Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Xəzərə görə 39 iş məhkəməyə verilib


Xəzərin sahilində 'Çin səddi'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xəzərin sahilində 'Çin səddi'

«Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Xəzər dənizinin 20-50 metrlik sahilboyu torpaqlarının mühafizəsi ilə bağlı nəzarəti daha da gücləndirir. Bakı şəhərinin Qaradağ, Xəzər, Suraxanı, Binəqədi rayonları, eləcə də Sumqayıt şəhərinin ərazisində olan zonalarda monitorinq qrupları yaradılıb».

Bu barədə Komitənin iyulun 17-də yaydığı məlumatda yazılıb.

Məlumata görə, Xəzər dənizinin sahilboyu mühafizə zolağı torpaqlarından qanunsuz istifadə halları aşkarlandıqda İnzibati Xətalar Məcəlləsinin 248-ci maddəsinə əsasən protokollar tərtib edilir.

«Hazırkı dövrədək təqsirkar şəxslər barədə 80 halla bağlı protokol tətbiq edilib. Torpaq sahəsinin zəbt olunması ilə bağlı Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, 76 hal barəsində Daxili İşlər Nazirliyinə müraciətlər göndərilib, 39 işlə bağlı məhkəmələrdə iddia qaldırılıb», - məlumatda qeyd edilir.

Komitə daha sonra vətəndaşların diqqətinə çatdırır ki, «Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır».

Xəzər dənizinin Azərbaycana aid hissəsinin sahilboyu 20-50 metrlik zolağında tələblərin pozulmasına görə müxtəlif cərimələr mövcuddur.

Bundan başqa, bu məsələlərə aid pozuntular Cinayət Məcəlləsində də yer alıb. Orada pozuntulara yol verən şəxslərə hətta 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları da nəzərdə tutulur. Son günlər belə qanunsuz hasarlama ilə bağlı Bakıdakı iş adamlarından birinin 10 min manat cərimə edildiyi açıqlanıb.

A.İsmayılov
A.İsmayılov

Aslan İsmayılov: «Mövcud hasarları rəsmiləşdirirlər»

Hüquqşünas Aslan İsmayılov «Turan» agentliyinə bildirib ki, Xəzərin sahilində vəziyyət çox bərbaddır: «Əvvəl qanunvericilikdə dənizdən 130 metrədək ərazidən istifadə etmək olmazdı. Sonra oliqarxlar bu məsələyə girişdi, məsafəni 50 metrədək azaltdılar. Bu gün Xəzərin sahilində, demək olar ki, vətəndaşların dəniz sahilinə ayaq basması üçün yer yoxdur. Hamısı zəbt olunub. Dəniz sahilində fərdi şəxslər bağlar tikib, beşmetrlik hasarlar tikib, 5 hektar da torpaq alıblar. Bu şəxslər Azərbaycanda bir dəfə də dənizə girmirlər, dənizə ancaq xaricdə gedirlər, İtaliyada, İspaniyada və sair ölkələrdə...».

Hüquqşünasın dediyinə görə, dəniz sahilinin bir hissəsi də obyektlərdən ötrü bağlanıb. O, komitənin dəniz sahilində «hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır» ifadəsinə münasibət bildirərkən sual edib:

«Bu çəpəri kim çəkməlidir, çəpərin təyinatı nədir? Ümumiyyətlə, dünyanın heç yerində, normal bir ölkədə dəniz sahilində nə divar, nə hasar, nə də çəpər yoxdur. Burada söhbət hasarlamadan gedirsə, deməli, oradakı mövcud hasarları rəsmiləşdirirlər. Dəniz sahilinə heç nə ilə giriş məhdudlaşdırılmamalıdır».

«Dəniz sahili heç kimin atasının mülki deyil»

A.İsmayilov hesab edir ki, komitənin dəniz sahilinin qəfəsəli hasarla bağlı dedikləri təhlükəlidir: «Bu, o deməkdir ki, divarı sök, çəpər elə. Dəniz sahili heç kimin atasının mülki deyil, əhalinindir. Dünyanın heç yerində dəniz sahili hasarlamayıb. Ukraynada belə hasar var idi, onu da Saakaşvili sökdü».

Hüquqşünas misal olaraq bildirib ki, Ələt qəsəbəsindən (Bakıdan 66 kilometr cənub-qərb-red.) Bakıya doğru hərəkət etdikdə ərazinin boydan-boya hasara alındığını görürsən: «Dəniz görünmür. Bakıda dəniz sahilinə demək olar ki, bircə dənizkənarı bulvarda hasar çəkilməyib».

Hüquqşünas komitənin dəniz sahilinin zəbti ilə bağlı cinayət məsuliyyəti barədə bildirdiyinə gəlincə deyib ki, sahilboyu ərazinin zəbti ilə bağlı bir dənə belə cinayət işinə baxılmayıb.

«Niyə cinayət işi yoxdur? Ona görə ki, onu zəbt edənlərin hamısı məmur-oliqarxlardır», - İsmayılov qeyd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG