Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Avropa liderləri İranla gərginlikdən narahatdır


Mike Pompeo və Jeremy Hunt Brüsseldə
Mike Pompeo və Jeremy Hunt Brüsseldə

2015-ci ildə İranla nüvə sazişini imzalamış Avropa ölkələri Vaşinqtonda Tehran arasında hərbi eskalasiya sarıdan narahatlıq bildiriblər.

ABŞ-ın Dövlət katibi Mike Pompeo mayın 13-də Brüsselə qəfil səfər edib. Britaniyanın Xarici işlər naziri Jeremy Hunt, onun almaniyalı həmkarı Heiko Maas və Fransanın Xarici işlər naziri Jean-Yves Le Drian Pompeo ilə görüşüblər. Daha öncə isə Aİ-nin Xarici siyasət rəhbəri Federica Mogherini-nin iştirakıyla birgə toplantı keçirilib.

“Münaqişənin tərəflərin heç birinin niyyəti olmadan təsadüfən başlaması və qızışması riskindən çox narahatıq”, – deyən Hunt “sakitliyə” çağırıb.

Pompeo ilə ayrıca görüşmüş Mogherini dialoqun regionda “ziddiyyətləri yoluna qoymaq və eskalasiyadan yayınmaqdan ötrü yeganə və ən yaxşı yol” olduğunu bildirib.

Mike Pompeo nazirlərlə görüşə gəlir
Mike Pompeo nazirlərlə görüşə gəlir

“Regionda baş verənlər, gərginlikdən narahatıq. Bunun hərbi münaqişəyə çevrilməsini istəmirik”, – Maas Pompeo ilə danışıqlardan sonra deyib.

Le Drian da tənqidlərə qoşulub, Vaşinqtonun İrana sanksiyaları gücləndirməsinin “bizə sərf etmədiyini” vurğulayıb.

Dövlət Departamenti rəsmisinin deməsinə görə, Pompeo Brüsseldəki NATO rəsmiləri ilə İranın yaratdığı təhdidlərlə bağlı informasiyanı da paylaşıb.

***

ABŞ-İran münaqişəsi 'təsadüfən başlana bilər'

Britaniyanın Xarici işlər naziri Jeremy Hunt xəbərdarlıq edib ki, Fars Körfəzində gərginliyin artdığı bir dönəmdə Birləşmiş Ştatlarla İran arasında münaqişə “təsadüfən” başlaya bilər.

Hunt mayın 13-də Brüsseldə danışıb. Bu gün burada Fransa və Almaniyanın xarici işlər nazirləri və Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini arasında danışıqlar keçirilir.

Ötən həftə Birləşmiş Ştatlar Fars Körfəzinə əlavə qüvvələr göndərib, İrandan “təhdid” siqnalları alındığını bildirib.

***

Avropa nazirləri İranla nüvə sazişini götür-qoy edəcəklər

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Brüsseldə bir araya gələrək İranla nüvə sazişini qorumağın yollarını müzakirə edəcəklər.

Nazirlər mayın 13-də Avropa İttifaqının xarici siyasət rəhbəri Federica Mogherini ilə danışıqlar aparacaqlar.

(soldan) Federica Mogherini Rumıniya, Polşa və Ukraynanın xarici işlər nazirləri ilə görüşdə
(soldan) Federica Mogherini Rumıniya, Polşa və Ukraynanın xarici işlər nazirləri ilə görüşdə

Tehran ötən həftə elan elədi ki, dünya gücləri onun ABŞ sanksiyalarına qarşı maraqlarını qorumasalar, 2015-ci ildə imzalanmış razılaşmanın bəzi öhdəliklərindən geri çəkiləcək.

***Buna da bax: Macron, Merkel və hətta Trump İranla bağlı gərginliyi azaltmağa çalışırlar

Bir il öncə Vaşinqton nüvə sazişindən çıxdığını elan edib və Tehrana sanksiyalar bərpa olunub.

Sazişə uyğun olaraq, İran iqtisadi sanksiyaların yüngülləşdirilməsi əvəzində nüvə proqramını məhdudlaşdırmağa boyun olmuşdu.

Avropalılar sazişi xilas etməyə çalışırlar, ancaq Tehran prosesin çox ləng getdiyini deyir.

Mogherini nazirlərlə görüşdən öncə jurnalistlərə deyib: “Biz bütün alətlərimiz və siyasi iradəmizlə sazişi dəstəkləməyə davam edirik”.

Onun sözlərinə görə, danışıqlarda “İranla nüvə sazişinin tam icrasına dəstəyi ən yaxşı formada davam etdirmək müzakirə olunacaq, bu saziş regionumuzda təhlükəsizliyin sütunudur”.

***Buna da bax: Vaşinqtondan Tehrana kökə və kötək yanaşması

Avropa ölkələri ötən həftə deyiblər ki, İranla nüvə sazişini qoruyub saxlamaq istəyirlər və Tehranın “ultimatumlarını” rədd ediblər.

Mogherini mayın 13-də deyib ki, ötən gecə ona ABŞ Dövlət katibi Mike Pompeo-nun Brüsselə gəldiyini bildiriblər. Hazırda Aİ-nin xarici işlər nazirləri buraya aylıq toplantıya yığışıblar.

“Bütün günü məşğuluq, gün ərzində görüşün mümkünlüyünə baxacağıq”, – o, sözlərinə əlavə edib.

İranla nüvə sazişini Rusiya və Çin də imzalayıb.

XS
SM
MD
LG