Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Trump ‘yağışdan çıxdı, yağmura düşdü’


Donald Trump (solda) və Vladimir Putin mətbuat konfransında
Donald Trump (solda) və Vladimir Putin mətbuat konfransında

ABŞ prezidenti Donald Trump rusiyalı həmkarı Vladimir Putin-lə Helsinki sammitindən sonra dostlarının və tənqidçilərinin tənqid atəşilə üzləşib. Çoxlarının fikrincə, onun Putin-ə qucaq açaraq ABŞ agentliklərini və müttəfiqlərini kiçiltməsi Birləşmiş Ştatların müdafiə etdiyi dəyərlərə xəyanətdir.

ABŞ Nümayəndələr Palatasının spikeri Paul Ryan iyulun 16-da axşam deyib ki, Trump Ədliyyə Departamentinin və kəşfiyyat agentliklərinin Rusiyanın 2016-cı ildə seçkiyə müdaxiləsiylə bağlı qənaətini şübhə altına almaqla səhvə yol verib.

***Buna da bax: Helsinki sammiti: yeni başlanğıc, yoxsa 'faciəvi səhv'?

“RUSİYA DÜŞMƏNİMİZDİR”

“Prezident Rusiyanın müttəfiqimiz olmadığını unutmamalıdır. Birləşmiş Ştatlarla Rusiya arasında mənəvi bərabərlik yoxdur”, – Ryan deyib.

Respublikaçı partiyasından prezidentliyə iki keçmiş namizəd də Trump-ın Putin-ə tərəf tutmasını pisləyib.

Donald Trump və Mitt Romney (sağda)
Donald Trump və Mitt Romney (sağda)

Putin Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi iddialarını danır. Trump isə dünənki mətbuat konfransında bu mövzuda suala cavabında ölkəsinin agentliklərini “əcinnə ovu”nda ittiham edib.

Həm də Trump-ın ABŞ kəşfiyyatının fəaliyyətini sual altına aldığı bir vaxtda Ədliyyə Departamenti daha bir ittihamnamə irəli sürüb. Vaşinqtonda saxlanmış bir qadın Rusiya üçün casusluqda ittiham olunur.

***Buna da bax: Kremllə əlaqədə suçlanan qadın ABŞ-da saxlanıb

2012-ci ildə respublikaçılardan prezidentliyə namizəd olmuş Mitt Romney Trump-ın davranışını “utancverici, demokratik prinsiplərimizə zidd” adlandırıb, onun “milli bütövlüyümüzə, qlobal miqyasda bizə göstərilən etimada ziyan vurduğunu” vurğulayıb.

“Rusiya bizim bir nömrəli geosiyasi düşmənimiz olaraq qalır”, – Romney deyib.

“FACİƏVİ SƏHV”

2008-ci ildə prezidentliyə namizəd olmuş senator John McCain isə Trump-ın Helsinki sammitindən sonra Putin-lə mətbuat konfransını “Amerika prezidentinin tarixən ən biabırçı performansı”, “faciəvi səhv” adlandırıb.

John McCain, arxiv fotosu
John McCain, arxiv fotosu

“Prezident Trump Putin-ə qarşı durmağı həm bacarmadığını, həm də buna həvəsi olmadığını göstərdi. İndiyədək heç bir prezident tiran qarşısında belə alçalmamışdı”, – McCain söyləyib.

Hətta Trump-a yaxınlığı ilə seçilən müttəfiqləri belə sarsıldıqlarını, prezidentin sammitlə bağlı mövqeyindən narahat olduqlarını dilə gətiriblər.

Nümayəndələr Palatasının keçmiş spikeri, əvvəllər Trump-ı tənqidlərə qarşı müdafiə etmiş Newt Gingrich sammiti Trump-ın prezidentliyi dövründə “ən ciddi səhvi” adlandırıb.

Prezidentin öz partiyasından gələn tənqid o qədər güclü olub ki, Ağ ev onun ertəsi gün konqresmenlərlə görüşəcəyini açıqlayıb. Ancaq görüşə kimlərin qatılacağı bildirilməyib.

Putin isə Fox News-a müsahibəsində Trump-la görüşdən qalib çıxması təəssüratını daha da möhkəmləndirməyə çalışıb. Onun sözlərinə görə, bu görüş Qərbin Rusiyanı sanksiyalar və digər addımlarla təcrid etmək cəhdlərinin iflas etdiyini göstərdi.

“Məncə, özünüz də bu səylərin iflas etdiyini görürsünüz. Onlar onsuz da uğursuzluğa məhkum idi”, – Putin deyib.

Ukraynada Putin-ə qarşı etiraz aksiyası, 16 iyul, 2018-ci il
Ukraynada Putin-ə qarşı etiraz aksiyası, 16 iyul, 2018-ci il

“İNANILMAZ KAPİTULYASİYA”

Demokratlar isə Trump-ı daha sərt tənqid ediblər, onun ABŞ-ın tarixi roluna xəyanət etdiyini vurğulayrlar. Bəzilərinin fikrincə, onun Putin-lə “xəyanətkar” davranışı hətta impiçmentlə cəzalandırıla bilər.

Keçmiş Milli Kəşfiyyat direktoru James Clapper Trump-ın Putin-lə razılaşmasını “inanılmaz kapitulyasiya”, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri John Brennan isə “xəyanətə bərabər” adlandırıb.

“O, tamamilə Putin-in cibindədir”, – Brennan tvitində yazıb.

Keçmiş vitse-prezident Joe Biden deyib ki, “yaltaq diktatorlar Amerikanın maraqlarını irəli apara bilməyəcəklər. Bu, bizim təhlükəsizliyimizi azaldır”.

2016-cı ildə prezidentliyə namizədlik yarışında Trump-ın rəqibi olmuş senator Rand Paul isə onu müdafiə edib.

“Məncə, bu adamlar səhv edirlər. Dialoqu yaxşılaşdırmağın yollarını axtarmalıyıq”, – o, Associated Press-ə deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG