Son həftələrdə həbsxanada keçirdiyi aclıq aksiyası böyük rezonans doğurmuş bloqçu Mehman Hüseynov ötən ilin avqustunda müvəqqəti anasının yas mərasiminə buraxılarkən Azadlıq Radiosuna müsahibə vermişdi.
M.Hüseynov həbsxanada necə qidalanmasından danışmış. həbsxana yeməklərinə etibar etmədiyini demişdi.
Onun sözlərinə görə, hər həftə evdən yemək qəbul etməyə məcburdur.
Mehman Hüseynov demişdi ki, həbsxanada "siyasi məhbus" ların olması digər məhbuslar üçün "plyusdur".
Çünki belə olanda həbsxanadakı problemlərin həlli üçün əlavə imkanlar açılır.
Xatırlatma
Bloqqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloqqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, Mehman Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.
Bloqqer ittihamı qurama sayır. O, yeni ittihamla üzləşdiyi gündən aclıq aksiyasına başladığını açıqlamışdı. Onun bu səbəbdən səhhətinin ağırlaşdığı bildirilirdi.
Yanvarın 7-də Mehman Hüseynovla görüşən vəkil Şəhla Hümbətova onun özünə istinadan mədə ağrılarına görə, artıq süd və süd məhsulları qəbul etdiyini açıqlayıb. Amma Penitensiar Xidmətdən isə bundan əvvəl bildirmişdilər ki, Mehman Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib və qida qəbul edir.
Yanvarın 8-də bloqqerlə görüşən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvləri də bildirmişdilər ki, o, açlıq aksiyası keçirmir. Onların deməsinə görə, Mehman Hüseynov süd və duru yeməklər qəbul edir.
Amma vəkil Şəhla Hümbətova bloqqerlə yanvarın 10-da yenidən görüşüb və belə bir açıqlama verib: “O dedi ki, qida qəbul etməyəcək, ancaq süd, meyvə şirələri içəcək. Həm də bunu martın 2-nə kimi, yəni, həbs müddəti başa çatana kimi davam etdirmək niyyətindədər”.