Moskvada Taliban nümayəndələrinin və əfqan siyasətçilərin danışıqlarına ev sahibi etməklə özünü sülhyaradıcı kimi təqdim edən Rusiya eyni zamanda bütün xarici qoşunların Əfqanıstandan çıxarılmasına çağırıb.
Bu barədə bəyanatla Rusiya hökumətinin təbirincə deyilərsə, Rusiya və Əfqanıstan arasında diplomatik münasibətlərin 100-cü ildönümü günü – 28 mayda ölkənin xarici işlər naziri Sergei Lavrov səsləndirib.
Bu münasibətlə keçirilən mərasimin ardınca 14 nəfərlik Taliban nümayəndə heyəti ilə əfqan siyasətçilərin danışıqları başlanıb. Əfqan siyasətçilərin arasında hazırkı prezident Ashraf Ghani-nin bu ilin sentyabrında keçiriləcək prezident seçkisində iştirak edəcək rəqibləri də var.
Sergei Lavrov ümumən xarici qoşunlar ifadəsini işlətsə də, onun bəyanatının ABŞ-ı hədəflədiyi şübhə doğurmur. Birləşmiş Ştatlar 11 sentyabr terror hücumlarından sonra Əfqanıstana müdaxilə edərək Talibanın hakimiyyətinə son qopyub.
Taliban nümayəndə heyətinin başçısı və baş danışıqçısı Molla Abdul Ghani Baradar deyib ki, qrup “sülhə sadiqdir”, lakin sülhün qarşısındakı əsas maneə aradan qaldırılmaslı və buna görə də Əfqanıstanın işğalına son qoyulmalıdır.
Bu, Taliban qruplaşmasının həmtəsisçilərindən biri olan Baradarın ictimai mediada ilk açıq çıxışı idi. O ötən il azad edilməsindən əvvəl uzun müddət Pakistan həbsxanasında saxlanıb.
Moskva qonaqlarının arasında keçmiş prezident Hamid Karzai, Əfqanıstanın şimalını təmsil edən qüdrətli fiqur -Atta Mohammad Noor, prezident Ghani-nin keçmiş milli təhlükəsizlik müşaviri, habelə prezidnetliyə namizəd Hanif Atmar, Pakistandakı səfir Omar Zakhilwal da var. İştirakçılardan ikisi, millət vəkili Fawzia Koofi də daxil qadındır.
Moskva görüşü Vaşinqtonun Talibanla sülh razılaşmasına gəlməyə səylər göstərdiyi bir vaxta təsadüf edir.
Əfqanıstan rəsmiləri mayın 28-də bildiriblər ki, Talibanın Gor və Loqar vilayətlərində təhlükəsizlik postlarını hədəfləyən iki hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 23 hərbçisi həlak olub.
ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad da son aylarda Talibanla Qətərdə silsilə danışıqlar keçirib.
Danışıqlarda irəliləyiş var, lakin Taliban Əfqanıstan hökuməti ilə birbaşa danışıqlardan imtina edir. Buna görə də Qətərdə aprel ayında keçirilməsi planlaşdırılan sammit ləğv edilib.
Moskva israr edir ki, onun qonaqladığı danışıqlar Əfqanıstan hökuməti ilə birbaşa əlaqəli deyil və daha geniş danışıqlar üçün zəmin yaradılması məqsədini güdür.
Lakin tənqidçilərin fikrincə Moskvanın əsl məqsədi Əfqanıstan hakimiyyətinin mövqelərini zəiflətmək, Talibanın mövqeyini isə gücləndirməkdir.
***
Taliban yenə Moskvaya danışıqlara gedir
Taliban silahlı qruplaşması Moskvaya aparıcı əfqan siyasətçiləri və tayfa ağsaqqalları ilə ikigünlük danışıqlara 14 nəfərlik nümayəndə heyəti göndərdiyini bildirir. Danışıqlar mayın 28-də başlanır.
Qruplaşmanın sözçüsü Zabiullah Mujahid deyib ki, nümayəndə heyətinə Taliban liderinin müavini Molla Abdul Ghani Baradar başçılıq edəcək.
Mujahid mayın 27-də yaydığı bəyanatında Moskvada Əfqanıstanın gələcəyinin müzakirə olunacağını bildirib.
Ancaq o, Talibanın Əfqanıstanın hansısa hökumət rəsmisi ilə görüşüb-görüşməyəcəyini açıqlamayıb.
Xarici ölkələr hökumət rəsmiləri ilə Talibanı bir araya gətirməyə çalışır. Apreldə Qətərdə planlaşdırılan sammit təxirə salınmışdı.
ABŞ-ın elçisi Zalmay Khalilzad isə son aylar Qətərdə Talibanla bir neçə raund danışıq aparıb.
Danışıqlarda irəliləyiş olduğu bildirilsə də, Taliban indiyədək Əfqanıstan hökumətilə birbaşa danışıqları rədd edib.
Noyabrda da Rusiyada Talibanla əfqan siyasətçiləri arasında danışıqlar keçirilmişdi.