Keçid linkləri

Təcili xəbərlər
2019, 07 Dekabr, şənbə, Bakı vaxtı 06:07

Sevan gölü niyə yaşıllaşır


Sevan gölü

Ermənistanda “Sevan” adıyla tanınan “Göycə” gölünün rəngi dəyişir, mavidən yaşıla çevrilir. AzadlıqRadiosu-nun erməni xidməti gölün rənginin dəyişməsinin səbəbini ekspertlərdən soruşub.

Su resursları üzrə ekspert Knarik Ovannisian Sevanın rəngini dəyişməsini əsasən insan fəaliyyəti ilə bağlayır. Gölün mavi-yaşılımtıl rəng almasının əsas səbəblərindən biri yosunların artmasıdır ki, buna da Sevana axan çirkab sular səbəb olur.

“Belə davam etsə, Sevanı şirin su mənbəyi kimi itirə bilərik. O, regionumuzda yeganə mənbədir”, – ekspert söyləyib.

Hökumət konkret tarix qoymalıdır

Hökumətin 2006-cı ildə verdiyi qərarda deyilir ki, gölə yaşayış məntəqələri və obyektlərdən axan sular bioloji təmizlənməlidir. Yəni, gölün sahilində fəaliyyət göstərən restoranlar çirkab suların təmizlənməsi üzrə bioloji stansiyalarla təmin olunmalıdır.

***Buna da bax: Ermənistanda Sevanın müdafiəsinə qalxıblar

Ancaq bu illər ərzində bu ərazidəki yüzlərlə təsərrüfat subyektindən yalnız bir neçəsində belə stansiya quraşdırılıb, “Sevan Milli Parkı”nın direktoru Araik Unanian deyib.

Səhiyyə naziri Arsen Torosian (solda) və Ətraf mühit naziri Erik Grigorian
Səhiyyə naziri Arsen Torosian (solda) və Ətraf mühit naziri Erik Grigorian

Direktorun sözlərinə görə, hakimiyyət stansiyaların quraşdırılması üçün konkret müddət müəyyənləşdirməyib. “Əgər indi hamı dərhal bunu eləsə, çox yaxşı olar. Ancaq təsərrüfat subyektlərinin imkanlarıyla bağlı problem var”, – Unanian vurğulayıb.

Hökumət bioloji təmizləmə stansiyalarının quraşdırılması üçün dəqiq tarix qoymalıdır. Ekspert Knarik Ovannisian əmindir ki, əks halda təsərrüfat subyektləri stansiyasız işləyəcəklər və bu müddətdə gölə böyük ekoloji ziyan dəyəcək.

“Çayların suyu müəyyən məsafə qət edir və müəyyən dərəcədə öz-özünü təmizləyir, tam olmasa da, təmizləyir. Ancaq burada restoranların kanalizasiya suları birbaşa Sevana axır. Bu yolverilməzdir. Sevanı xilas etmək istəyiriksə, gölə axan çirkab suların qarşısını almalıyıq”, – ekoloq vurğulayıb.

Daha çox su çəkilir?

Göldə yosunların artmasını ekoloqlar həm də Sevandan suyun çəkilməsiylə əlaqələndirirlər.

Hər il göldən 170 milyon kubmetr su çəkilir. Knarik Ovannisian əmindir ki, Sevana axıdılandan daha çox su çəkilir. “Sevana axan 28 çay ilə 170 milyon kubmetr su gətirir, ancaq indi bu həcmin azalmasından əminəm. Digər tərəfdən qlobal istiləşmə gedir, temperatur yüksəlir, suyun həcmi azalır”, – o vurğulayıb.

Ətraf mühit naziri Erik Grigorian isə Sevandan çəkilən suyun həcminin mümkün qədər azaldıldığını deyir.

Nazirin sözlərinə görə, su hövzəsinin rənginin yaşıllaşmasının səbəbini anlamaqdan ötrü araşdırma başladılıb. “İrimiqyaslı araşdırma aparılacaq, əsas mənbələr tapılacaq və bu elmi araşdırmalar əsasında tədbirlər görüləcək”, – Grigorian söyləyib.

Ekspertlər göldə yosunların fəallaşmasını balıq və xərçəng ehtiyatlarının azalması, temperaturun yüksəlməsi ilə də bağlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG