaçaqçılığı

Qadın qıtlığı Çində və bəzən qonşu ölkələrdə fəsadlara yol açır. «Human Rights Watch» təşkilatı bu nəticələrdən birini araşdırıb. Söhbət Myanmadan Çinə gəlin traffikindən gedir. Myanmanın Çinlə həmsərhəd Kaçin və Şan ştatlarında son illərdə gedən münaqişə nəticəsində 100 min insan didərgin düşüb. Qadın oğruları zəif qadın və qızları hədəfləyir, onları Çinə aparıb orada iş təklif edirlər. Sonra onları Çində oğullarına gəlin tapa bilməyən ailələrə 3 min – 13 min ABŞ dollarına satırlar. Satın alınan qızlar qapalı yerdə saxlanır, dəfələrlə zorlanır ki, mümkün qədər tez hamilə qalıb ailəyə uşaq versinlər. Uşaq dünyaya gətirəndən sonra bəzilərinə qaçıb getməyə imkan verilir, ancaq uşaqları əllərindən alınır.

Kamboca, Şimali Koreya və Vyetnamda da oxşar gəlin miqrasiyası müşahidə olunur. Çinlə həmsərhəd digər ölkələrdə də belə halların baş verəcəyi istisna deyil. Qadın idxalı yaranmış qıtlığı azaltmır, əksinə, yayır.

Ancaq bu, yeganə fəsad deyil. Qadın azlığı qadına qarşı zorakılığın digər formalarına da yol açıb. Bundan başqa, sosial qeyri-sabitlik, əmək bazarında və iqtisadiyyatda ciddi problemlər də müşahidə olunur.

«Hamımız uduzuruq»

Qəribədir ki, qadınların sayı həddindən çox olanda qadınlar uduzur. Sayları həddindən az olanda qadınlar yenə uduzur. Əslində isə, hamımız uduzuruq. Biz bu pozulmuş tarazlığın artıq zərərli nəticələr verdiyini görürük. Üstəlik, bu problemin müşahidə olunduğu cəmiyyətlərin uzunmüddətli perspektivdə başqa hansı nəticələrlə üzləşəcəyini də bilmirik.

Çin «bir uşaq» siyasətinə son qoysa da, yeni «iki uşaq» siyasəti ilə reproduktiv hüquqları məhdudlaşdırmağa davam edir. Ölkədə cinsi-selektiv abortlar qadağan edilib. Ancaq belə qadağalar çox zaman həm qeyri-effektiv olur, həm də qadının abort və reproduktiv seçimlər etmək hüququnu təhlükə altına alır.

Çin, Hindistan və bu problemlə üzləşən digər ölkələr təcili hərəkətə keçərək qadın qıtlığı problemini yüngülləşdirməyə çalışmalıdır. Bu ölkələr qadın qıtlığı, onun traffikinq və qadına qarşı zorakılığın digər formaları ilə əlaqəsini ciddi araşdırmalıdırlar. Ən əhəmiyyətlisi isə onlar demoqrafik tarazsızlığın fundamental səbəbini – cinsi ayrıseçkiliyi aradan qaldırmaq üçün daha çox iş görməlidirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG