Onillər boyunca neft təhlükəsizliyi ekspertləri Səudiyyə Ərəbistanının Abqaiq emal kompleksinin silahlıların, xarici xüsusi qüvvələrin hücumu, raket zərbələri qarşısında zəifliyindən narahatlıq bildirirdilər. “Reuters” agentliyinin təhlilçisi John Kemp yazır ki, neft yataqları quyuların ayrı-ayrı yerləşməsi səbəbindən hücum hədəfinə çətinliklə çevrilir, ancaq emal obyektləri və ixrac terminalları yaxın əraziyə cəmləşdiyindən hücumlara qarşı zəif duruma düşürlər.
Abqaiq kompleksində krallıqda hasil olunan xam neftin təxminən yarısı emal edilir və ziddi zərbə aldığı halda, bu kompleksin işləməməsi qlobal neft bazarından günə bir neçə milyon barel neftin çıxması deməkdir.
Bu səbəbdən Abqaiq Yer üzündə ən möhkəm qorunan məkanlardan biridir. Səudiyyə Ərəbistanı onun perimetrinə silahlı qüvvələr yerləşdirib, təhlükəsizlik qüvvələri xarici yaraqlılar və yerli dissidentlərin hədələrini fəal şəkildə hədəfə alır. Bundan başqa, Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin bu ölkədə böyük məntəqəsi var və Şərq Vilayətinə hərbçilər yerləşdirib.
Müəllif yazır ki, Abqaiq neft bazarı üçün Hörmüz Boğazından daha artıq risk mənbəyidir. Səudiyyə qüvvələri 2006-cı ildə obyektə intiharçı bomba partlayışını önləmişdilər. Təhlükəsizlik ekspertləri obyektin nisbətən təhlükəsiz olduğunu təxmin edirdilər, ancaq şənbə günü hücumu bunun yanlışlığını üzə çıxardı.
Neft ixracı sistemini şaxələndirmək
Abqaiq və Xurais neft yatağına hücumdan sonra Səudiyyədə neft hasilatı günə 5,7 milyon barel azalıb, bu, qlobal təchizatın 5 faizindən çox deməkdir.
“Qısamüddətli sual Abqaiqi necə bərpa etmək və gələcək hücumlardan qorumaqdır. Uzunmüddətli məsələ isə neft axınının marşrutunu dəyişməklə ərazidən asılılığı azaltmaq, neft ixracı sistemini şaxələndirməkdir”, – müəllif yazır.
“Abqaiq həm də krallığın təhlükəsizlik strategiyasının yenidən dəyərləndirilməsinə yol açacaq. Bu strategiyanın mərkəzində Birləşmiş Ştatlarla alyansın gücləndirilməsi; İrana maksimum təzyiqi həvəsləndirmək; İsraillə əlaqələri sıxlaşdırmaq; Suriya və Yəməndə ön mövqedə olmaq; Livan və İraqdan uzaqlaşmaq durub.
Bu strategiyaya görə, İranla silahlı qarşıdurmanı krallığın sərhədlərindən kənar tutmaqla neft hasilatı və əsas yaşayış məskənlərini təhlükəsiz saxlamaq olar, ancaq durum daha dəyişib”, – məqalədə deyilir.
Birləşmiş Ştatlar Səudiyyədəki hücumlara görə İranı ittiham etsə də, Tehran ittihamları rədd edib.
Bu arada İranın Yəməndəki müttəfiqləri yeni hücumlar vədi verib. Husi ordusunun sözçüsü Yahya Sarea deyib ki, şənbə günü dronla hücumları bu silahlı qruplaşma həyata keçirib.
“Bu hücuma cavab verilərsə, sonucda durumun qızışmasını nəzarətdə saxlamaq problemə çevriləcək. Eyni problem ilin əvvəlində Hörmüz boğazında gəmilərə hücumlara cavab verərkən də yaranmışdı.
Abqaiqə hücumu Birləşmiş Ştatlar gözardı edə bilməz. Ancaq başladımı, eskalasiya zəncirinə nəzarət çətin olacaq”, – müəllif yazır.