Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Rohani Birləşmiş Ştatların ‘qəsd’indən danışır


İranlılar ABŞ bayraqlarını yandırır, Tehran, 11 fevral, 2019-cu il
İranlılar ABŞ bayraqlarını yandırır, Tehran, 11 fevral, 2019-cu il

İran Prezidenti Hassan Rohani Birləşmiş Ştatların İrana qarşı “qəsd”ini sərt tənqid edib. O, islam inqilabının 40 illiyi münasibətilə çıxışında belə deyib.

Azadi meydanında on minlərlə adam qarşısında çıxış edən Rohani deyib ki, İran ABŞ və müttəfiqlərinin artan təzyiqinə baxmayaraq hərbi gücünü və raket proqramını genişləndirmək mövqeyində qətiyyətlidir.

Bu gün İranın küçələrinə çıxanlar “Amerikaya ölüm”, “İsrailə ölüm” plakatları ilə gəziblər.

Rohani deyib ki, “düşmən heç vaxt öz şeytani niyyətlərinə çatmayacaq”. O, ABŞ sanksiyalarına üstün gəlməyə and içib.

“İran xalqının iqtisadi çətinlikləri var və olacaq, amma biz bir-birimizə kömək etməklə problemlərin öhdəsindən gələcəyik”, – o vurğulayıb.

Hassan Rohani çıxış edir
Hassan Rohani çıxış edir

İran prezidenti deyir ki, iranlılar müxtəlif növ raketləri hazırlamaqdan ötrü “icazə istəməyiblər və istəməyəcəklər”.

İran son bir aydan da az bir müddət ərzində iki dəfə orbitə peyk buraxmağa cəhd edib, amma alınmayıb. Dövlət Departamenti ötən həftə “İranın raket proqramını önləməkdən ötrü daha sərt beynəlxalq sanksiyalar tətbiq etməyə” çağırıb.

Avropa Birliyi də İranı “sabitsizlik yaradan” ballistik raket proqramına, AB-nin bir sıra üzv dövlətlərində “düşmən fəaliyyəti”nə, Yaxın Şərq ölkələrinə müdaxiləsinə görə tənqid edib.

***

Bazar ertəsi minlərlə iranlı Tehranın mərkəzinə islam inqilabının 40 illiyini qeyd etməyə yığışıb. İslam inqilabı monarxiyanın sonunu gətirib və təsirləri hələ də regionda hiss olunmaqdadır.

“Frans Pres” agentliyi Azadi meydanına gedən yollarda nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığını yazır. Dövlət qurumlarının quraşdırdığı köşklərdə çay və pirojnalar paylanır, xorlar inqilabi mahnılar səsləndirir. Bu arada kütlə leysan yağışa baxmayaraq mərkəzə yığışmaqdadır.

Qeyd edək ki, 1979-cuilin məhz bu günündə Reza şah Pahlavi hökuməti devrilib.

Agentlik qeyd edir ki, meydana gedən yollarda İran istehsalı olan qanadlı və ballistik raketlərin adamboyu təsvirləri sanki Birləşmiş Ştatlarla gərginliyin artdığı bir məqamda dikbaşlığı əks etdirir.

Parisdə iranlılar Tehran rejiminə etiraz edir, 8 fevral, 2019-cu il
Parisdə iranlılar Tehran rejiminə etiraz edir, 8 fevral, 2019-cu il

İRAN BU ŞÜARDAN ƏL ÇƏKMƏYƏCƏK

Bugünkü tədbir “10 günlük Sübh”ün kulminasiyasıdır. İnqilabın lideri Ayətulla Ruhollah Khomeini 1979-cu il fevralın 1-də sürgündən qayıdıb və 11-də monarxiya devrilib.

Bu gün Azadi meydanından Prezident Hassan Rohani çıxış etməlidir.

Ötən il Birləşmiş Ştatlar İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb və Tehrana sanksiyaları bərpa edib. Amma sənədə imza atmış digər ölkələr onu xilas etməyə çalışırlar.

Ölkənin Ali dini lideri Ayətulla Ali Khamenei fevralın 8-də deyib ki, Vaşinqton Tehrana qarşı düşmən siyasətini davam etdirdikcə İran da “Amerikaya Ölüm” şüarından əl çəkməyəcək.

Bayram tədbirindən öncə İran rəsmiləri 50 min məhbusun əfv olunduğunu açıqlayıb. Onlar ya azadlığa buraxılacaq, ya da cəza müddətləri azaldılacaq.

Rəsmi rəqəmlərə görə, hazırda İranda 250 minədək məhbus var. Əfvin siyasi məhbuslara aid olunub-olunmadığı bəlli deyil.

Ötən həftə Sərhədsiz Reportyorlar Təşkilatı da bir hesabat yayıb. Hesabatda deyilirdi ki, 1980-ci illərdən bəri İranda 61 min 900 məhbus siyasi motivlərlə saxlanıb.

Qurum sızdırılmış sənədlərə əsasən 1979-2009-cu illərdə İranda azı 860 jurnalistin ya saxlandığını, həbs olunduğunu, ya da edam edildiyini vurğulayırdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG