Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:12

Kremllə əlaqədə suçlanan qadın ABŞ-da saxlanıb


ABŞ-dakı Rusiya səfirliyi Twitter-də Mariia Butina-nın həbsindən yazıb
ABŞ-dakı Rusiya səfirliyi Twitter-də Mariia Butina-nın həbsindən yazıb

Birləşmiş Ştatlarda rusiyalı qadın saxlanıb. Onun amerikalı mühafizəkar siyasətçilər və qruplarla əlaqələr saxladığı bildirilir, Rusiya hökumətinin gizli agenti kimi çalışmaqda ittiham olunur.

İyulun 16-da irəli sürülmüş ittihamnaməyə görə, 29 yaşlı Maria Butina ABŞ siyasətçiləri ilə əlaqələr qurmağa, bu ölkədə siyasi təşkilatlara nüfuz etməyə çalışıb, eyni zamanda Moskvada yüksəkçinli məmura informasiya ötürüb. Onun ölkənin nüfuzlu silah lobbiçiliyi təşkilatı olan Milli Silah Assosiasiyasına girməyə çalışdığı vurğulanır.

ƏLAQƏLƏR

İttihamnamədə deyilir ki, Butina 2015-ci ildə yazdığı emaildə silah assosiasiyasını Birləşmiş Ştatlarda konqres seçkilərinin “ən böyük sponsoru” adlandırıb, qeyd edib ki, Rusiya ABŞ-la münasibətləri yaxşılaşdırmaqdan ötrü bu qurumla, eləcə də respublikaçıların siyasi kampaniyalarının əsas dəstəkçisi olan Mühafizəkar Siyasi Hərəkət Konfransı ilə əlaqə yaratmalıdır.

***Buna da bax: Helsinki sammiti: yeni başlanğıc, yoxsa 'faciəvi səhv'?

Butina Rusiyada silah hüquqlarını müdafiə edən Silah Gəzdirmək Hüququ təşkilatının təsisçisidir. Ona ittihamlar Helsinkidə ABŞ prezidenti Donald Trump-ın rusiyalı həmkarı Vladimir Putin-lə sammiti bitəndən bir neçə saat sonra irəli sürülüb.

Donald Trump və Vladimir Putin birgə mətbuat konfransında
Donald Trump və Vladimir Putin birgə mətbuat konfransında

İttihamnamədə Butina-nın Rusiyanın ABŞ siyasətində maraqlarının təbliği üçün çalışdığı qeyd olunur. Onun Moskvaya 2014-cü ildə tətbiq olunmuş sanksiyaların yüngülləşdirilməsi üçün çalışdığı bildirilir.

2015-ci ilin iyulunda YouTube-da yerləşdirilmiş videoda Butina prezidentliyə namizəd Trump-dan soruşur ki, prezident seçilərsə, Rusiyaya sanksiyaları dəstəkləyəcəkmi.

“Reuters” anonim mənbəyə istinadla Butina-nın Trump-ın tərəfdarı olduğunu xəbərləyir. İddiaya görə, o, Vaşinqtonda tədbirlərdə lovğalanırmış ki, siyasi əlaqələri hesabına seçkidən sonra adamların Trump administrasiyasında iş tapmasına kömək edə bilər.

ALEKSANDR TORSHİN?

Butina-nın Moskvada yüksəkçinli hökumət rəsmisinə məlumat ötürdüyü bildirilsə də, ittihamnamədə onun adı çəkilmir. Amma həmin rəsminin “daha öncə Rusiya Federasiyasında qanunvericilik orqanının üzvü olduğu, sonradan Rusiya Mərkəzi Bankında rəhbər vəzifə tutduğu” qeyd olunur.

Bu təsvir Aleksandr Torshin-ə uyğun gəlir. Butina-nın Facebook səhifəsində Torshin ilə xeyli fotosu var.

2012-ci ildə Milli Silah Assosiasiyasına ömürlük üzv seçilən Torshin apreldə sanksiyalara məruz qalmış rusiyalı oliqarxlar və məmurlar sırasındadır. Həmin sanksiyalar Putin-lə münasibətlərə və “Rusiyanın məkirli fəaliyyətinin təbliğinə” görə qoyulub.

Məhkəmə sənədlərindən Butina-nın özəl lobbiçi qruplarının sponsorluq etdiyi bir sıra tədbirlərə qatıldığı da qeyd olunur. Bildirilir ki, Butina ilə işləyən bir amerikalı 2016-cı ilin oktyabrında seçkiqabağı Kremllə ABŞ siyasi partiyasının “əsas” rəsmiləri arasında “özəl kommunikasiya xətti” yaratmağa cəlb olunduğunu yazıb.

Butina-nın vəkili Robert Driscoll isə iddiaları şişirdilmiş adlandırıb, deyib ki, prokurorlar adi şəbəkələşmə imkanlarını kriminallaşdırıblar. O, Butina-nın Rusiyanın agenti olmadığını, Birləşmiş Ştatlarda tələbə vizasıyla qaldığını, Amerika Universitetindən beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi aldığını vurğulayıb.

Hazırda ABŞ-da xüsusi prokuror Robert Mueller prezident Trump-ın seçki kampaniyası ilə Rusiya arasında mümkün əlbirliyi araşdırır. Trump və Rusiya iddiaları təkzib edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG