Keçid linkləri

Təcili xəbərlər
2019, 23 Noyabr, şənbə, Bakı vaxtı 05:00

Keçmiş məhkum işgəncədən danışır…


Həbsxana

Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan məhkumlara işgəncələr verildiyi bildirilir.

Bu barədə «Turan» agentliyinə ictimai fəal, keçmiş məhbus Bayram Məmmədov danışıb. O vurğulayıb ki, ona çatan məlumata görə, məhbuslara işgəncələri sözügedən cəzaçəkmə müəssisəsinin yeni rəisi Çingiz Yunusov tətbiq edir: «İşgəncələr əvvəl də olub. May ayından müəssisənin rəisi dəyişdirilib. Ancaq çox təəssüflər olsun ki, deyilənlərə görə, bu işgəncə faktlarının azalmasına yox, daha da kəskinləşməsinə səbəb olub».

B.Məmmədov vurğulayıb ki, iddialara əsasən, yeni rəis məhkumları qadağan edilmiş spirtli içki sayılan «braqa» (qıcqırdılmış meyvədən kustar üsulu ilə düzəldilmiş içki-red.) düzəltdiklərinə görə həmin içkini başlarına tökməklə və öz şəxsi telefonuna çəkməklə cəzalandırır: «Bildirildiyinə görə, o, məhkumları yerdə kötəklədir və yenə bunları öz telefonu vasitəsilə çəkir».

Penitensiar Xidmət təkzib edir

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə «Turan» agentliyinə bildirib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində işgəncələr haqqında məlumatlar həqiqətəuyğun deyil: «İstər həmin cəzaçəkmə müəssisəsində, istərsə də xidmətin digər tabe qurumlarında saxlanan məhkumların hüquqları qorunur və bu proses müəssisələrin rəhbərliyin nəzarəti altındadır».

M.Sadıqov əlavə edib ki, ayrı-ayrı məhkumların saxlanma qaydalarının pozulmasına, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qanuni tələblərinə riayət olunmasından imtinaya yönələn hərəkətlərinin qanunvericiliyə uyğun qarşısı alınır.

Bu gün, avqustun 22-də Penitensiar Xidmət 12 saylı Cəzaçəkmə Müəssisəsi ilə də bağlı oxşar iddiaları təkzib edib.

«Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən tabe qurumlarda həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması,… habelə xidmətin bütün fəaliyyət sahələrini əhatə edən tədbirlərin həyata keçirilməsinə dair ictimaiyyətə əvvəllər olduğu kimi müfəssəl məlumat veriləcək», - qurum vurğulayıb.

Xatırlatma

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum etmişdi.

Amma gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi. Onların hər ikisi bu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Amma B.Məmmədov azadlığa çıxdıqdan iki həftə sonra (martın 30-da) yenidən saxlanıb. B.Məmmədov bu dəfə polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs cəzası alıb. Gənc fəal ittihamı qəbul etmirdi. Verdiyi apellyasiya şikayəti ilə bağlı keçirilən prosesdə saxlandıqdan sonra işgəncəyə məruz qaldığını açıqlamışdı.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə onun işgəncə ilə bağlı dediklərini təkzib etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG