Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 02:21

İran Boltonun vəzifədən getməsinə reaksiya verir


Hassan Rohani hökumətin iclasında
Hassan Rohani hökumətin iclasında

İran Birləşmiş Ştatlar “müharibə qızışdıranları kənarlaşdırmağa” çağırıb. Bundan öncə ABŞ-ın Milli təhlükəsizlik müşaviri John Bolton vəzifədən uzaqlaşdırılıb.

Prezident Hassan Rohani sentyabrın 11-də hökumətin iclasında deyib ki, Birləşmiş Ştatlar “döyüşkənlik və müharibəni qızışdırmağın onun xeyrinə olmadığını anlamalıdır. Bunların hər ikisindən… əl çəkməlidir”.

“Müharibə yanğısı – maksimum təzyiq – baş müharibə qızışdırıcısı ilə birlikdə getməlidir”, – Xarici işlər naziri Mohammed Javad Zarif tvitində yazıb.

Ötən ilin mayından İranla Birləşmiş Ştatlar arasında gərginlik qızışıb. Prezident Donald Trump İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Prezident Trump sentyabrın 10-da milli təhlükəsizlik müşaviri John Boltonu istefaya göndərib.

Bəzi təhlilçilər bunu Boltonun ABŞ prezidentinin İran lideri Hassan Rohani ilə görüşünə qarşı olması ilə bağlayırlar. Bundan başqa John Bolton Rusiya və Əfqanıstanla bağlı da sərt siyasətin yürüdülməsinə tərəfdar idi.

İran prezidenti administrasiyasının başçısı Mahmud Vaezi Boltonu “diplomatiyanın düşməni”, “müharibə və təkbaşınalıq carçısı” və “İran xalqının ən qatı düşmənlərindən biri” adlandırıb.

Hassan Rohaninin müşavirlərindən Hsameddin Ashena isə deyib ki, Boltonun vəzifəsindən kənarlaşdırılması “Amerikanın maksimum təzyiq strategiyasının aşkar iflası deməkdir”.

Lakin IRNA dövlət xəbər agentliyinə müsahibəsində İranın BMT-dəki səfiri Majid Takht-Ravanchi bildirib ki, Boltonun gedişinin ABŞ-İran münasibətlərinə təsiri barədə fikir yürütmək “hələ çox tezdir”.

Trump və Rohani arasında mümkün danışıqlar məsələsinə dair suala cavab verərkən Takht-Ravanchi deyib ki, belə bir görüş yalnız Birləşmiş Ştatlar öz “iqtisadi terroruna” son qoyandan və İrana qarşı “qəddar sanksiyalarını” qaldırandan sonra baş tuta bilər.

Majid Takht-Ravanchi
Majid Takht-Ravanchi

Səfir əlavə edib ki, istənilən danışıqlar 2015-ci il nüvə sazişinin iştirakçıları olan dünya güclərinin formatında aparılmalıdır.

Trump Boltonun azad edildiyi barədə bəyanat verəndən az sonra ABŞ-ın maliyyə naziri Steven Mnuchin təsdiq edib ki, ABŞ prezidenti Rohani ilə “heç bir şərt qoymadan” görüşməyə hazırdır, lakin Birləşmiş Ştatlar İrana münasibətdə maksimum təzyiq siyasətini davam etdirəcək.

Ağ Evdə suallara dövlət katibi Mike Pompeo ilə yanaşı cavab verən Mnuchin təsdiqləyib ki, Trump-Rohani görüşü 2019-cu il BMT Baş Assambleyasının əsnasında baş tuta bilər. Assambleya öz işinə sentyabrın 23-də başlayır.

Sentyabrın 11-də prezident Hassan Rohani deyib ki, “Vaşinqton üzərimizə maksimum təzyiq tətbiq edir və bizim cavabımız buna müqavimət göstərmək və qarşı çıxmaqdır”.

İran prezidenti bunu da bildirib ki, Tehran 2015-ci il nüvə sazişi üzrə öhdəliklərinə əməl etməyə hazırdır, amma bunun üçün sazişi imzalamış başqa ölkələr də belə etməlidirlər.

Rohani vurğulayıb ki, Tehran “zəruri olarsa, nüvə sazişi öhdələliklərindən uzaqlaşmasını davam etdirə bilər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG