Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

İranın strategiyası işləyir – Qərb mediası


İranın Hörmüz boğazında saxladığı Britaniya gəmisi
İranın Hörmüz boğazında saxladığı Britaniya gəmisi

İranın bu yay sərgilədiyi qabalıq təsirini göstərir: Vaşinqton Tehranı Fars Körfəzində sıxışdırmaq məsələsində böyük dilemma qarşısındadır; İran ABŞ Prezidenti Donald Trump-ın müharibə istəmədiyini ifşa etdi və Fransa İrana regionun azaldılması əvəzinə maliyyə təklifləri edib.

“Stratfor” təhlil mərkəzinin portalında Reva Goujon yazır ki, İrana qarşı sərt mövqe tutan John Bolton-un milli təhlükəsizlik müşaviri postundan uzaqlaşdırılması diplomatiya üçün daha çox yer açmış olur. Ancaq Trump İranın sanksiyaları yüngülləşdirmək tələbinə əməl etməsə, iki ölkənin bu ay Nyu Yorkda BMT-nin Baş Məclisi çərçivəsində bir araya gəlməsi şansı azalır.

Müəllif yazır ki, 2020-ci ilə doğru həm Tehranda, həm də Ağ evdə siyasi təzyiq yüksələcək. İndi İran Trump-ın müharibədən qaçmaq niyyətindən daha çox əmindir və Tehran daha bir çıxılmaz durum yaratmaqdan ötrü Fars Körfəzində hərbi hədəsini dirçəldə bilər.

“Ağ ev yanlış olaraq belə fərz elədi ki, İrana maksimum təzyiq göstərməklə ABŞ-ın tələblərinə təslim edəcək… Doğrudur, İran dərin iqtisadi çaxnaşma içindədir: inflyasiya 50 faizə yaxınlaşır, xarici sərmayə, demək olar, dondurulub, ölkənin neft ixracı günə 200 min barreldən aşağı düşüb… Ancaq bütün bunlara baxmayaraq, İran hökuməti ağır iqtisadi çətinliklər altında sürünmür. Ölkənin mərkəzi bankı son aylar valyutanın məzənnəsini sabitləşdirə bilib, qaçaqmalçılar neft satışının gizli şəbəkələrini bərpa edib və hökumət valyuta alverçilərinə sərt cəzalar tətbiq edib”, – müəllif vurğulayır.

“Üstəlik, Tehran Trump-ın əsəblərini də oynada bilib”, – yazan müəllif İranın bir neçə xarici neft tankerinə hücumda, ABŞ dronunu vurmaqda şübhəli bilindiyini yada salır. Cəbbərültariqdə tankerinin saxlanmasına cavab olaraq İran Britaniya tankerini ələ keçirdi.

Müəllifin fikrincə, birincisi, İran Hörmüz boğazında hərbi təhdid yaratdığını ortaya qoydu. İkincisi, Trump-ın ölkəsini Yaxın Şərqdə daha bir müharibəyə sürükləmək istəmədiyini ifşa etdi. Üçüncüsü, Avropa ölkələrini ABŞ-ın sanksiya strategiyasına yaxınlaşdırmaqdansa, Xarici işlər naziri Javad Zarif Fransada G-7 sammitinə qəfil səfər etdi, Fransanın 15 milyard dollarlıq kredit təklifini müzakirə elədi.

Dördüncüsü, Trump-ın Körfəzdəki tərəfdarlarının necə yüngül mövqe tutduğunu üzə çıxardı, axı, Fars Körfəzində müharibədən onlar çox şey itirə bilərlər. Və nəhayət beşincisi, Birləşmiş Ştatların dənizdə koalisiya yaratmaq təklifi Ağ evin İrana qarşı birtərəfli siyasətinin diplomatik bədəlini ifşa etdi: bu missiyaya yalnız Avstraliya, Bəhreyn və Böyük Britaniya qoşuldu.

XS
SM
MD
LG