Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:30

Britaniya Rusiyadan şübhəliləri istəyəcək


Sergei Skripal (solda) və qızı Yulia

Britaniya Rusiyadan Solsberi şəhərində keçmiş rusiyalı casusa sinir qazıyla hücumda şübhəli bilinən iki nəfərin ekstradisiyasını istəyəcək. Bu haqda “The Guardian” qəzeti yazıb.

Qəzet adını çəkmədiyi hökumət və təhlükəsizlik mənbələrinə istinadla bildirir ki, Britaniya prokurorları ekstradisiya xahişi yekunlaşdırıb və təqdim etməyə hazırdırlar. Rusiyanın Britaniyadakı səfirliyi isə Londondan rəsmi xahiş almadığını deyib.

“The Guardian” yazır ki, Britaniyada yüzlərlə polis və kəşfiyyat əməkdaşının apardığı təhqiqat nəticəsində iki rusiyalının hərəkət trayektoriyası müəyyənləşdirilib.

Ötən ay Britaniyanın “Press Association” xəbər agentliyi də Solsberidəki hücuma görə iki rusiyalının şübhəli bilindiyini yazmışdı.

Həmin hücum zamanı agent Sergei Skripal və qızı Yulia zəhərlənib. Bu hadisə Rusiyayla Qərb arasında diplomatik gərginlik yaradıb, tərəflər bir-birlərinin diplomatlarını qovublar.

Rusiya konstitusiyası ölkə vətəndaşlarının başqa bir ölkəyə təhvil verilməsini qadağan edir.

2006-cı ildə Aleksandr Litvinenko zəhərlənəndə də Rusiya rəsmiləri Britaniyanın bu qətldə şübhəli bildiyi şəxsləri təhvil vermədi.

XS
SM
MD
LG