Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Diplomatlar Liviyada 'hərbi cinayət' törədildiyini deyirlər


Tajurada polis maşını
Tajurada polis maşını

BMT Təhlükəsizlik Şurası iyulun 3-də Liviyada saxlanma mərkəzinə endirilmiş hava zərbəsi nəticəsində çox sayda miqrantın həlak olması ilə əlaqədar qapalı iclas keçirir.

BMT baş katibi Antonio Guterres “bu dəhşətli hücumu” pisləyib və hadisənin müstəqil təhqiqatına çağırıb.

Liviya barədə müzakirələrin keçirilməsini hazırda şuranın sədri olan Peru rica edib.

BMT bildirir ki, iyulun 2-də gecə saatlarında Tripolinin şərqində yerləşən Tajura saxlanma mərkəzinə aviasiya zərbələri endirilməsi nəticəsində 44 nəfər ölüb və daha 130 nəfər yaralanıb.

Guterres deyib ki, BMT məhz mülki əhalinin və miqrantların təhlükəsizliyinin təminatı məqsədilə Liviyada döyüşən tərəflərə saxlanma mərkəzinin dəqiq koordinatlarını vermişdi.

Baş katibin Liviya üzrə xüsusi elçisi Ghassan Salame bundan əvvəl demişdi ki, “bu hücum aşkar hərbi cinayət tərkiblidir, beləki ağır şərait ucbatından bu sığınacağa pənah gətirmiş məsum insanları qəfil hədəfləyib”.

Tajuradakı mərkəzdə qadınlar və uşaqlar da daxil azı 600 qaçqın və miqrant saxlanır.

BMT bildirib ki, bu hadisə nəticəsində ölü sayının artacağı gözlənilir.

Ümumilikdə isə Eritrea, Somali, Sudan və Efiopiyadan olan azı 6000 miqrant Liviya boyunca qurulmış onlarca düşərgədə saxlanır. Silahlıların nəzarətində olan bu mərkəzlərdə adamların işgəncə və pis rəftara məruz qoyulduğu deyilir.

Tripoli hökumətinə sadiq qüvvələr
Tripoli hökumətinə sadiq qüvvələr

Avropa İttifaqı, habelə Türkiyə və Qətər də hadisənin müstəqil araşdırılmasına çağırıblar.

Fransa gərginliyin azaldılmasına, Ərəb Liqası isə döyüşlərin dayandırılmasına çağırıb.

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini cavabdehlərin məsuliyyətə cəlb olunmasını tələb edib.

Liviyada gərginlik feldmarşal Khalifa Haftara sadiq qüvvələr aprel ayında Tripolini ələ keçirməyə cəhd göstərəndən bəri başlanıb. Burada Liviyanın BMT tərəfindən tanınmış qanuni hökuməti yerləşir.

Dünya güclərinin Haftarın hərbi kampaniyasına münasibətdə mövqeləri haçalanıb. Birləşmiş Ştatlar və Rusiya BMT-nin atəşkəs çağırışlarını dəstəkləməkdən imtina edirlər.

***

Liviyanın paytaxtı Tripoli yaxınlığında miqrantların saxlanma mərkəzinə raket zərbəsi endirilib, azı 40 nəfər həlak olub, 80 miqrant yaralanıb.

Səhiyyə Nazirliyinin sözçüsü Malek Merset deyib ki, zərbə iyulun 3-də gecə endirilib.

Tripolidəki hökumət bu hücuma görə özünü Liviya Milli Ordusu (LNA) adlandıran, Khalifa Haftar-ın başçılıq etdiyi qüvvələri ittiham edib.

Hökumət Liviyadakı BMT missiyasını hücumu araşdırmağa çağırıb.

Tripolidəki yerli medianın yazmasına görə, Haftar-ın ordusu saxlama mərkəzi yaxınlığındakı döyüşçü düşərgəsinə zərbə endirib.

LNA apreldə Tripolidəki hökumətə qarşı hücuma başlayıb.

Hazırda Haftar qüvvələri Liviyanın şərqində və cənubunda böyük ərazilərə nəzarət edirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG