Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Aranda pambıq sahəsində günvurma...


İmişli, Qaralar kəndi, 2018-ci il
İmişli, Qaralar kəndi, 2018-ci il

Son günlər havanın kəskin istiləşməsi ilə əlaqədar ( rəsmi məlumatlara görə, temperatur 40 dərəcəyə yüksəlib) ölkənin Aran bölgəsində açıq havada, xüsusilə pambıq tarlalarında iş görülməsi ilə bağlı məhdudiyyətin tətbiq olunduğu bildirilir. Bu barədə AzadlıqRadiosuna yerli mənbələr məlumat verib.

ARANLIDA NƏ BAŞ VERİB: ZƏHƏRLƏNMƏ, YOXSA GÜNVURMA?

İmişlinin Aranlı kəndindən bildirilir ki, iyunun 23-də fermer Zamil Məmmədovun pambıq sahəsində həyəcan yaşanıb.

“Səhər saat heç 10 olmamışdı ki, tarlada alaq otlarını təmizləyən 16-dək işçinin halı qəfil pisləşdi. Təcili yardım çağırıldı. İcra hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri də tökülüşüb gəldilər. İşçilərə yaxınlıqdakı kafenin həyətində ilkin, 5 nəfərə isə kənd xəstəxanasında əsaslı tibbi yardım göstərildi. Əhali arasında söz-söhbət gəzir ki, pambığa verilən kimyəvi pereparatlardan zəhərlənmə olub”, deyə adının çəkilməsini istəməyən bir şəxs vurğulayıb.

Amma İmişli rayon İcra Hakimiyyəti başçısının Aranlı kəndi üzrə nümayəndəsi Əlihümbət Alıkişiyev zəhərlənmə ilə bağlı deyilənləri təkzib edir:

“Ötən ilki hadisələrə görə əhalidə panika var. Bu hadisə təkrarlanmasın deyə pambıq tarlalarının dərmanlanması işi ciddi nəzarətə götürülüb. Pestisidlər veriləndən sonra 18 gün ərzində heç kəs tarlaya buraxılmır. O fermerin sahəsi də çoxdan dərmanlanıb. Sadəcə son vaxtlar havalar çox isti keçir. Buna görə günvurma olub. Bir neçə nəfərin halı pisləşdiyindən bütün işçilər sahədən çıxarılıb. Kafenin həyətində kölgəli yer olduğuna görə, işçilər ilkin olaraq bura gətirilib. Üzlərinə su vurdular, sərinlədilər. Özünü pis hiss edənlərə sistem köçürüldü. Burada gizlədiləsi bir şey yoxdu. Bundan sonra İcra Hakimiyyətindən göstəriş verildi ki, saat 9-dan, 10-dan sonra - nə vaxt ki, güclü gün şüası olur, sahədə işlər dayandırılsın”.

İmişli, Qaralar kəndi, 2018-ci il
İmişli, Qaralar kəndi, 2018-ci il

​Aranlı kənd xəstəxanasının baş həkimi Məhəmməd Bəylərov da işçilərdə narahatlığın “kimyəvi zəhərlənmə” olmadığını deyir:

“Mən sizə tam səmimi, vicdanla deyirəm: bu günvurma idi. Rayon mərkəzi xəstəxanasından da kəndə həkim briqadası gəlmişdi. Beş nəfərə zəruri tibbi yardım göstərildi. 3 saat keçəndən sonra, özlərini yaxşı hiss etdiklərindən evə buraxıldılar”.

EYNİ MƏHDUDİYYƏTİN SAATLIDA DA TƏTBİQ OLUNDUĞU DEYİLİR

Saatlı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Reyhan Ocaqova da havaların kəskin istiləşməsi ilə əlaqədar tarla işlərində məhdudiyyətin tətbiq olunduğunu deyir:

“İcra başçısı həm ümumrayon tədbirində, həm də yerlərdə keçirdiyi səyyar görüşlərdə saat 10-dan 18-dək tarlalarda iş görülməsinin dayandırılmasını tövsiyə edib. Bunu yerlərdə olan nümayəndələrimiz təsərrüfat rəhbərlərinə çatdırıblar. Hələlik, bizdə ciddi narahatlığa səbəb olan hadisə baş verməyib”.

EKSPERT: "MƏHDUDİYYƏTƏ ƏMƏL ETMƏK ÜÇÜN GƏRƏK İŞƏ GÜNƏMUZDÇU CƏLB ETMƏYƏSƏN"

Əlaqə saxladığımız günəmuzd işçilərin əksəriyəti isə əvvəlki qaydada işlədiklərini bildirdilər.

“Bizə bir günlük işə görə 10 manat pul verilir. 1-2 saatlığa görə heç kəs bunu ödəməz. Saat 12.30-dan 15.00-dək nahar etməyə və dincəlməyə icazə verilir. Saat 10-da və 16.30-da isə 15 dəqiqəlik çay fasiləsi olur” - deyə adının çəkilməsini istəməyən bir işçi qeyd edib.

Kənd təsərüfatı mütəxəssisi Vahid Məhərəmli isə icra hakimiyyətlərinin tətbiq etdiyi bu məhdudiyyətə əməl etməyin çətin olduğunu bildirir:

İmişli, Qaralar kəndi, 2018-ci il
İmişli, Qaralar kəndi, 2018-ci il

“Tarla işlərinə əsasən günəmuzdçular cəlb edilir. Onlara bir günlük əməyə görə təxminən 10 manat pul verilir. İşçilər tarlaya səhər saat 8-9 arası çatdırılır. Saat 10-dan 18-dək iş dayandırılanda, bu vaxt ərzində işçi ya dincəlmək şəraiti olan yerdə saxlanılmalıdır, ya da evə aparılıb-gətirilməlidir. Apardığımız monitorinqlər göstərir ki, pambıq əkilən sahələrin əksəriyyətində “sahə evi” yoxdur. İşçilər tarlalara yük daşınması üçün nəzərdə tutulan avtomobillərlə aparılır. İstidə bərbad təsərrüfat yolunda yük maşınında “çalxalana-çalxalana” getmək açıq havada iş görməkdən az əziyyətli deyil. Problem pambıqçılığın gəlirli olmamağı ilə bağlıdır. Bizdə xam pambığın qiyməti ucuz oduğundan fermerlərimiz də ucuz başa gələn vasitələrdən istifadə edir”.

XATIRLATMA

2018-ci ilin iyununda Saatlı, Tərtər, İmişli və Azərbaycanın başqa bir neçə rayonundakı pambıq tarlalarında alaq otlarını təmizləyən işçilər kütləvi olaraq zəhərlənməyə məruz qalıblar. Onlardan bir çoxunun kimyəvi zəhərlənməyə məruz qaldığı bildirilirdi.Yayılan rəsmi məlumata görə bu hadisələrdən 200 nəfərədək şəxs zərərçəkmiş kimi tanınıb.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsi cinayət işi başlanmışdı. 10 nəfər vəzifəli şəxs Cinayət Məcəlləsinin 249.2-ci (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə təqsirləndirilib. Lakin sonradan onlara qarşı ittihamlar dəyişdirilib və hamısı həbsdən azad edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG