Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

Bəzi rayonlarda pambıq sahələri susuz qalıb...


Tərtər rayonunda pambıq sahəsi, arxiv foto
Tərtər rayonunda pambıq sahəsi, arxiv foto

“Biz bu yayın istisində alışıb-yanırıq, üstümüzə su tökən yoxdur...”

Saatlı rayonunun Əliabad kəndinin sakini Yusif Ağayev belə deyir. Onun sözlərinə görə, həm Əliabad, həm də qonşu Məmmədabad kəndlərində istər içməli, istərsə də suvarma suyu qəhətə çəkilib:

“Bir maşın suya görə 10 manat ödəyirik”

“Nəinki əkinə verməyə, hətta əl-üz yumağa da su tapmaq olmur. Həyətlərimizdə ağaclar yanır. Arxlarda su olmadığından quyular da quruyub, “kaçalka”lar su çıxara bilmir. Məcbur olub içmək, məişətdə istifadə etmək üçün suyu maşınla gətirdib, çənlərimizə boşaltdırırıq. Hər həftə bir maşın suya görə, 10 manat ödəyirik.”

“Pambıq da üz ağartmadı”

Arxiv foto
Arxiv foto

​Y. Ağayevin deməsinə görə, bu iki kənddə yaşayan əhali bu il daha çox pambıq əkib. Onun vurğulamasına görə, düşünüblər ki, bəlkə su əldə edə bilələr:

“Amma pambıq da üz ağartmadı. Susuzluqdan kolları quruyub, gülü erkən tökülüb. İmkanı olanlar nasoslarla şor kollektorlardan, qobulardan çirkli su çəkib sahələrinə axıdırlar. Camaat bilmir nə yolla əkinlərini xilas etsin. Axı bunun arxasında xərc, əziyyət və qışın dolanışığı dayanır...”

İmişli rayonunda kəndində su üstündə baş yarıldığı deyilir.

İmişli rayonunun Məhəmmədli kəndində yaşayan Sarvan Ataşovun qeyd etməsinə görə, kəndlərini su ilə təmin edən Rəsullu arxında suyun səviyyəsi o qədər aşağı düşüb ki, oradan onlara su çıxmır:

“Səviyyəni qaldırmaq üçün kanalın qabağını içərisi torpaq dolu kisələrlə tuturlar. Onda da aşağı başda olanlar narazı qlır. Ötən gecə, iki nəfər elə buna görə bel davasına çıxıb, başı yarılan olub. Belə davam etsə, camaat bir-birini qıracaq. Həyətlərdə çoxillik ağaclar quruyub. İndən belə su gəlsə də, onları geri qaytarmaq mümkün olmayacaq.”

Hələlik, şikayətlərə sözü gedən rayonların rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Biləsuvardan prezidentə gedən teleqram

Prezident İlham Əliyev Sabirabadda pambıq sahəsində, 17 sentyabr 2016
Prezident İlham Əliyev Sabirabadda pambıq sahəsində, 17 sentyabr 2016

Bu günlər Biləsuvar rayonun İsmətli kəndinin isə bir qrup sakini də sudan ötrü dövlət başçısı İlham Əliyevə müraciət etmişdi:

“İslahatı aparılarkən əhaliyə iki yerdən torpaq verilib. Buna görə pay torpağımızın bir hissəsi yaşayış məntəqəsinin daxilindədir, o biri hissəsi isə “Cərçili” adlanan ərazidə. Elə vəziyyət yaranıb ki, bu ərazilərin heç birinə su gəlmir. Yayın isti günlərində əhalinin bağ-bağatı da yanır, əkinləri də. Şikayətimizə burada baxan yoxdur. İndicə poçtdan gəlmişəm- prezidentə teleqram vurdum. Görüm bundan nə çıxacaq...”

