Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:31

Macron, Merkel və hətta Trump İranla bağlı gərginliyi azaltmağa çalışırlar


Fransa prezidenti Emmanuel Macron (solda) və Almaniya kansleri Angela Merkel Rumıniyada Aİ ölkə başçılarının sammitində
Fransa prezidenti Emmanuel Macron (solda) və Almaniya kansleri Angela Merkel Rumıniyada Aİ ölkə başçılarının sammitində

Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel İranla nüvə sazişi ilə bağlı gərginliyin artırılmasına qarşı çıxıblar.

Bundan bir qədər əvvəl Tehran 2015-ci il nüvə sazişi üzrə bəzi öhdəliklərinin yerinı yetirilməsini dayandıracağını bəyan etmişdi.

ABŞ prezidenti Donald Trump isə mayın 8-də deyib ki, o İran liderləri ilə “danışıqlara açıqdır”.

Amma elə eyni gündə ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brian Hook Tehranı “nüvə şantajına” əl atmaqda ittiham edib.

Mayın 9-da Avropa İttifaqının sammitinə qoşulmazdan əvvəl Rumıniyaya səfərdə olan Macron deyib ki, “İran bu sazişdə qalmalıdır və biz onun bu sazişdə qalması üçün əlimizdən gələni etməliyik”.

O sazişi imzalamış ölkələri “hər hansı eskalasiyaya” yuvarlanmamağa və “kollektiv təhlükəsizliyə birgə nəzarət etməyə” çağırıb.

Öz növbəsində Merkel deyib ki, Avropa İttifaqı eskalasiyadan yayınmağa çalışır və İran onun öz maraqları naminə” nüvə sazişinə sadiq qalmalıdır:

"Biz bu məqamda əllərimizi uzatmışıq, biz bu məsələnin diplomatik həlli üçün səylərin davam etdirilməsini istəyirik”.

Trump İranın son bəyantına münasibət bildirməyib. Lakin o Ağ Evdə jurnalistlərə deyib ki, İran liderlərinin onunla əlaqəyə girməsini istəyir:

"Mənim İrandan istədiyim odur ki, onlar mənə zəng etsinlər”.

İki ölkə arasında münasibətlərin son dərəcə gərginləşdiyi bir vaxtda Trump bildirib ki, Vaşinqton Tehranla qarşıdurma axtarmır:

"Mən onların güclü və qüdrətli olmasını, yaxşı iqtisadiyyatları olmasını istəyirəm. Biz ədalətli razılaşma əldə edə bilərik”.

Macron bildirib ki, 2015-ci il razılaşması İranın nüvə ambisiyalarının buxovlanması üçün “yaxşı sazişdir”, lakin bu sənəd İranın raket proqramı və onun potensial olaraq Yaxın Şərqdə sabitliyi pozmamaq öhdəliyi barədə müddəalarla tamamlanmalıdır.

***

Avropa İttifaqı (Aİ) və Avropanın üç ölkəsi İranı nüvə sazişinə hörmətlə yanaşmağa çağırıb, ABŞ-ın sanksiyalarına baxmayaraq, kommersiya əlaqələrini davam etdirmək niyyətində olduğunu bildirib.

Aİ-nin xarici siyasət rəhbəri Federica Mogherini, Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri ilə birlikdə mayın 9-da birgə bəyanat verib. Bəyanatda onlar 2015-ci ildə imzalanmış nüvə sazişini dəstəklədiklərini bildiriblər.

“Ultimatumu rədd edirik”

Tehran mayın 8-də nüvə sazişinə uyğun olaraq nüvə fəaliyyətinə qoyulmuş məhdudiyyətlərə əməl etməyi dayandıracağını bəyan edib, bunun baş verməməsi üçün Avropa ölkələrini ABŞ sanksiyalarından yan keçməyin yolunu tapmağa çağırıb.

Federica Mogherini
Federica Mogherini

Vaşinqton Tehranı “şantaj”a əl atmaqda suçlayıb.

“Hər hansı ultimatumu rədd edirik. İranın sənədə əməl etməsini onun nüvə öhdəlikləri üzrə performansına uyğun dəyərləndirəcəyik”, – bəyanatda vurğulanır.

İran Vaşinqtonun bir il öncə sazişdən çıxaraq bərpa etdiyi birtərəfli sanksiyalara cavab olaraq belə bir addım atdığını deyir. Sanksiyaların bərpası İran iqtisadiyyatına ağır zərbə vurub.

Aİ ölkələri “sanksiyaların bərpasından təəssüfləndirlərini” bildirir, “İranla qanuni ticarətin davamına imkan verəcək cəhdləri” qətiyyətlə davam etdirəcəklərini deyirlər.

Ancaq bəyanatda o da vurğulanır ki, İran nüvə sazişi çərçivəsində öhdəliklərini yerinə yetirməli, hər hansı qızışdırıcı addımlardan çəkinməlidir.

Xatırlatma

Prezident Donald Trump ötən il İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan edəndən Vaşinqton sanksiyaları gücləndirib.

İranın Britaniya, Çin, Fransa, Rusiya, Birləşmiş Ştatlar və Almaniya ilə imzaladığı saziş Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Trump-ın fikrincə, bu saziş “fəlakətli şəkildə qüsurlu”dur, çünki İranın ballistik raket proqramını, Tehranın terrorçuluğu guya dövlət səviyyəsində dəstəkləməsini əhatələmir.

Bu ayın əvvəlində ABŞ rəsmisinin açıqlamasına görə, sanksiyalar Tehranı 10 milyard dollardan artıq neft gəlirindən məhrum edib.

Vaşinqton bu yaxınlarda elan elədi ki, maydan İrandan neft idxalçıları üçün sanksiya möhlətini uzatmayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG