Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:38

Səudiyyə hücumda 'heç şübhəsiz' İranın əli olduğunu deyir


Səudiyyə Ərəbistanında neft obyektinə hücum, 14 sentyabr, 2019-cu il
Səudiyyə Ərəbistanında neft obyektinə hücum, 14 sentyabr, 2019-cu il

Səudiyyə Ərəbistanı ötən həftə onun neft qurğularına hücumda istifadə edilmiş dron və raket qalıqlarını nümayiş etdirib. Ər-Riyad bəyan edib ki, bu qalıqlar sözü gedən hücumun “şübhəsiz İranın əli olduğunu” göstərir.

Səudiyyə Müdafiə Nazirliyinin sözçüsü polkovnik Turki al-Maliki sentyabrın 18-də keçirilən mətbuat konfransında deyib ki, bu hücumda yeddi raketdən başqa İran dronlarından da istifadə olunub:

"Bu hücum şimaldan edilib və heç şübhəsiz İranın dəstəyi ilə həyata keçirilib”.

Sözçü bildirib ki, hücumun “start meydançasının” harada olduğu hələ araşdırılır.

Bundan əvvəl Yəməndə İranın dəstəklədiyi şiə huti qiyamçıları 14 sentyabr hücumuna görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Tehran hər hansı hava hücumunda əli olmadığını bildirmiş və özünə qarşı hər hansı hərbi reaksiyaya cavab verəcəyi ilə hədələmişdi.

İrandan reaksiya

Ər-Riyadda keçirilən mətbuat konfransından dərhal sonra İran prezidentinin müşavirlərindən Hesameddin Ashena Twitter-də yazıb ki, Səudiyyə Ərəbistanı "raketlərin və dronların harada hazırlandığı və ya haradan gəldiyi barədə heç nə bilmədiyini nümayiş etdirdi".

Səudiyyə Ərəbistanı ABŞ-ın patrul xidmətinə qoşulur

Səudiyyə Ərəbistanı sentyabrın 18-də bildirib ki, Birləşmiş Ştatların Fars Körfəzində patrul koalisiyasına qoşulur. Bu ölkədə neft sənayesinə hücumdan sonra regionda gərginlik qızışıb. İran prezidenti hücumun ər-Riyada Yəmənə müdaxiləsini bitirməkdən ötrü xəbərdarlıq olduğunu deyib.

Səudiyyə koalisiyaya qoşulmaq qərarını ABŞ-ın Dövlət katibi Mike Pompeo-nun krallığa səfərindən öncə elan edib.

Vaşinqton İranı hücumun arxasında durmaqda ittiham edir. Səudiyyə Ərəbistanı isə “İran silahı”ndan istifadə olunduğunu bildirir.

Xəbərdarlıq

İran hava zərbəsində iştirakını inkar edir. Yəməndə İranın dəstəklədiyi husi üsyançılar hücuma görə məsuliyyəti üzərinə götürüb, dronlardan istifadə olunduğunu bildirib.

İranın Müdafiə naziri Amir Hatami sentyabrın 18-də Tehranın bu hücumlarda iştirak etmədiyi iddiasını bir daha səsləndirib. Tasnim xəbər agentliyinin məlumatına görə, Hatami məsələnin çox aydın olduğunu dilə gətirib. “İki ölkə (Yəmən və Səudiyyə Ərəbistanı) arasında münaqişə gedir”, – o deyib.

Prezident Hassan Rohani sentyabrın 18-də deyib ki, husilər Səudiyyədə neft obyektlərini “xəbərdarlıq” kimi hədəfə alıblar, bu, krallığın ABŞ-ın dəstəyilə Yəmənə müdaxiləsinə cavab olaraq müharibənin daha geniş vüsət ala biləcəyinə dair xəbərdarlıqdır.

“Yəmənlilər xəstəxananı deyil, məktəbi deyil… sizə xəbərdarlıq üçün sənaye mərkəzini vurublar…” – Rohani hökumətin iclasında deyib.

“Bu xəbərdarlıqdan dərs çıxarın və nəzərə alın ki, regionda müharibə ola bilər”, – o deyib.


Səudiyyə əlində dəlil olduğunu deyir

Səudiyyənin Müdafiə Nazirliyi isə sentyabrın 18-də mətbuat konfransı keçiriləcəyini, “İran rejiminin bu terror hücumunda iştirakını sübut edən maddi dəlil və İran silahlarının” təqdim olunacağını bildirib.

Bu arada Pompeo ötən həftəsonu Səudiyyədə neft obyektlərinə hücuma “cavabımızı müzakirə etmək” üçün Səudiyyəyə yola düşüb. Onun elə bu gün Vəliəhd şahzadə Muhammad bin Salman-la görüşəcəyi gözlənir.

Pompeo daha sonra Birləşmiş Ərəb Əmirliklərinə gedəcək, Vəliəhd Şahzadə Muhammad bin Zayed-lə görüşəcək.

Hücumlar nəticəsində Səudiyyədə neft hasilatı günə 5,7 milyon barrel azalıb. Bu, qlobal günlük hasilatın 5 faizi deməkdir.

Sentyabrın 18-də ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını Səudiyyə Ərəbistanına səyahət zamanı “daha diqqətli olmağa” çağırıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG