Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Polis şikayətçidən məhkəmə yolu ilə 10 min manat tələb edir


T.Əzizov
T.Əzizov

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi Samir Məhərrəmovun rayon sakini Tural Əzizovu məhkəməyə verdiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna T.Əzizovun özü məlumat verib.

T.Əzizovun vurğulamasına görə, şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair ərizədə üzr istəmək, vurulan mənəvi zərərə görə 10 min manat ödəmək tələb olunur.

Kürdəmir Rayon Məhkəməsi iddia ərizəsini icraata götürüb və iş üzrə martın 27-nə hazırlıq iclası təyin edib. Amma həmin tarixdə hazırlıq iclası baş tutmayıb.

Bu barədə isə AzadlıqRadiosuna Kürdəmir Rayon Məhkəməsindən bildirilib. Məhkəmədən qeyd olunduğuna görə, iş üzrə tərəflər iştirak etmədiyindən proses təxirə salınıb.

Polisdən icra başçısına şikayət

T.Əzizov iddia edir ki, o, məhz ötən ilin oktyabrında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısına etdiyi şikayətə görə təzyiqlərlə üzləşib: «Kürdəmirə yeni rəis təyin ediləndən bəri narkomaniya geniş vüsət alıb. Mən icra başçısı Ceyhun Cəfərovun qəbulunda olub, bu qanunsuzluqlar barədə ona məlumat verdim. Şikayətimdən sonra polis tərəfindən hədə, təzyiq və işgəncələrə məruz qalmışam».

T.Əzizov habelə vurğulayır ki, ötən il oktyabrın 23-də onu küçədən tutub polis şöbəsinə aparıblar. O iddia edir ki, idarədə döyə-döyə onu müxtəlif sənədlərə imza atmağa məcbur ediblər. Ertəsi gün isə barəsində inzibati xəta protokolu tərtib edilərək məhkəməyə aparıldığını və «ucadan ünvansız söyüş söydüyünə görə» 10 gün həbs edildiyini söyləyir.

T.Əzizov həmçinin bildirir ki, sərbəst buraxılan kimi dərhal Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edib, prezidentə, hüquq-mühafizə orqanları rəhbərlərinə yazılı müraciət ünvanlayıb: «Şikayətdən çəkindirmək üçün mənə barışıq təklif olundu. Məhkəmə-tibbi eksperti bədənimdə heç bir xəsarət olmadığına dair rəy verdi. Polis idarəsində paltarlarım da cırılmışdı. Rəisin sürücüsü mağazaya aparıb mənə gödəkcə, şalvar, ayaqqabı aldı. Azyaşlı uşağımın əlinə 50 manat pul verdi. Vəd etdilər ki, müalicəmə də köməklik olunacaq. Amma sonrakı vaxtlarda heç bir yardım göstərilmədi. Fevralın 4-də baş ağrılarım dözülməz şiddət verdiyinə görə özümü bıçaqladım. Təcili yardım maşınında xəstəxanaya çatdırıldım. Amma bunu da araşdıran olmadı».

T.Əzizov
T.Əzizov

«Məni susdurmaq istəyirlər»

Kürdəmir sakini qaldırılan iddianın onu susdurmaq məqsədi daşıdığını vurğulayır: «Fevralın 19-da zəng edib məni polis idarəsinə çağırdılar ki, müalicəm üçün köməklik olunacaq. İdarəyə çatan kimi tutub döydülər. Barəmdə 15 sutkalıq inzibati həbs qərarı çıxarıldı. Guya mən yenə ictimai yerdə ucadan söyüş söymüşəm. Martın 6-da evə buraxılan kimi dərhal həm 102-yə zəng etdim, həm də poçtla şikayət ərizələri yolladım. Görəndə ki, inzibati həbslə məni susdura bilmirlər, buna görə məhkəmədə iddia qaldırılıb».

T.Əzizov dediklərinə əlavə edib ki, 1986-cı il təvəllüdlüdür, iki azyaşlı uşağı var, ailəsini dolandırmaqdan ötrü mürdəşir (meyit yuyan) işləyir. O, maddi imkansızlığa görə özünə vəkil tuta bilmədiyini də söyləyir.

Bölmə rəisi mənəvi sarsıntı keçirdiyini bildirir

Kürdəmir Rayon Polis Şöbəsinin rəisindən (RPŞ) və başqa əlaqəli qurumlardan bütün bu iddialara, hələlik, münasibət almaq mümkün olmayıb. Amma Daxili İşlər Nazirliyi, bir qayda olaraq, polisdə işgəncələrə məruz qalmaqla bağlı şikayətləri əsassız, böhtan xarakterli məlumatlar sayır.

Üstəlik, Kürdəmir RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi Samir Məhərrəmov məhkəməyə ünvanladığı ərizədə T.Əzizovun yalan və böhtan məlumat yaydığını bildirib. «O, daxili işlər və prokurorluq orqanlarına həqiqətəuyğun olmayan, böhtan xarakterli şikayətlər yazaraq guya mənim rayonda qanunsuz hərəkətlərlə məşğul olduğumu, onu xidməti otağımızda döyməyimizi, ona hədə-qorxu gəlməyimizi bildirmişdir. Onun şikayəti əsasında Daxili İşlər Nazirliyində və Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılmış, şikayətinin əsassız olduğu bir daha öz təsdiqini tapmışdır. Buna baxmayaraq, Tural Əzizov öz niyyətindən əl çəkməyərək barəmdə müxtəlif orqanlara yalan və böhtan xarakterli şikayətlər yazmaqda davam edir. Onun yazdığı şikayətlər mənəvi sarsıntı keçirməyimə gətirib çıxarıb...», - ərizədə qeyd olunub.

İşgüzar nüfuzunun ləkələndiyini bildirən S.Məhərrəmov cavabdehdən buna görə üzr istəmək, 10 min manat təzminat ödəmək tələb edir.

Bu məsələ ilə bağlı qarşıdakı günlərdə məhkəmə olmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG