Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:04

Honq Konqda məktəblilər canlı zəncir yaratdılar


Məktəblilər canlı zəncir yaradır
Məktəblilər canlı zəncir yaradır

Bu gün – sentyabrın 9-da Honq Konqda yüzlərlə məktəbli şəhərin müxtəlif rayonlarında canlı zəncir qurublar. Bəziləri maska taxmış məktəblilər hökumətə qarşı çıxan etirazçıları dəstəkləyiblər. Ötən həftəsonu Çinin idarəçiliyində olan bu şəhərdə toqquşmalar baş verib.

Bazar günü metrostansiyaların bəziləri bağlı olsa da, bu gün yenidən açılıb. “Reuters” Asiyanın maliyyə habı sayılan Honq Konqda atmosferin gərgin qaldığını xəbər verir.

“Məktəblər səviyyəsində canlı zəncir bu etirazın cəmiyyətdə necə dərin izləri olduğunu göstərir”, – şəhərin Koulun rayonunda yerləşən Wah Yan Kollecinin məzunu Alan Leong deyib.

Üç aydır gedən etirazlar ilkin olaraq ekstradisiya qanununa qarşı başlanıb, sonradan tələblər böyüyüb, daha böyük demokratiya tələb olunub. Şübhəlilərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsi isə artıq müzakirədən çıxarılıb.

Turist axını azalıb

Ötən illə müqayisədə bu ilin avqustunda Honq Konqa turist axını 40% azalıb. Bunu şəhərin maliyyə katibi Paul Chan deyib.

Etirazlar zamanı beynəlxalq aeroportun işinə də əngəl yaranıb.

“Ən narahatedici məqam odur ki, irəlidə yolun daha yaxşı olacağı görünmür”, – Chan bazar günü bloqunda yazıb. O, bəzi otellərə sifarişlərin 70%-ə düşdüyünü yazıb.

Bazar günü şəhərin Mərkəzi rayonunda dəmiryolu stansiyasında qarışıqlıq yaranıb, fəallar küçədə od qalayıb. Bundan öncə isə minlərlə etirazçı ABŞ konsulluğu qarşısında dinc yürüş keçirmişdi.

Çin Birləşmiş Ştatları və Britaniyanı Honq Konqda etirazları qızışdırmaqda suçlayıb. Çinin dövlət mediası bazar ertəsi yazıb ki, Honq Konq Çinin ayrılmaz hissəsidir və istənilən ayırıcılıq “məhv ediləcək”.

“China Daily” qəzeti yazıb ki, bazar günü yürüşü etirazların arxasında xarici qüvvələrin dayandığını göstərir.

Bu arada gənc fəal Joshua Wong bazar ertəsi polisdən buraxılıb. O, avqustda həbs olunandan sonra zaminə buraxılmışdı və zaminlik şərtlərini pozmaqda suçlanaraq saxlanmışdı. “Frans Pres” agentliyi artıq fəalın Almaniyaya yola düşdüyünü xəbər verir. Fəalın daha sonra Birləşmiş Ştatlara da gedəcəyi bildirilir. O, avqustda elə etirazlarda iştirakına görə saxlanmışdı.

Anonimlik şərtilə danışan ABŞ rəsmisi ölkəsinin Honq Konqda baş verənləri izlədiyini söyləyib.

XS
SM
MD
LG