“Düz qırx gündür ki, pambığın suvarılması gecikir”

Bunu da həmin kənddə yaşayan Bəyzadə Abbasov deyir. Onun sözlərinə görə, ötən il pambıqdan yaxşı məhsuldarlıq əldə edib və qazancı olub. Bundan həvəslənərək yenidən, özü də əvvəlkindən də çox pambıq əkib:

“Ailə üzvlərinin pay torpağından əlavə daha 4 hektar yeri icarəyə götürərək ümumilikdə 7 hektar yarım sahədə pambıq əkmişəm. Yaxşı da çıxış alınıb. Becərmə, dərmanlama işlərini vaxtlı-vaxtında aparmışam. Bircə su məsələsində dirənib qalmışıq. Düz qırx gündür ki, pambığın suvarılması gecikir. Bir az da geciksə, əkinim məhsul vermədən yanacaq. Qazanc bir yana qalsın, məni indidən dərd götürüb ki, bu xərcin altından necə çıxacağam.”

“Boruya görə, bütöv bir kənd susuz qalıb”

İxtiyar Ağayev
İxtiyar Ağayev

İsmətli kəndinin başqa bir sakini İxtiyar Ağayev də deyir ki, kəndin hər iki ərazisinə su vermək imkanı var:

“Əhali pul toplayaraq “Cənub Muğan” kanalından arx çəkib. Bu arx gəlib dirənib şor kollektoruna. İndi bizə 25 metrlik iridiametrli boru lazımdır ki, suyu kollektorun üzərindən keçirək. Hesablatdırmışıq, buna 3 min 300 manat vəsait tələb olunur. Rayon rəhbərliyi, yerli su idarəsi ilə dəfələrlə görüşümüz olub. Amma bizə heç kəs kömək etmir.”

İ. Ağayev həmçinin bildirir ki, “Cərçili” adlanan ərazidə su var, amma ondan istifadə edə bilmirlər:

“Bu ərazidə sakinlərin pay torpağı ilə yanaşı, dövlət fonduna aid edilən torpaqlar da var. Həmin torpaqlarda rayonun keçmiş və indiki vəzifəli şəxsləri çəltik, soya əkiblər, balıq gölləri yaradıblar. Səhər-axşam su yüz, hətta min hektarlarla torpağı olan imkanlı şəxslərin təsərrüfatlarına axır. Mən bu il nə taxılımı suvara bilmişəm, nə də düz-əməlli pambığımı. Ölkənin ərzaq təhlükəsizliyi, pambıqçılığın strateji sahə olması barədə deyilənlərə burada əhəmiyyət verən yoxdur.”

Rəsmilərin telefonu susur, bələdiyyə isə...

İsmətli kəndlilərinin dediklərinə Biləsuvar Rayon İcra Hakimiyyətindən (RİH) və rayonun Suvarma Sistemləri İdarəsi-ndən münasibət almaq cəhdləri nəticə verməyib.

İsmətli kənd bələdiyyəsinin sədri Mirzəxan İbayev problemin ümumən mövcudluğunu təsdiqləsə də, ciddi olmadığını söyləyir:

“Əvvəl ondan başlayaq ki, “Cənub Muğan” kanalından kəndə yeni arxın çəkilməyi qonşu kənd əhalisinin maraqlarına toxunur. Bu, gələcəkdə daha çox mübahisə və münaqişələrə yol aça bilər. Suvarma suyu ilə təminatda problemlər var, amma ciddi deyil və onları aradan qaldırmaq olar. Mövcud durum aidiyyatı təşkilatlarla müzakirə olunub. Yaxın vaxtlarda effektli tədbirlər görüləcəyinə söz verilib.”

Suyun məmurların ixtiyarına verilməsi barədə iddialara gəlincə isə M.İbayev qeyd edilənləri əsassız sayıb.

İcra başçısından nikbin açıqlama

Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahir Quliyev isə hesab edib ki, pambıqçılıqda məhsuldarlıq bu il daha çox olacaq. Hər halda RİH-in rəsmi internet səhifəsində yayılan məlumata görə, o, cari ilin birinci yarısının yekunlarına həsr edilən yığıncada bele deyib:

“2019-cu ildə rayonumuzda 10 257,7 hektar sahədə pambıq əkilib. Hazırda sahələrdə bol məhsul yetişdirilir. Hesab edirik ki, 2019-cu ilin məhsulu ötən illərlə müqayisədə 5-7 sentner daha artıq olacaq”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG