Sukhoi Superjet 100 sərnişin təyyarəsi Şeremetyevo aeroportundan qalxandan az sonra qəfil geri qayıdıb. Bu, sözügedən təyyarənin təhlükəsizliyi sarıdan narahatlığı gücləndirib. Ötən həftə Moskvadakı aeroportdan qalxan təyyarə qəzaya uğramış, onlarla adam həlak olmuşdu.
Flightradar24 xidmətinin bildirməsinə görə, Aeroflot şirkətinə məxsus SU1206 reysi Şeremetyevodan mayın 13-də səhər 1:59-da qalxıb. Təyyarə Samara şəhərinə uçurmuş.
***Buna da bax: Sukhoi Superjet təyyarələri ilə onadək reys ləğv olunub
Aeroflot hər hansı rəsmi izah verməyib, ancaq Interfax xəbər agentliyi Şeremetyevodakı mənbəyə istinadla yazır ki, təyyarə kabinəsindəki hermetizasiya sistemindəki problem üzündən qayıdıb.
Samara aeroportu reysin cədvəlini təxirə salıb.
Mayın 5-də Murmanska gedən təyyarənin qəza səbəbi hələ də araşdırılır. Təyyarə Şeremetyevodan qalxandan az sonra fövqəladə eniş etmiş, alovlanmış, təyyarədəki 78 nəfərdən 41-i həlak olmuşdu.
Qəzadan sonra Aeroflot bu təyyarənin bir neçə reysini təxirə salıb.
***Buna da bax: Moskvada təyyarə qəzasında 41 nəfər həlak olub
Nəqliyyat naziri Yevgeny Ditrikh deyib ki, təhqiqatın nəticəsi gözlənildiyindən təyyarələri tam yığışdırmağa səbəb yoxdur.
Birləşmiş Təyyarəqayırma Korporasiyasının istehsal etdiyi Superjet regional miqyasda istifadə olunur. Rusiya özünün aviasiya sənayesini inkişaf etdirməyə, Boeing, Airbus, Embraer və Bombardier kimi beynəlxalq şirkətlərlə rəqabət aparmağa çalışır.