Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:15

Azərbaycan Qazaxıstana niyə göz qoyur


İlham Əliyev (solda) və Nursultan Nazarbayev Bakıda, 2017-ci il
İlham Əliyev (solda) və Nursultan Nazarbayev Bakıda, 2017-ci il

İyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkisi keçiriləcək. Seçkidə məqsəd hakimiyyətin seçilmiş varisə rahat keçdiyini təmin etmək idi. Ancaq Karnegi fondunun saytında Paul Stronski hər şeyin ilkin planlaşdırıldığı kimi getmədiyini yazır.

Ölkəni 1989-cu ildən bəri idarə edən Nursultan Nazarbayev bu ilin martında istefa verib. Müəllif bunu ölkədə artan sosial-iqtisadi problemlər və narazılıqla izah edir.

Nazarbayev hakimiyyəti senatın spikeri Qasym Zhomart Toqaev-ə təhvil verdi. Bazar günü seçkisində də Toqaev-in seçkinin qalibi olacağı gözlənir.

Qasym-Zhomart Toqaev-in seçki plakatı
Qasym-Zhomart Toqaev-in seçki plakatı

Ehtiyat planı

Ancaq o, sələfi kimi güclü olmayacaq. İki il öncə Nazarbayev ölkə konstitusiyasına dəyişikliklər etdi, prezidentin səlahiyyəti zəiflədildi, özünün rəhbərliyini saxladığı Milli Təhlükəsizlik Şurasınınkı gücləndirildi. Nazarbayev həmçinin hakim Nur Otan partiyasının rəhbəridir. Beləliklə o, siyasəti pərdəarxasından idarə edir.

“Qazaxıstanın iqtisadi problemləri dərinləşdikcə, Nazarbayev-ə elə gəlir ki, bu cür idarəolunan varislik onu və ailəsinin gücünü, sərvətini, təhlükəsizliyini illər boyunca qoruyub saxlayacaq. Onun ehtiyat planı da var. Qızı Dariga Nazarbayeva Toqayev-dən sonra Senatın spikeri postuna keçib və yeni prezidentin xətası olarsa, gözləmə mövqeyindədir”, – məqalədə deyilir.

Dariga Nazarbayeva senatın iclasında
Dariga Nazarbayeva senatın iclasında

Ancaq müəllif qazaxıstanlıların çoxunun status kvodan yorulduğunu yazır. Onlar çoxdan vəzifədə olan siyasətçilərin xalqın deyil, öz maraqlarını güddüyünü düşünürlər.

“Bu səbəbdən Toqaev-in təyinatını alqışlamaq əvəzinə, bəzi qazaxıstanlılar etiraz edirlər. Bu etirazları müxalifət hərəkatı təşkil eləmir. Bunlar sosial-iqtisadi çətinliklər, işsizlik, kök salmış korrupsiya, kasad sosial xidmətlər, dərinləşəm sərvət uçurumuna aşağı səviyyədə qəzəbin ifadəsidir”, – müəllif yazır.

Məqalədə deyilir ki, Nazarbayev ölkəsini ikinci Sinqapura çevirməyə çalışsa da, alınmayıb. Bu ölkələrin heç biri demokratik sayılmər, ancaq Sinqapurun hüquq sistemi və biznes mühiti daha şəffafdır, xarici investorları cəlb edir. Bu ölkə öz xalqına, sosial təhlükəsizliyə böyük yatırımlar edib, Qazaxıstan isə bu istiqamətdə çox şeyə nail olmayıb.

(soldan sağa) Vladimir Putin, Alyaksandr Lukashenka və Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında, arxiv fotosu
(soldan sağa) Vladimir Putin, Alyaksandr Lukashenka və Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyinin iclasında, arxiv fotosu

Avtoritarizmin yumşaq forması

Müəllifin fikrincə, etirazlar Nazarbayev-lə Toqaev-i qəfil yaxalaıb. Hökumət bəzi vebsaytları bağlayıb, etirazları saxlayıb. İndiyədək Qazaxıstan özünü Orta Asiya avtoritarizminin daha yumşaq sifəti kimi təqdim etsə də, narazıları susdurmaq cəhdləri həmin imicə zərbə vurub.

Toqaev həmçinin çətin geosiyasi durumla üzləşir. Bir tərəfdən Vaşinqton Orta Asiya regionundan özünü uzaqlaşdırır. Digər tərəfdən ölkədə artan millətçilik Rusiya və Çilə münasibətləri mürəkkəbləşdirə bilər.

Müəllif Avrasiyada yaşlanan avtokratların Qazaxıstanın varislik ssenarisini diqqətlə izlədiyini vurğulayır. Bunlar Rusiya Prezidenti Vladimir Putin, Tacikistan Prezidenti Emomali Rahmon, Belarus Prezidenti Alexander Lukashenko və 2003-cü ildən Azərbaycanı idarə edən İlham Əliyevdir.

“Onlar da varislik dilemması ilə üz-üzədirlər və heç biri Ermənistanın keçmiş prezidenti Serzh Sarkisian-nın, ailə üzvlərinin isə Özbəkistanın keçmiş lideri Islam Karimov-un taleyini yaşamasını istəmirlər”, – məqalədə deyilir.

Azərbaycan hakimiyyəti ölkədə demokratik quruluş, insan haqlarına dair tənqidləri qəbul eləmir, bütün təməl insan haqlarının təmin olunduğunu, demokratik islahatların aparıldığını vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG