Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:43

Dünya xəbərləri

Fransa dünya çempionatının finalına çıxıb

Fransa komandasının üzvü Samuel Umtiti ilk və yeganə qolu vurur
Fransa komandasının üzvü Samuel Umtiti ilk və yeganə qolu vurur

Fransanın yığma komandası futbol üzrə dünya çempionatının finalına çıxıb. İyulun 10-da keçirilən yarımfinal mərhələsində Fransa Belçika komandasını 1:0 hesabıyla məğlub edib.

Sankt Peterburqda keçirilən yarımfinal oyununu Fransa prezidenti Emmanuel Macron, Belçikanın kralı Philippe və kraliçası Mathilde izləyib.

Final oyunu iyulun 15-də Moskvanın Lujniki stadionunda baş tutacaq. Fransanın rəqibi sabah keçiriləcək Xorvatiya-İngiltərə qarşılaşmasının qalibi olacaq.

Fransa sonuncu dəfə 2006-cı ildə final mərhələsinə çıxıb, amma İtaliya yığmasına uduzub.

Fransızlar 1998-ci ildə dünya çempionu olublar.

Bütün xəbərləri izləyin

Harris sorğularda Trampla fərqi azaldır

Kamala Harris və Donald Tramp
Kamala Harris və Donald Tramp

Yeni rəy sorğuları ABŞ-nin vitse-prezidenti, 5 noyabr prezident seçkisində demokratların potensial namizədi Kamala Harrisin respublikaçı rəqibi Donald Trampla (Donald Trump) aralarındakı fərqi azaltdığını göstərir.

"Reuters" yazır ki, 81 yaşlı prezident Co Bayden (Joe Biden) seçki yarışından çəkiləndən Harris onun varisi kimi dərhal kampaniyaya başlayıb və bununla da durğun seçki marafonu silkələnib

İyulun 25-də Hyustonda Amerika Müəllimlər Federasiyası qarşısındakı çıxışında 59 yaşlı Harris iqtisadi siyasət, işçi hüquqlarından, əlçatan səhiyyə və uşaq təminatı planlarından danışıb. O, respublikaçıları məktəblərdə silahlı insidentlər fonunda silahlara məhdudiyyətləri önlədiyinə görə tənqid edib.

Bayden iyulun 21-də seçki yarışından çəkildiyini açıqlayıb. "Reuters/Ipsos" sorğusu daxil olmaqla o vaxtdan bəri keçirilən sorğuların bəziləri Harrisin, digərləri Trampın mövqeyinin yaxınlaşdığını, təxminən bərabərləşdiyini göstərir. Bu isə üç ay yarımlıq seçki marafonunda sərt mübarizənin aparılacağını göstərir.

İyulun 25-də dərc olunmuş "The New York Times/Siena College" sorğusuna görə, qeydiyyata alınmış seçicilər arasında Tramp 48, Harris 46 faiz səs yığıb. İyulun əvvəlində Tramp-Bayden nisbəti 49-41 faiz idi. Bayden iyunun sonunda Trampla debatda uğursuz performans göstərmişdi. Ondan sonra demokratlardan onun seçkidən çəkilməsi çağırışları güclənib.

Tərəddüdlü ştatlar

Bu sorğular amerikalıların siyasi namizədlərə dəstəyinin vacib göstəricisi sayılır. Ancaq bir sıra ştatlarda rəqabət güclü olur, seçkidə kimin qalib gəldiyinə qərar verən ABŞ Seçkiçilər Kollegiyasında balansı dəyişə bilir.

"Emerson College/The Hill"in dərc etdiyi sorğu isə Harrisin beş kritik ştatda belə Trampla arasındakı fərqi azaltdığını üzə çıxarıb. Söhbət Arizona, Corciya, Miçiqan, Pensilvaniya və Viskonsin ştatlarından gedir.

Ümumilikdə isə rəy sorğuları 78 yaşlı Trampın cüzi fərqlə Harrisdən önə çıxdığını ortaya qoyub.

Sentyabrın 10-na Trampla Bayden arasında növbəti debat planlaşdırılırdı. Harris həmin gün Trampla debata çıxmağa hazır olduğunu deyib. Amma Trampın seçki qərargahı iyulun 25-də bildirib ki, demokratlar namizədlərinin adını rəsmən elan etməyincə debatın detalları yekunlaşdırıla bilməz.

Demokratların qurultayı avqustda keçirilməlidir.

Rusiyada YouTube videolarının sürətini azaldacaqlar

Youtube
Youtube

Rusiyada Dövlət Dumasının üzvü Aleksandr Xinşteyn iyulun 25-də deyib ki, gələn həftənin sonunadək Rusiyada YouTube videolarının yüklənmə sürəti 70 faiz azaldılacaq. Deputat Telegram-da süni azaldılmanı "məcburi addım" adlandırıb, bu sosial platformanın "qanunu pozması və cəzasız qalması" ilə əlaqələndirib. Onun sözlərinə görə, bu tədbir yalnız videohostinqin desktop versiyasına aid olacaq, mobil versiyaya toxunmayacaq.

Xinşteyn YouTube-u anti-Rusiya hostinq siyasəti aparmaqda, mövqeyi Qərbin baxışından fərqlənən ictimai xadimlərin kanallarını silməkdə ittiham edib.

Dövlət Dumasının deputatı Rusiyada YouTube videopaylaşım platformasının sürətinin azaldılmasında Moskvanın iştirakını açıq şəkildə təsdiqləyən ilk rəsmi şəxsdir. Daha öncə problemlərin texniki xarakterli olduğu deyilirdi. Bu versiyanı Kremlin sözçüsü Dmitri Peskov da irəli sürmüşdü.

İyulun əvvəlində YouTube Rusiyanın bir sıra müğənni və aktyorlarının kanallarını Ukraynadakı müharibəyə verdikləri aktiv dəstəyə görə bloklayıb. Onların sırasında Şaman, Qriqori Leps, Polina Qaqarina, Oleq Qazamnov, Yuliya Çiçerina vardı. Bloklanma ABŞ və Aİ-nin 14-cü sanksiya paketi ilə bağlı atılan məhdudlaşdırıcı tədbirlər çərçivəsində tətbiq edilib.

Rusiya ərazisində YouTube-un işində problemlərlə bağlı ilk dəfə iyulun 11-də "Rostelekom" şirkəti məlumat yayıb.

"Meduza"nın telekommunikasiya sahəsində mənbəyi isə hakimiyyətin artıq videopaylaşım platformasının işini məhdudlaşdırmağa başlaması ehtimalını irəli sürmüşdü.

Qazeta.ru prezident administrasiyasına yaxın mənbəyə istinadla yazırdı ki, sentyabrda Rusiyada YouTube bloklanacaq, iyul-avqustda "müəyyən deqradasiya olacaq, ayrı-ayrı regionlarda YouTube-un işi pisləşəcək".

Rusiya 2022-ci il fevralın sonunda Ukraynaya qarşı genişmiqyaslı müdaxiləyə başlayandan sonra ölkədə bir sıra sosial şəbəkələrə və populyar saytlara çıxış məhdudlaşdırılıb. Ancaq YouTube hələlik bloklanmayıb, bir ehtimal bu videohostinqə Rusiyada adekvat alternativin olmamasıdır.

Bayden Netanyahu ilə görüşüb

Benyamin Netanyahu və Co Bayden
Benyamin Netanyahu və Co Bayden

İyulun 25-də ABŞ prezidenti Co Bayden (Joe Biden) Ağ evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. ABŞ administrasiya rəsmilərinin dediyinə görə, görüşün əsas mövzusu Qəzzada atəşkəslə bağlı razılaşma, ABŞ və Aİ-nin terrorçu kimi tanıdığı HƏMAS radikal qruplaşmasının girovları azad etməsi barədə olub.

Netanyahu Baydenə İsrail dövlətinə "50 illik" dəstəyinə görə təşəkkür edib. İlk dəfə 1972-ci ildə Senata seçilən Bayden 50 ildən çoxdur siyasətdədir. O, noyabrın 5-də keçiriləcək prezident seçkisində Demokratlar Partiyasından namizəd olmaqdan imtina edərək vitse-prezident Kamala Harrisi dəstəkləyib.

Netanyahuya müraciət edən ABŞ prezidenti deyib ki, onlar çox məsələni müzakirə etməlidirlər. Ağ evin təmsilçisi Con Körbi (John Kirby) daha sonra bildirib ki, görüşdə prezident bir daha Qəzza sektorunda atəşkəsin tezliklə, azından altı həftəliyə əldə olunmasının vacibliyini qeyd edib.

Harris daha qəti danışıb

Baydenlə Netanyahu HƏMAS-ın girov kimi saxladığı, ABŞ və İsrail vətəndaşlığı olan şəxslərin ailələri ilə də görüşüblər.

ABŞ-nin vitse-prezidenti Kamala Harris isə Netanyahu ilə görüşündə onu HƏMAS-la tezliklə atəşkəs sazişi əldə etməyə çağırıb. Onun sözlərinə görə, Netanyahu ilə "səmimi və konstruktiv" danışıq aparıb, İsrailin özünümüdafiə hüququnu vurğulamaqla yanaşı, Qəzzada doqquz aydır gedən müharibədə yüksək ölü sayı, ağır humanitar vəziyyətlə bağlı dərin narahatlığını bildirib.

Demokratlar Partiyasından prezidentliyə mümkün namizəd Harris prezident Co Baydenin Qəzzada qəddar müharibəyə son qoymağın vaxtının çatması ilə bağlı çoxdankı mesajı bir də dilə gətirib. AP Harrisin bu mesajı daha qətiyyətlə verdiyini yazır. Harris HƏMAS-ın qəddarlığını da pisləyib.

Benyamin Netanyahu ABŞ Konqresində
Benyamin Netanyahu ABŞ Konqresində

Netanyahunun Konqresdəki çıxışı

Bir gün öncə isə Netanyahu Konqresdəki çıxışında Qəzzadakı müharibəni müdafiə edib, HƏMAS-a qarşı "qətiyyətli qələbə" çalacaqlarını söyləyib, atəşkəs danışıqlarına nisbətən az toxunub. Netanyahu İranı Yaxın Şərqdə, bütün dünyada təhlükəsizliyə başlıca hədə adlandırıb. O, Birləşmiş Ştatları İsraillə birlikdə İran təhdidinə qarşı hərbi alyans yaratmağa çağırıb. Netanyahu həmçinin Vaşinqtonu İsrailə hərbi yardımı gücləndirməyə səsləyib.

Oktyabrın 7-də HƏMAS İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb. Girovlardan bəziləri sonradan azad olunub, bəziləri vəfat edib.

Qəzzadakı əməliyyatlarda isə azı 35 min fələstinlinin öldürüldüyü bildirilir.

Vaşinqtonda Netanyahunun səfərinə etiraz aksiyası keçirilib. Kapitoli binasının ətrafına yığışanlar Fələstini müdafiə, İsraili Qəzzada dinc əhalini öldürməkdə ittiham ediblər. Konqresin onlarla üzvü isə Netanyahunun çıxışı zamanı etiraz əlaməti olaraq zalda iştirak etməyiblər.

Eyni vaxtda Vaşinqtonda İsrail tərəfdarlarının da nümayişləri keçirilib. Onlar Netanyahu hökumətini girovların azad olunmasından ötrü yetərincə səy göstərməməkdə ittiham ediblər.

Həyat yoldaşlarının telefonlarına izləmə tətbiqi quraşdırıblar

mSpy
mSpy

Ukrayna şirkətinin hazırladığı "mSpy" tətbiqini minlərlə rusiyalı istifadə edib. Əslində bu tətbiq mobil cihazlar və kompüterlərdə uşaqlara valideyn nəzarəti üçün yaradılıb, ancaq bəlli olub ki, bir çoxları onu gizlicə həyat yoldaşlarının telefonlarına yerləşdiriblər.

2024-cü ilin iyununda "mSpy" dəstək xidmətinin databazası internetə sızıb. Databazada yüz minlərlə elektron poçt ünvanı, telefon nömrələri, digər şəxsi məlumatlar vardı.

Rusca yazılmış azı 2 min 500 dəstək xahişində istifadəçilər ya tətbiqin silinməsini istəyirlər, ya da xəyanətdən şübhələndiklərini dilə gətirirlər.

AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma layihəsi Rusiyanın hüquq-mühafizə orqanlarının "mSpy"dan istifadə etmədiyini üzə çıxarıb. Bircə yerdə Rusiya hökumətinin adı keçir. Başqırdıstanda kənd kitabxanasından göndərilən e-mail-də xidmətin keyfiyyətindən şikayət, hüquqi addım atılacağı barədə təhdid yer alır.

"mSpy" çex şirkətinə mənsub olduğunu bildirsə də, sızmada onun arxasında Ukrayna şirkətinin durduğu bəlli olur. Həmin şirkətin "Brainstack_" olduğu müəyyənləşib. Şirkət özü bunu təkzib edib, "Ukrayna ordusuna dəstək verən Ukrayna biznesinə qarşı informasiya hücumu" olduğunu iddia edib.

Rusiyada vertolyot qəza edib, ekipaj həlak olub

Mi-28
Mi-28

Rusiyanın qərbi Kaluqa vilayətində hərbi Mi-28 vertolyotu qəza edib. Müdafiə Nazirliyi ekipaj üzvlərinin həlak olduğunu bildirir. Vertolyotda neçə nəfərin olduğu deyilməsə də, Mi-28 ekipajı adətən iki nəfərdən ibarət olur.

Nazirlik qəzanın ilkin səbəbi kimi texniki nasazlığı göstərib. Vertolyotun planlaşdırılmış uçuş həyata keçirdiyi qeyd olunur.

Region qubernatoru Vladislav Şapşa Telegram-da yazıb ki, hadisə yerində xilasedicilər işləyir.

Vertolyotun Kaluqa ilə Bryansk vilayətlərinin sərhədindəki Jizdrinsk rayonunda əhali yaşamayan, meşə ərazisinə düşdüyü, həmin yerdə dağıntıya səbəb olmadığı bildirilir.

Mi-28 zərbə vertolyotu zirehli texnikanın, hava hədəflərinin, düşmənin canlı qüvvəsinin axtarışı və məhvi üçün nəzərdə tutulub. O, həmçinin ərazilərdə keşik çəkmək və kəşfiyyat aparmaq xüsusiyyətinə də malikdir.

2023-cü il mayın 12-də Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda Mi-28 vertolyotu qəza etmiş, hər iki pilot həlak olmuşdu. Onda Rusiya Müdafiə Nazirliyi aviaqəzanın səbəbi kimi texniki nasazlığı göstərmişdi.

Moskvada avtomobil partlayıb, Türkiyə şübhəlini saxladığını bildirir

Moskvada avtomobil partlayışı
Moskvada avtomobil partlayışı

Türkiyə daxili işlər naziri Ali Yerlikaya iyulun 24-də deyib ki, Türkiyə polisi Moskvada az əvvəl avtomobilin partladılmasında şübhəli bilinən rusiyalını saxlayıb.

Yerlikayanın verdiyi məlumata görə saxlanmış şəxs – Rusiya vətəndaşı Yevgeni Serebryakov Moskvada terrorçu akt törədərək avtomobili partlatmaqda şübhəli bilinir.

Nazir X platformasında yazır ki, Serebryakov Moskvadan təyyarə ilə gəlib və Türkiyə polisi tərəfindən Muğla vilayətində saxlanıb.

Yerlikayanın dərc etdiyi videoda Türkiyə polisinin bir nəfəri ağ mikroavtobusdan düşürdüyü və qollarını qandalladığı görünür.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Moskvanın şimalında avtomobilə yerləşdirilmiş qurğunun partladılması nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü İrina Volk deyib ki, bir kişi və bir qadın park edilmiş "Toyota Land Cruiser" avtomobilinə minəndə partlayış baş verib.

Volk həmin şəxslərin xəstəxanaya yerləşdirildiyini, cinayət işi açıldığını bildirib.

Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqələndirilən BAZA Telegram kanalının yazdığına görə, qurbanlardan birinin Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabiti olduğu güman edilir.

"Astra" Telegram kanalı ordu radiomərkəzinin rəis müavini Andrey Torqaşov və arvadının avtomobilinin partladıldığını yazır.

Daha beş park edilmiş avtomobilə ziyan dəyib.

Məlumata görə, DİN-də mümkün sui-qəsdin Torqaşovun peşəkar fəaliyyəti ilə əlaqəli ola biləcəyini ehtimal edirlər.

"Kommersant"ın yazdığına görə, partlayışla əlaqədar adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb, ancaq sonradan maddəni terakta dəyişə bilərlər.

Torqaşovun həyat yoldaşı Maya "360" telekanalına deyib ki, onun ərinə heç nə olmayıb, avtomobildə başqası olub.

İyulun 22-də qlobal istilik rekordu yenə təzələnib

Tehranda taksi sürücüləri
Tehranda taksi sürücüləri

İyulun 22-si dünya boyunca qeydiyyatların aparıldığı dövrdə, yəni 1940-cı ildən bəri ən isti gün olub.

Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə həmin gün bütün Yer səthi boyunca temperatur 17.15 dərəcəyə çatıb.

Xidmət bundan əvvəl ən isti günün 21 iyul olduğunu bildirmişdi. Həmin gün orta qlobal temperatur 17.09 dərəcə olmuşdu.

Son günlərdə rekord istilər Yaponiya, İndoneziya və Çinin şəhərlərində qeydə alınıb. Antarktida, Afrikanın bir neçə rayonu, ABŞ və Kanadada da anomal istilər müşahidə olunur.

Fars körfəzi ölkələrində rütubəti də nəzərə alan istilik indeksi 60 dərəcəni keçib.

Avropanın bəzi hissələrində temperatur 45 dərəcəyə çatıb.

***

Avropa İttifaqının Copernicus İqlim Dəyişikliyi Xidmətinin məlumatına görə ötən bazar günü, iyulun 21-də indiyədək qlobal miqyasda qeydə alınmış ən isti gün olub.

Həmin gün Yer səthi üzrə orta temperatur müsbət 17.09 dərəcəyə çatıb. Bu, ötən il iyulun 17-də qeydə alınmış 17.08 dərəcədən azacıq çoxdur.

Ötən həftə isti hava dalğaları Birləşmiş Ştatların, Avropa və Rusiyanın böyük ərazilərinə yayılıb.

Copernicus xidməti Reuters agentliyinə bildirib ki, iyulun 21-də, belə görünür, ötən ilin orta temperatur rekordu aşılıb.

Xidmət Yer üzrə temperatur qeydlərini 1940-cı illərdən aparır.

Bəzi alimlər 2024-dən yeni rekord gözləyirlər

Bu da xəbər verilir ki, ötən il, iyulun 3-dən 6-dək, dalbadal dörd gün ərzində rekord istilik qeydə alınıb.

Alimlər bunu mədən yanacağından istifadə nəticəsində Şimal yarımkürəsində baş verən iqlim dəyişikliyi və ekstremal istilərlə izah edirlər.

2023-ci ilin iyunundan 13 ay müddətində keçən dövr qeydiyyat aparılandan bəri əvvəlki illərlə müqayisədə planetin ən isti dövrü sayılır.

Bəzi alimlərin təxminlərinə görə 2024-cü il ən isti il kimi 2023-cü ilin rekordunu təzələyə bilər.

Buna səbəb olaraq iqlim dəyişikliyi və apreldə başa çatmış El Nino adlı təbii hava fenomeni göstərilir.

Almaniyada İrana bağlılıqda ittiham olunan qruplar qadağan edilir

Alman polisinin Hamburq İslam Mərkəzinə reydi
Alman polisinin Hamburq İslam Mərkəzinə reydi

Almaniya hökuməti iyulun 24-də bildirib ki, Hamburqda mənzillənən, İran rəhbərliyinin ideologiyasını yaymaqda, Livanın "Hizbullah" silahlı qruplaşmasını dəstəkləməkdə ittiham olunan təşkilatı qadağan edib. Polisin ölkə boyunca 53 yerdə reydlər keçirdiyi xəbər verilir.

Qadağan olunan təşkilatlar Hamburq İslam Mərkəzi (IZH) və Almaniyada daha beş altqurumdur. Noyabrda həmin təşkilatlarda axtarışlar aparılmışdı.

Daxili işlər naziri Nensi Fezer deyib ki, təhqiqat zamanı yığılmış sübut-dəlil "ciddi şübhələri o dərəcədə təsdiqlədi ki, bu gün qadağanı elan etdik".

Almaniyaya "islam inqilabı" gətirmək istəyir

"IZH Almaniyada islamçı-ekstremist, totalitar ideologiyanı yayır, özü və altqurumları isə "Hizbullah" terrorçularına dəstək verir, aqressiv antisemitizmi təbliğ edir", - Fezer bəyanatında vurğulayıb.

Nazirlik IZH-in "İranın ali dini liderinin birbaşa təmsilçisi" olaraq islam inqilabının ideologiyasını aqressiv və silahlı yolla yaydığını, Almaniya Federativ Respublikasına belə bir inqilab gətirmək istədiyini bildirir.

1962-ci ildə təsis olunmuş təşkilatın üzvlərinin və tərəfdarlarının sayına dair etibarlı rəqəmlər yoxdur. İllərdir onu qadağan etməklə bağlı çağırışlar səslənir.

IZH ötən payız bildirmişdi ki, "zorakılıq və ekstremizmin istənilən formasını pisləyir, daim sülh, dözümlülük, dinlərarası dialoqu təşviq edib".

Dörd şiə məscidi də qapadılır

Nazirlik bu qadağadan dolayı Almaniyada dörd şiə məscidinin də qapadılacağını bəyan edib. IZH-in aktivləri də müsadirə olunur.

"Hizbullah" Almaniyada qadağan edilib. İranın dəstəklədiyi bu qruplaşma və İsrail ötən ilin oktyabrda İsrail-HƏMAS müharibəsindən bəri, demək olar, hər gün atışır.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu xəbər verilir.

Dövlət Duması miqrantların hüquqlarını kəskin məhdudlaşdırır

Rusiya polisi Moskvanın Biryulyovo rayonunda tərəvəz anbarı kompleksində reyd zamanı işçi miqrantları saxlayır.
Rusiya polisi Moskvanın Biryulyovo rayonunda tərəvəz anbarı kompleksində reyd zamanı işçi miqrantları saxlayır.

İyulun 23-də Dövlət Duması Rusiyada miqrantlara nəzarəti sərtləşdirən qanun layihələri paketini qəbul edib. Polisə əcnəbiləri ölkədən çıxarmaq qərarı vermək icazəsi verilib. Miqrantlar üçün onların hüquqlarını kəskin məhdudlaşdıran xüsusi "deportasiya rejimi" tətbiq olunur.

Yaşayış izni, yaxud viza olmadan ölkədə qalma müddəti 180 gündən 90 günə salınıb.

Bu qanun layihələri qəbul olunanadək ölkədən çıxarılma barədə yalnız məhkəmələr və sərhəd xidməti qərar verə bilərdi. Rusiyada hüquqi əsaslar olmadan qalan, yaxud cinayətlər törətməkdə təqsirləndirilən əcnəbilər üçün xüsusi hüquqi rejim tətbiq olunur.

"Deportasiya rejimi"ndə olan əcnəbilərin bank hesabları və biznes açması, avtomobil idarə etməsi, nikah bağlaması, digər regiona köçməsi qadağan olunacaq. Polis onların yaşayış yerinə ordersiz gedə bilər. Məhkəmənin sanksiyası olmadan onları texniki nəzarət qurğuları vasitəsilə izləməyə icazə verilir.

Xüsusi rejim miqrantları hüquqsuz edəcək

Polis əməkdaşları bu şəxslər barəsində hətta kommersiya sirri sayılan informasiyanı, bank, vergi məlumatlarını istəyə bilər.

Hüquq müdafiəçilərinin fikrincə, bu rejim miqrantları Rusiya ərazisində hüquqsuz edəcək.

Qanun layihələri Dövlət Dumasına "Crocus City Hall" mərkəzinə hücumdan sonra təqdim olunub. Həmin hücumda 145 nəfər həlak olub, azı 500 nəfər yaralanıb. Hadisəyə görə Orta Asiya ölkələrindən bir neçə nəfər ittiham olunur.

Bu hücumun ardınca Rusiyada hakimiyyətin miqrantlara qarşı ritorikası kəskin dəyişib. Orta Asiya ölkələri vətəndaşlarına Rusiyaya getməmək tövsiyə olunur.

Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, hazırda deputatlar 25 miqrasiya layihəsinə baxır.

Rusiyaya miqrant axını son 10 ildə minimuma enib

Bişkekdə Rusiyaya sərnişindaşıma təşkil edən şirkətin reklam banneri.
Bişkekdə Rusiyaya sərnişindaşıma təşkil edən şirkətin reklam banneri.

Rusiyaya miqrant axını son 10 ildə ən aşağı həddə düşüb. AzadlıqRadiosunun rus xidməti bunu 2008-ci il böhranı, 2014-cü ildə Krımın ilhaqı və COVID-19 pandemiyasından bəri dördüncü azalma dalğası adlandırır.

Rusiya statistika orqanının məlumatına görə, 2023-cü ildə ölkəyə 560 min nəfər gəlib. Bu isə Ukraynada müharibə başlayan 2022-ci ildəkindən 23 faiz azdır: onda Rusiyaya 730 min nəfər gəlmişdi.

Rusiyaya gələnlərin 1/3-i Tacikistandan, 10 faizi Qırğızıstandan, 9 faizi Ukraynadan, Ermənistan və Qazaxıstandan, 4 faizi isə Özbəkistandandır. Belarus, Çin, Türkmənistan, Hindistan və digər ölkələrdən gələn miqrantlar da var.

2023-cü ildə Rusiyaya gələnlərin 55 faizi kişilər, 45 faizi qadınlar olub. Onların əksəriyyəti (76 faiz) əmək qabiliyyəti yaşında gəlib. Miqrantların 11 faizi yaşlılar, 13 faizi isə yaşı 16-dan aşağı olanlardır. Ancaq miqrantların cəmi 1/3-i işləmək məqsədilə gəldiyini bildirib.

Miqrantların çoxunun Moskva və Tümen vilayətlərinə, həmçinin Xantı-Mansi muxtar dairəsinə gəldiyi açıqlanıb, ümumi miqrant sayının 57 faizi bu ərazilərin payına düşür.

Bundan öncə Tomsk vilayətində miqrantların 20 sahədə, o cümlədən taksi, ticarət, ərzaq təchizatı, təhsil, idman, mühafizə, mehmanxana, personal seçimi sahələrində işləməsi qadağan edilib.

Miqrantlara qadağalar

"Agentstvo"nun hesablamasına görə, Rusiya regionlarının 1/3-də, o cümlədən Ukraynadan ilhaq olunmuş Krımda miqrantların işləməsinə məhdudiyyətlər tətbiq edilib.

2023-cü ilin oktyabrında Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xarici vətəndaşların məktəblərdə, əczaçılıq sahəsində, dövlət tibb ocaqlarında, taksi və yük daşımalarında işləməsinin yasaqlanması təklif olunur.

"Crocus City Hall"da teraktın Tacikistan vətəndaşları tərəfindən törədilməsi haqda rəsmi versiya yayılandan sonra Rusiyada miqrantlara ksenofob münasibət kəskinləşib. Bəzi regionlarda hüquq-mühafizə orqanları əcnəbi işçilərin yaşayış və iş yerlərində reydlər keçiriblər. Bəzi hallarda miqrantları hərbi komissarlıqlarda qeydiyyata salıblar.

Moskva əməkçi miqrantları ölkədən çıxmağa vadar etməkdən ötrü onları Ukraynadakı müharibəyə göndərir. Bunu Peterburqda beynəlxalq hüquq forumunda İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin söyləyib. Dediyinə görə, Rusiya vətəndaşlığı ala bilmiş 10 minə yaxın miqrant orduya cəlb olunub.

2024-cü ilin əvvəlindən DİN Rusiyadan azı 65 min əcnəbini çıxarıb, 120 min miqrantın ölkəyə girişini önləyib.

Zelenski Trampa zəng edib

Donald Tramp və Volodimir Zelenski (Arxiv kollajı)
Donald Tramp və Volodimir Zelenski (Arxiv kollajı)

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Trampla danışıb və Rusiya ilə davamlı sülhün müzakirə edilməsi üçün atılmalı olan addımları üzbəüz müzakirə etməyə hazır olduğunu bildirib.

Bu telefon söhbəti iyulun 19-da Tramp öz partiyasının prezidentliyə namizədlik üçün nominasiyasını qəbul edəndən bir gün sonra baş tutub.

Zelenski telefon söhbəti barəsində X platformasında yazıb:

“Mən Donald Trampla danışdım ki, onu respublikaçı nominasiyası münasibəti ilə təbrik edim və Pensilvaniyada baş vermiş sui-qəsd cəhdini pisləyim. Mən ona gələcəkdə güc və tam təhlükəsizlik arzu etdim”.

Trampın sülh vədi

Zelenski qeyd edib ki, o Trampla şəxsən görüşərək “ədalətli və davamlı sülh üçün atılmalı olan addımları müzakirə etməyə hazır olduğunu” bildirib.

Tramp iyulun 19-da Truth Social platformasında yazıb ki, Zelenski ilə etdiyi “çox yaxşı telefon söhbətində” Rusiyanın Ukraynaya müdaxiləsini müzakirə edib.

Tramp danışıqlar vasitəsilə “dünyaya sülh gətirəcəyini və çox sayda insanın həyatına son qoymuş müharibəni bitirəcəyini” vəd edib:

"Hər iki tərəf bir araya gəlib zorakılığa son qoyacaq və firavanlığa doğru yol açacaq razılaşma barədə danışıqlar apara biləcəklər”.

Narahat dövrdə...

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi ərzində hər iki tərəfdən on minlərlə insan həlak olub.

29 aydır ki, davam edən müharibənin hələ ki, sonu görünmür. Rusiya hazırda Ukrayna ərazisinin 17 faizini işğal edib.

Şərhçilər bildirirlər ki, Zelenskinin Trampa telefon zəngi Kiyevdə və Avropa paytaxtlarında onun daha bir dörd il üçün Ağ Evə qayıtmaq ehtimalından narahatlığın olduğu bir vaxtda yer alıb.

ABŞ prezidenti Co Bayden ötən ay Trampla debatda zəif çıxış etdikdən sonra respublikaçıların 2024-cü ilin noyabr seçkisində qələbə şansları artıb.

Sözü gedən debat Baydenin fiziki və psixi sağlamlığına dair çoxsaylı suallar yaradıb.

Ermənistanda təyyarə qəza edib, iki pilot həlak olub

Qəzaya uğrayan "Yak-52"
Qəzaya uğrayan "Yak-52"

Ermənistanda "Yak-52" təlim təyyarəsi Yerevandan 20 km şimalda yerləşən kiçik Yeğvard şəhəri yaxınlığında qəzaya uğrayıb, iki pilot həlak olub. Bunlar baş leytenant Armen İsaxanyan və kursant Armen Xaçatryandır. Onların meyitləri təyyarənin qalıqları arasından tez aşkarlanıb.

Hadisənin səbəbi aydın deyil. Ermənistanın İstintaq Komitəsi bildirir ki, uçuş təhlükəsizlik qaydalarının ciddi şəkildə pozulması ilə bağlı araşdırma aparılır.

Rusiyada ABŞ jurnalistinə 16 il həbs verildi

Evan Qerşkoviç
Evan Qerşkoviç

Rusiyada məhkəmə "The Wall Street Journal" qəzetinin müxbiri Evan Qerşkoviçi (Evan Gershkovich) casusluqda təqsirli bilərək 16 il həbsə məhkum edib.

Kremlin sözçüsü Dmitri Peskov məhkəmənin belə sürətlə hökm çıxarmasının səbəbi ilə bağlı jurnalistin sualını cavablandırmayıb, bu durumla bağlı şərh verə bilməyəcəyini deyib. O əlavə edib ki, Qerşkoviçin məhkəməsinin qapalı keçirilməsi "işin həssaslığı" ilə əlaqədardır.

+++

Rusiyada prokurorlar "The Wall Street Journal"ın jurnalisti Evan Qerşkoviçi (Evan Gershkovich) casusluqda təqsirli bilməyi, ona 18 il həbs verilməsini təklif ediblər. Qəzet və ABŞ hökuməti bu ittihamları rədd edir.

İyulun 19-da məhkəmədə son arqumentlər səsləndirilib. Bundan bir gün öncə isə Qerşkoviçin çalışdığı qəzet və ABŞ Dövlət Departamenti jurnalisti azadlığa buraxmağa çağırmışdı.

İyunun 26-da başlamış məhkəmə Yekaterinburq şəhərində qapalı keçirilir.

Qerşkoviç 2023-cü ilin martında Yekaterinburqda reportaj hazırlayarkən saxlanılıb. Ona Rusiyanın Ukraynadakı müharibəsi üçün tanklar hazırlanan zavod barədə informasiya əldə etməyə cəhd ittihamı irəli sürülüb. Jurnalist məlumatı daha sonra Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) ötürmək niyyətində şübhəli bilinir. O, soyuq müharibə bitəndən Rusiyada casusluq ittihamları ilə saxlanan ilk ABŞ jurnalistidir.

32 yaşlı amerikalı keçmiş Sovet İttifaqından mühacirlərin övladıdır.

"The Wall Street Journal" və ABŞ hökuməti casusluq ittihamlarını qətiyyətlə rədd edir, Qerşkoviçin akkreditə olunmuş jurnalist kimi yalnız öz işini gördüyünü bildirirlər.

Hazırda Qerşkoviçdən savayı, AzadlıqRadiosunun veteran jurnalisti, ikili vətəndaşlığı olan Alsu Kurmaşeva da Rusiyada həbsdədir. O, oktyabrda Kazanda saxlanılıb, "xarici agent" kimi qeydiyyatdan keçməməkdə ittiham olunub. AzadlıqRadiosu və ABŞ hökuməti jurnalistin peşə fəaliyyətinə görə saxlanıldığını deyir.

Qerşkoviçdən fərqli olaraq Kurmaşevanı ABŞ hökuməti "qanunsuz saxlananlar" kateqoriyasına salmayıb, baxmayaraq ki, radio və jurnalistin ailəsi buna dəfələrlə çağırış edib. Bu kateqoriya işin ABŞ Dövlət Departamentində girovlarla iş üzrə xüsusi elçinin ofisinə verilməsini mümkün edir. Yəni iş siyasi yöndən dəyərləndirilir, ABŞ administrasiyası məhbusun buraxılmasına nail olmaqdan ötrü əlavə resurslar ayırır.

Qlobal kiber-nasazlığa görə onlarla şirkət işini dayandırmalı olub

"Microsoft 10" mavi "səhv" ekranı göstərir.
"Microsoft 10" mavi "səhv" ekranı göstərir.

"Windows"un işində qlobal miqyasda kəsinti yaranıb, dünyanın müxtəlif ölkələrində aeroportlar, vağzallar, banklar, digər qurumlar işi dayandırmalı olublar.

ABŞ, Türkiyə, Hindistan, Avstraliya aviaşirkətləri, Almaniya və İspaniyada aeroportlar, Böyük Britaniyada dəmiryol vağzalları nasazlığın təsirinə məruz qalıb. "Sky News" telekanalı efiri davam etdirə bilməyib.

İspaniya bütün aeroportlarında kompüter insidentinin yaşandığını bildirib.

Avropanın sərnişin sayına görə ən böyük aviaşirkəti olan "Ryanair" sərnişinlərə mümkün pozuntularla bağlı xəbərdarlıq edib.

Avstraliya media, banklar və telekommunikasiya şirkətlərindəki problemin "CrowdStrike" qlobal kibertəhlükəsizlik şirkəti ilə bağlı olduğunu deyib.

"Microsoft" şirkətinin məlumatına görə, "Windows 10" əməliyyat sistemində nasazlıq "CrowdStrike" antivirus proqramının yenilənməsi zamanı baş verib. Şirkət bunun kiberhücum olmadığını, fəsadların yumşaldılmasından ötrü tədbirlər görüldüyünü açıqlayıb.

Ukrayna 'Lukoil' neftinin Macarıstan və Slovakiyaya nəqlini dayandırıb

Drujba neft kəmərinin Macarıstana gedən qolu
Drujba neft kəmərinin Macarıstana gedən qolu

Ukrayna Rusiyanın Lukoil şirkətinə aid neftin nəqlini dayandırıb. Slovakiyanın TAST xəbər agentliyi bildirir ki, bu, Bratislavadakı “Slovnaft” neftayırma zavodunun işini ciddi təsirləndirəcək.

Bu da xəbər verilir ki, məhdudiyyətlər Ukraynanın Lukoil şirkətinə qarşı sanksiyaları ilə bağlı olduğuna görə yalnız bu neft şirkətinin təchizatını əngəlləyəcək.

Slovakiya İqtisadiyyat Nazirliyi bildirib ki, Rusiyanın başqa neft şirkətlərinə aid neftin nəqli dayandırılmayıb.

Bununla belə ekspertlər deyirlər ki, uzunmüddətli məhdudiyyətlər Bratislavadakı neft emalı zavodunun işini çətinləşdirə bilər.

Ölkənin tədricən başqa alternativ enerji resurslarına keçidinə baxmayaraq Bratislava zavodunun emal etdiyi neftin üçdə ikisi hələ də Rusiya mənşəlidir.

Slovakiyanın iqtisadiyyat naziri deyib ki, hazırda ukraynalı partnyorlarla birlikdə problemin çözülməsi ilə məşğuldur.

Budapeşt problemi Moskva ilə müzakirə edir

Bundan əvvəl Lukiol neftinin nəqlinin dayandırılması barədə məlumatı Budapeşt vermişdi.

Macarıstanın Xarici İşlər Nazirliyi bildirirdi ki, Rusiya ilə birlikdə problemin hüquqi həllinin tapılması istiqamətində işləyir.

Macarıstan və Slovakiyaya Rusiya nefti “Drujba” kəməri vasitəsilə nəql olunur.

Bu kəmər Belarus ərazisindən keçir. Mozır məntəqəsində boru kəməri iki qola ayrılır. Şimal boru kəməri ilə neft Polşa və Almaniyaya nəql edilir. Kəmərin cənub qolu isə Ukrayna ərazisindən keçərək Slovakiya, Çexiya və Macarıstana gedir.

Lukoil şirkəti 2018-ci ildən Ukraynanın sanksiyaları altındadır, lakin məhdudiyyətlər heç vaxt neftin nəqlinə şamil edilməyib. 2024-cü ilin iyunundan Kiyev sanksiyaları sərtləşdirib. O cümlədən neftin tranzitinə qadağan qoyulub.

İranda Aşura mərasimində hicabsız görünən qadınlar polisə çağrılır

İran polisi Aşura mərasimlərində hicabsız iştirak edən qadınları dindirir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

İranın Alborz vilayətində polis rəisi iyulun 17-də deyib ki, Kərəc şəhərində Aşura mərasimində hicabsız iştirak edən qadınlar müəyyənləşdirilərək çağrılır.

Instagram-da yayılan videoda bir neçə gənc qadın qara geyimdə, amma baş örtüksüz görüntülənib. Onlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətl günü Aşura mərasiminə qatılıblar.

Aşura gününü qeyd edən şiələr adətən qara geyinir, Hüseynə kömək edə bilmədiklərinə görə peşmançılıq əlaməti olaraq kürəklərinə zəncir vururlar.

İyulun 16-da Kərəcdəki mərasimdən yayılmış video sosial mediada böyük reaksiya doğurub.

Təşkilatçının lisenziyası ləğv olunub

Alborz vilayətinin polis rəisi Həmid Hədavənd iddia edib ki, bu və digər videoların yayılması ölkə boyunca "Hüseyn üçün ağlayanların hisslərinə toxunur".

Hədavənd videoda görünənləri küfrdə ittiham edərək deyib ki, onların hamısı müəyyənləşdirilərək Alborz vilayət polisinə çağrılıb. Amma o, neçə nəfərin çağrıldığını, yaxud kimliyinin müəyyənləşdirildiyini açıqlamayıb.

Bundan başqa, dini qurumlarla iş üzrə təşkilat gənc qadınların hicabsız qatıldığı Aşura mərasimini təşkil edən qurumun lisenziyasını ləğv edib.

Həmin təşkilatın rəhbəri də polisə çağrılıb.

Aşura müsəlman təqviminin birinci ayı olan Məhərrəm ayının 10-cu günü keçirilir. Ötənilki Məhərrəm ayında da İranda məcburi baş örtüyü hicabsız qadınların müəyyənləşdirilərək saxlanılması xəbərləri gəlib.

Qadınlar reydlərə meydan oxuyur

Son iki ildə rəsmi orqanları hicab qadağasına qarşı çıxanlarla mübarizəni sürətləndirib. 2022-ci ildə Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra vəfat etmişdi. Ondan sonra ölkəni kütləvi etirazlar bürüyüb. Güc strukturları etirazları zorakılıqla yatırdıb.

Son aylar əxlaq polisi hicab qaydasını pozanlara qarşı reydlərə başlayıb, belə qadınlara qarşı zorakılıq halları baş verib.

Ancaq bütün bu tədbirlərə baxmayaraq, son iki ildə İranda ictimaiyyət arasında hicabsız görünən qadın və qızların sayı azalmayıb.

Gələn ayın əvvəlində islahatçı Məsud Pezeşkian prezident kimi and içməlidir. Pezeşkianın mövqeyincə, hicab qanununa əmək olunmalıdır, amma "qadınlara qarşı müdaxilə, qeyri-insani hərəkət baş verməməlidir".

Avropa İttifaqı Ermənistanla viza sərbəstləşdirilməsi danışıqlarına başlayacaq

Rumıniyada Şengen zonasına giriş
Rumıniyada Şengen zonasına giriş

Avropa İttifaqı iyulun 17-də bütün üzv ölkələrin səfirləri səviyyəsində Ermənistanla viza rejiminin sərbəstləşdirilməsinə dair danışıqlara başlanmasına razılıq verib.

Bu barədə məlumatı Brüsseldən AzadlıqRadiosunun Avropa müxbiri Rikard Jozviyak verib.

Müxbirin sözlərinə görə qərar rəsmi təsdiq üçün Avropa İttifaqı Şurasına təqdim oluncaq.

Şura isə öz növbəsində danışıqlara başlanmasının dəqiq vaxtını və Ermənistanın qarşısına qoyulmuş şərtləri elan edəcək.

Jozviyak AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, bundan sonra illərlə davam edə biləcək proses başlanacaq.

Məsələn, Moldova ilə danışıqlar 3-4, Gürcüstanla 5, Ukrayna ilə 9 il çəkib. Türkiyə artıq 10 ildir ki, danışıqların davam etdirilməsini gözləyir.

Çoxsaylı tələblər

Müxbir qeyd edir ki, danışıqlar prosesində Ermənistanın icra etməli olacağı yüzlərlə səhifəlik şərt və tələblər açıqlanacaq.

Brüsselin belə bir sənədi hazırlaması adətən yarım ilə qədər çəkir. Odur ki, hərəkət planı Ermənistana ya bu ilin sonlarınadək, ya da gələn il təqdim oluna bilər.

Jozviyakın sözlərinə görə hazırda Avropada miqrasiya qaydaları sərtləşdirilir. Məsələn iki il əvvəl Gürcüstanla vizasız gediş-gəliş rejiminə başlanıb. Bu müddət ərzində Gürcüstan vətəndaşlarının Avropaya gəldikdən sonra burada qalmağa çalışmasından, gürcü əsilli kriminal qruplaşmaların fəaliyyətindən narazılıqlar olub.

Hazırda 60 ölkənin vətəndaşları Avropa İttifaqına vizasız səfər edə bilərlər. Onlar Şengen zonasında 180 gün ərzində yalnız 90 günədək qalmaq hüququna malikdirlər.

Bu da qeyd olunur ki, Brüssel vizasız rejimi istədiyi vaxt ləğv etmək hüququnu özündə saxlayır.

Belarus 35 Avropa ölkəsi üçün vizasız rejim elan edir

Belarus-Polşa sərhəd keçidi
Belarus-Polşa sərhəd keçidi

Belarusun hakimiyyət orqanları Avropanın 35 ölkəsinin vətəndaşları üçün vizasız gediş-gəliş rejimi elan ediblər.

Bundan əvvəl, 2022-ci ildən etibarən Polşa, Litva və Latviyanın vətəndaşları Belarusa vizasız səfər edə bilərdilər.

Belarus Dövlət Sərhəd Komitəsinin məlumatında deyilir ki, bu qərarı ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenko təsdiqləyib.

Xəbər verilir ki, Minskin bu addımı birtərəflidir, belə ki, Avropa ölkələri Belarus vətəndaşları üçün vizasız rejim elan etməyiblər.

Qərara görə iyulun 19-dan Avropa İttifaqının bütün ölkələri, habelə Britaniya, Norveç, İsveç və bir sıra Balkan ölkələrinin vətəndaşları Belarusa vizasız səfər edə və burada 30 gün müddətində qala biləcəklər.

Rusiyadan başqa

Qərarda deyilir ki, Belarusa vizasız gəlmiş əcnəbilər buradan, Rusiya xaric başqa ölkələrə səfər edə bilərlər.

Belarusun vizasız rejim elan etdiyi ölkələrin demək olar hamısının vətəndaşları Rusiyaya yalnız viza ilə gələ bilərlər.

Rusiya ilə viza rejimi Ukraynaya müdaxilədən sonra daha da sərtləşdirilib.

Moskva hələ ki, Belarusun qərarını şərh etməyib. Rusiya ilə Belarus arasındakı keçid məntəqələrində sərhədçilər yoxdur.

Şərhçilər bildirirlər ki, Minsk bu addımı Belarusla Aİ arasında münasibətlərin ən gərgin vaxtında atıb.

Aİ Ukraynaya müdaxilədə Rusiyaya dəstək verən Belarusa qarşı çoxsaylı sanksiyalar elan edib.

Eyni zamanda Polşa və Baltik ölkələri Belarusla sərhədlərini daim möhkəmləndirirlər.

Bu ölkələr bildirirlər ki, Belarus onların ərazisinə qanunsuz miqrant axınına bilərəkdən rəvac verir.

“Gərginliyi azaltmaq addımları”

Vizasız rejim Belarusun öz təbiri ilə deyilərsə, “gərginliyi azaltmağa yönəlik” yeganə addımı deyil.

Alyaksandr Lukaşenka bundan bir neçə gün əvvəl bəyan etmişdi ki, Belarus ordusu Ukrayna ilə sərhəddən geri çəkiləcək.

O əlavə etmişdi ki, “Ukraynada normal adamlar kifayət qədərdir” və sülh barədə danışıqlara başlamaq lazımdır.

Belarusun xarici işlər naziri Maksim Rıjenkov iyulun 15-də demişdi ki, Minsk Varşava ilə münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün dialoqa hazırdır.

Polşa XİN buna cavab olaraq bildirmişdi ki, o da dialoqa hazırdır, amma hələlik Belarus tərəfindən siyasətin strateji dəyişikliyini yox, yalnız qısamüddətli siyasi məqsədləri görür.

Rusiya və Ukrayna daha bir əsir mübadiləsi ediblər

İyulun 17-də Ukraynaya qaytarılmış əsirlər
İyulun 17-də Ukraynaya qaytarılmış əsirlər

Rusiya və Ukrayna 95-95-ə formatında daha bir əsir mübadiləsi ediblər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu mübadilədə vasitəçiliyi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) edib.

Bu da xəbər verilir ki, rusiyalı əsirlər Rusiya hərbi kosmik qüvvələrinin hərbi nəqliyyat təyyarələri ilə Moskvaya gətiriləcəklər.

Ukrayna prezidenti Volodimir Zelenski əsir mübadiləsinin keçirildiyini təsdiq edib.

Onun sözlərinə görə Kiyevə Ukrayna silahlı qüvvələrinin, milli qvardiyasının və sərhəd qoşunlarının əsgərləri qaytarılıb:

"Nə qədər mürəkkəb olsa da, əsirlikdə ola biləcək hamını axtarırıq. Hamını qaytarmalıyıq”.

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Moskva və Kiyev BƏƏ-nin vasitəçiliyi ilə əsir mübadiləsinə hazırlaşır.

Ötən həftə Verxovna Radanın insan haqları üzrə nümayəndəsi də “böyük mübadilə” gözləndiyini demişdi.

Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlanandan bəri Moskva və Kiyev bir neçə əsir mübadiləsi ediblər.

Yenə də BƏƏ-nin vasitəçşilyi ilə keçirilmiş bundan əvvəlki mübadilədə hər iki tərəfdən 90 əsir dəyişdirilmişdi.

Ümumilikdə isə bu il ərzində tərəflər 1500-dək əsirin mübadiləsini həyata keçiriblər.

Rusiya xarici səbəblərdən ölənlərin sayını ümumi statistikadan çıxarır

Komsomolsk-na-Amurda qəbiristanlıqlarından birində Ukraynada ölən "Rosqvardiya" əməkdaşlarının məzarları.
Komsomolsk-na-Amurda qəbiristanlıqlarından birində Ukraynada ölən "Rosqvardiya" əməkdaşlarının məzarları.

Rusiyanın Dövlət Statistika Xidməti xarici səbəblərdən ölənlərin sayını ümumi hesabatdan çıxarıb. Məlumatı "Meduza" demoqrafik məsələlər üzrə ekspert Aleksey Raşkaya istinadla yayıb.

Rusiya adətən xəstəlikdən ölənlərin sayını qətl və intihar kimi xarici faktorlardan ölənlərin statistikasından ayırıb. Bu zaman ekspertlər Ukraynanın işğalı zamanı öldürülən rusiyalıların sayını hesablaya bilərdilər. Kreml müharibədə ölənlərin statistikasını açıqlamır.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin (Lloyd Austin) ötən ay deyirdi ki, müharibənin getdiyi 29 ayda azı 350 min rusiyalı ya öldürülüb, ya da yaralanıb.

Media müharibədə ölənləri necə hesablayır

Xəbər agentlikləri başsağlığıları, miras sənədləri, sosial media postları əsasında azı 58 min rusiyalı hərbçinin ölümünü təsdiqləyiblər.

"Meduza", "Mediazona" və BBC-nin rus xidməti bu statistikanı hesablayanda xarici səbəblərdən ölü sayına da istinad edib. "Meduza" yazır ki, "2022-ci ildə qadın ölümlərinin sayı azalıb, kişi ölümləri artıb. Dinc dövrdə isə qadın və kişi ölüm trendləri fərqlənmirdi. Uyğun olaraq, irimiqyaslı müdaxilə başlayandan xarici səbəblərdən ölənlərin sayı Rusiya ordusunun təxmini itkisini hesablamaq imkanı yaradıb".

Digər tərəfdən, medianın miras işləri üzrə dövlət reyestrinin məlumatları əsasında araşdırmaları da müharibədə ölənlərin sayını hesablamağa imkan verir. Bu yanaşmadan baxanda Ukrayna ilə müharibədə 120 minə yaxın rusiyalı hərbçinin öldüyünü demək olar.

Üç media orqanının birgə araşdırması isə yalnız açıq mənbələr əsasında aparılır. Onlar bu il iyulun 5-dək Ukraynada 58 min 207 rusiyalı hərbçinin öldüyünü hesablayıblar.

Qəzzanın atəşə tutulması nəticəsində onlarla adam həlak olub

Qəzza zolağının mərkəzindəki Deyr Əl-Balahda İsrailin hücumu zamanı vurulan ev.
Qəzza zolağının mərkəzindəki Deyr Əl-Balahda İsrailin hücumu zamanı vurulan ev.

İyulun 16-da Qəzza sektorunda İsrail hərbçiləri ilə fələstinli ekstremistlər arasında döyüşlər davam edib. Qəzzada HƏMAS-ın nəzarətində olan tibb xidmətlərinin məlumatına görə, sektorun cənub və mərkəz hissələrində azı 57 nəfər İsrail bombardmanının qurbanı olub. Məlumatı "Reuters" yayıb.

AP isə bir zərbənin minlərlə köçkünün yerləşdiyi "təhlükəsiz zona"ya endirildiyini yazır.

Dinc sakinləri ölümü haqda məlumatlar araşdırılır

ABŞ, Böyük Britaniya və Aİ-nin terrorçu saydığı HƏMAS İsrailin ərəb vasitəçilər və Vaşinqtonun atəşkəs əldə olunması uğrunda səylərini pozmaq üçün Qəzzaya zərbələri gücləndirdiyini deyir. İsrail isə bildirir ki, Qəzzanı cihadçılardan təmizləməyə çalışır.

İsrailin maydan mövqe tutduğu Rəfah şəhərində isə beş fələstinli mülki evə hava zərbəsinin qurbanı olub. Bu haqda fələstinli həkimlər məlumat veriblər. Rəfah yaxınlığındakı Xan-Yunisdə iki uşaq və onların valideynləri öldürülüb.

İyulun 17-də axşam İsrailin avtobusa hava zərbəsindən azı 17 fələstinlinin öldürüldüyü, 26-sının yaralandığı bildirilir. Bu barədə yenə də Qəzzanın cənubunda HƏMAS-ın nəzarətində olan tibbi mənbələr məlumat verib.

Ölü sayını müstəqil təsdiqlətmək mümkün olmayıb.

İsrail dinc sakinlərin ölümünə dair məlumatların araşdırıldığını bildirib.

"Təhlükəsiz zona"

AP yazır ki, Aralıq dənizi sahili boyunca 60 kv.km-lik ərazidə yerləşən "təhlükəsiz zona", demək olar, hər gün vurulur. İsrail quru hücumlarından qaçan fələstinlilərə həmin zonaya sığınmağı tövsiyə edir. İsrail bildirir ki, yeraltı tunel şəbəkələri üzə çıxarılandan sonra dinc sakinlər arasında gizlənən HƏMAS yaraqlılarını təqib edir.

Ötən ilin oktyabrında HƏMAS İsrailə hücum edərək 250 nəfəri girov götürüb, min 200-dən çox ölən olub. Girovların bir qismi sonradan azad olunub, bəziləri vəfat edib.

İsrailin bu hücumdan sonra Qəzzaya endirdiyi zərbələrdən isə azı 38 min nəfərin həlak olduğu xəbər verilir. Ancaq bunların neçəsinin döyüşçü, neçəsinin dinc sakin olduğu deyilmir.

Müharibə sahilyanı Fələstin ərazisində humanitar fəlakətə səbəb olub, 2.3 milyon əhali, əsasən, didərgin düşüb, irimiqyaslı aclıq başlanıb.

Əfqanıstanda leysan, tufan 40 nəfərin həyatına son qoyub

Əfqanlar güclü yağışlardan sonra dağıntı yerini araşdırırlar.
Əfqanlar güclü yağışlardan sonra dağıntı yerini araşdırırlar.

Əfqanıstanın şərqi Nanqarhar əyalətində leysan yağışlar və tufan 35 nəfərin ölümünə, azı 230 nəfərin yaralanmasına səbəb olub. Məlumatı iyulun 15-də Talibanın başçılıq etdiyi hökumətin yerli administrasiyası açıqlayıb. İyulun 15-də səhər isə şərqi Kunar əyalətində leysan yağış və daşqınlarda beş nəfər həlak olub.

Nanqarharda qurbanların sayının artacağı gözlənilir.

Rəsmilər onu da bildiriblər ki, maliyyə itkiləri, telekommunikasiyada fasilələr gözləniləndi.

Taliban hökumətinin Meteorologiya Departamenti 12 vilayətdə leysan yağışlar proqnozlaşdırıb.

Smolenskdəki maral heykəli 'düşmən abidəsi' sayılıb

"Maral"
"Maral"

Rusiyanın Smolensk şəhərindəki ekspert qrupu şəhər parklarının birindəki maral heykəlini qorunan abidə kimi tanımaqdan imtina edib. Səbəb isə sözügedən heykəlin 20-ci əsrdə "düşmən" sayılan ölkə - Almaniyada hazırlanmasıdır.

Qrupun başçısı Vitali Kazepinin imzaladığı qərarda deyilir ki, "Rusiyanın tarixi abidələrindən bəzilərini dağıtmış düşmən ölkədə hazırlanmış abidəni qorumaq digər abidələrə qarşı ədalətsizlik olardı". Qərarda abidənin "ov qəniməti" olduğu da vurğulanır.

"Maral" heykəlini 1910-cu ildə almaniyalı heykəltəraş Riçard Frize (Richard Friese) hazırlayıb, İkinci Dünya müharibəsinin sonunda Smolenskə gətirilib.

Kazepin şuranın iclasında onu da deyib ki, Almaniyada hazırlanmış heykəl hansısa tarixi hadisə ilə bağlı deyil, ona görə də Rusiya incəsənət nümunəsi sayılmır. Yerli medianın yazdığına görə, onun opponentləri bu heykəlin 1945-ci ildən sonrakı tarixi ilə bağlı arxiv materiallarını əsas gətiriblər, onun yerli abidə kimi mühafizə olunduğunu deyiblər. Ancaq yenə də şura "Maral"ın abidə statusunu tanımayıb.

Frize maral abidəsini alman imperatoru II Vilhelmin sifarişi ilə hazırlayıb. İmperator rəssamdan onun 1909-cu ildə Şərqi Prussiyada öldürdüyü ov qəniməti maralın tunc abidəsini yaratmasını istəyib.

1910-cu ildən bu heykəl imperatorun indiki Kalininqrad vilayəti ərazisində, Rominten meşəsindəki iqamətgahında qalıb. İkinci Dünya müharibəsindən sonra Smolenskə aparılıb, şəhər əhalisi və turistlərin sevimli məkanı Blonye parkında qoyulub.

Putini Kremldən 'qovmaq' istəyən şamanı ruhi xəstəxanadan buraxmırlar

Şaman Aleksandr Qabışev (Arxiv fotosu)
Şaman Aleksandr Qabışev (Arxiv fotosu)

Rusiyada Primorsk diyarının məhkəməsi yakutiyalı şaman Aleksandr Qabışevin vəkillərinin vəsatətini rədd edib.

Bu barədə məlumatı özünün teleqram kanalında vəkil Aleksey Pryanişnikov verib.

Şamanın müdafiəsi Ussuriysk rayon məhkəməsinin Qabışevin ümumi rejimli ruhi xəstəxanaya köçürülməsinə dair vəsatəti rədd etməsindən şikayət vermişdi.

Vəkil bildirib ki, bu qərardan Ali Məhkəməyədək bütün instansiyalara şikayət verəcək.

Pryanişnikov əlavə edib ki, Qabışevin xəstəliyinə dair həkim-psixiatrların növbəti komissiyası oktyabrın əvvəllərində keçiriləcək.

Bundan əvvəl

Şaman Aleksandr Qabışev 2019-ci ildə “Putinin Kremldən qovulması” ayininin icrası üçün Yakutskdan Moskvaya yürüşə başlamışdı.

Yol boyunca ona çox sayda tərəfdarları qoşulmuşdular. Bundan bir neçə həftə sonra polislər şamanı Buryatiya və İrkutsk vilayətlərinin sərhədində saxlamışdılar.

Daha sonra Qabışev ruhi-nevroloji dispanserə yerləşdirilmiş, eyni zamanda ona qarşı ekstremizmə çağırış maddəsi ilə cinayət işi açılmışdı.

2021-ci ilin oktyabrında Yakutsk şəhər məhkəməsi Qabışevi xüsusi rejimli Novosibirsk ruhi xəstəxanasına məcburi müalicəyə göndərmişdi.

Şamanı hakimiyyət orqanlarına qarşı zorakılıqda və ekstremistlikdə ittiham edirdilər.

2022-ci ilin aprelində Qabışevi Novosibirsk ruhi xəstəxanasından Ussuriyskdəki xəstəxanaya köçürmüşdülər.

Sibir və Uzaq Şərqin sakinləri Qabışevin müdafiəsi üçün çoxsaylı piket və başqa aksiyalar keçiriblər.

Memorial insan haqları müdafiəsi fondu 2021-ci ildə Qabışevi siyasi məhbus siyahısına daxil edib.

Hazırda vəkilləri şamanın ümumi tipli psixiatrik xəstəxanaya köçürülməsinə çalışırlar.

Mayın 16-da Ussuriysk məhkəməsi məhz bu barədə vəsatəti rədd edib.

Rusiya Ukraynanın şərqində daha bir kəndi tutduğunu bildirir

Son günlər keçmiş mədən şəhəri Toretsk intensiv bombardmanlara məruz qalıb.
Son günlər keçmiş mədən şəhəri Toretsk intensiv bombardmanlara məruz qalıb.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın cənub-şərqində kiçik bir kəndi tutduğunu bəyan edib. Bu, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı çətinliklə, mərhələli şəkildə irəlilədiyini göstərir.

Ukrayna rəsmiləri Rusiyanın iyulun 14-də səsləndirdiyi bu iddianı dərhal şərh etməyiblər. Urojaynoye Donetsk vilayətinin qərbində Mokrıye Yalı çayı boyunca yerləşən məntəqələrdən biridir.

Hazırda Ukrayna qüvvələri təxminən 1200 km-lik cəbhə xətti boyunca Rusiya hərbçilərinə müqavimət göstərir.

Çasov Yarda ağır döyüşlər gedir

Hazırda Donetskdən şimalda yerləşən Toretsk keçmiş kömürçü şəhərində və şimaldakı Çasov Yarda ağır döyüşlərin getdiyi bildirilir.

Rusiyanın davamlı həmlələri qarşısında Ukrayna qüvvələri Donetsk vilayətindəki Çasov Yarın şərqindən çıxmalı olublar.

Rusiya mayın əvvəlində Xarkov vilayətinə hücuma başlayanda Ukrayna müdafiə xəttini sabitləşdirmək üçün bir çox təcrübəli birliklərini yenidən qruplaşdırmalı oldu. Bu isə bölüklərin tərkibini zəiflətdi, Rusiyanın yarmaq istədiyi cəbhə xəttində bəzi boşluqlara yol açdı.

Bu arada qızmar yay hər iki tərəfin qüvvələrinə təsirini göstərir. Ukraynanın bir çox şəhərlərində isə elektrik təchizatında mütəmadi fasilələr həyatı daha da çətinləşdirir.

Rusiya raketləri elektrik şəbəkəsinə böyük ziyan vurub, qışadək şəbəkənin tamam çökə biləcəyi sarıdan narahatlıq var.

Kremlin qəzəbi

Bu arada Kreml ABŞ-nin 2026-cı ildən Almaniyaya "Tomahawk" qanadlı raketləri daxil olmaqla uzaq mənzilli silahlar yerləşdirmək planlarına qəzəbli reaksiya verib. Bu, 20 ildən sonra ABŞ qanadlı raketlərinin Almaniyaya qayıdışı deməkdir.

Ağ ev bu qərarını ötən həftə Vaşinqtonda NATO sammitində açıqlayıb.

"Bizim bu raketlərin qarşısını almaq qabiliyyətimiz var, amma potensial qurbanlar bu ölkələrin paytaxtları olacaq", -- Kremlin sözçüsü Dmitri Peskov Rusiya dövlət televiziyasına deyib.

Rusiya və ABŞ-nin müdafiə nazirləri iyulun 12-də telefonla danışıblar, onlar mümkün eskalasiya riskini azaltmağa səy göstərdiklərini deyiblər.

Ukrayna prezidenti Volodimir Zelenski isə iyulun 14-də deyib ki, Vaşinqtonda NATO sammitində dünya liderləri ilə görüşlərdən sonra ölkəyə əlavə hərbi yardım göndərilir.

"Birləşmiş Ştatlara səfərimdən sonra yeni "Patriot" sistemləri və onlarla digər havadan müdafiə sistemlərini təmin etdik. Ukrayna "Patriot"larının gücü və sayını artırmaqdan ötrü yorulmadan çalışırıq", -- o, X platformasında yazıb.

Davamı

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG