Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Bolton işdən niyə çıxarıldı


Donald Trump və John Bolton
Donald Trump və John Bolton

Milli təhlükəsizlik müşaviri John Bolton-un Ağ evdən getməsi mümkün ABŞ-İran nüvə danışıqları yolunda əngəli qaldırsa da, belə bir dialoqun ehtimalı aşağı olaraq qalır. Bunu “Reuters” agentliyi ABŞ-ın indiki və keçmiş rəsmilərinə istinadla yazır.

Prezident Donald Trump İrana qarşı sərt mövqe tutan Boltonu vəzifədən kənarlaşdırıb. Bolton vəzifəyə gəlməmişdən İranın nüvə proqramını dağıtmaqdan ötrü hərbi addıma çağırırdı. O, sonradan öz şefinin Əfqanıstan, Rusiya siyasətilə razılaşmamağa başladı.

“Doktor Xeyir”

Trump-ın üçüncü milli təhlükəsizlik müşaviri olan Bolton İrandan neft ixracını sıfır səviyyəsinə salmağa çalışır, Trump-ın İran Prezidenti Hassan Rouhani ilə görüşmək istəyinə qarşı çıxırdı.

“İranla danışıqlar məsələsində Bolton ‘Doktor Xeyir’ə çevrilmişdi”, – Dövlət Departamentinin keçmiş rəsmisi Cliff Kupchan yazır.

“Reuters” yazır ki, İranın Ali dini lideri Ayətulla Ali Khamenei onsuz da bu ay BMT-nin Baş Assambleyası çərçivəsində görüşə icazə verən deyil. Kupchan deyir: “Belə bir görüşün keçirilməsindən ötrü təzyiq artır. Bu baş verməsə, neftin qiyməti bir az da düşə bilər”.

Bolton-un vəzifədən getməsi xəbəri ABŞ-da neftin qiymətini 1 faizdən çox ucuzlaşdırıb. İnvestorlar güman edirlər ki, Birləşmiş Ştatlar İrana sanksiyaları yüngülləşdirə bilər. Digər tərəfdən, ABŞ-ın mümkün hərbi zərbə ehtimalı da azalmış olur.

Trump ötən il İranla 2015-ci il nüvə sazişindən məhz Boltonun dəstəyilə çıxıb, Tehrana sanksiyaları bərpa edib.

Təhlilçilər Maliyyə naziri Steven Mnuchin və Dövlət katibi Mike Pompeo-nun İrana qarşı Bolton-la müqayisədə daha yumşaq mövqedə olduğunu deyirlər. Administrasiyanın keçmiş rəsmisinin sözlərinə görə, bu, Rouhani ilə görüşün şansını artırır. Bir şərtlə ki, iranlılar öncə sanksiyaların tamamilə qaldırılmasını tələb etməsinlər.

Problem görüş keçirməkdə deyil

Digər indiki və keçmiş rəsmilər də belə bir görüşlə bağlı, azından Trump-ın nöqteyi nəzərindən, heç vaxt güclü şübhə olmadığını söyləyirlər.

“Problem tərəflər arasında danışıqları təsəvvür etmək olmayıb”, – keçmiş prezident Barack Obama dövründə Dövlət Departamenti və Ağ evdə çalışmış Phil Gordon deyib. Onun fikrincə, Trump Şimali Koreya ilə danışıqları ilə də göstərib ki, “hadisələrin mərkəzində olmağı sevir”.

“Əsl problem hər iki tərəfin razılaşacağı sənədi hazırlamaqdır. İranlıların ABŞ-ın indiki şərtlərini qəbul edəcəyini təsəvvür etmək çətindir, bu şərtlərə uran zənginləşdirməni həmişəlik dayandırmaq, daha dərin təftişlər, ballistik raketlərə məhdudiyyətlər, İranın regional siyasətinin tamamilə dəyişməsi daxildir”, – o, sözlərinə əlavə edib.

“AP” agentliyi də Bolton-un vəzifədən getməsi səbəbləri içində onun ötən həftəsonu Talibanla Kemp Deyviddə təxirə salınmış görüşə, eləcə də Trump-ın iranlı həmkarı ilə mümkün görüşünə qarşı çıxmasını göstərir.

İran hökuməti Bolton-un işdən kənarlaşdırılmasını alqışlayıb. Hökumətin sözçüsü Ali Rabiei bunun daha isti münasibətlərə yol aça biləcəyini deyib.

XS
SM
MD
LG