Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

Kreml Trump-Kim sammitini alqışlayır


Dmitry Peskov
Dmitry Peskov

Kreml ABŞ prezidenti Donald Trump-la Şimali Koreya lideri Kim Jong Un arasında tarixi sammiti alqışlayıb.

Rusiyanın bu barədə bəyanatında deyilir ki, Moskva Şimali Koreyanın nüvə və raket proqramlarına görə yaranmış qarşıdurmanın birbaşa dialoqla çözülməsinə çoxdan çağırırdı.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov iyunun 13-də jurnalistlərə deyib ki, “elə təkcə belə bir görüşün və birbaşa dialoqun baş tutması faktı alqışlanmalıdır”.

Peskov bildirib ki, iyunun 12-də Trump-la Kimin Sinqapurda görüşməsi Koreya yarımadasında gərginliyin azalmasına xidmət edib.

O bunu da əlavə edib ki, bütün fikir ayrılıqlarının bir saatın ərzində həllini tapacağını gözləmək yanlış olardı.

***

Trump: Pxenyanın daha nüvə təhlükəsi yoxdur

ABŞ prezidenti Donald Trump Pxenyanın dünyaya daha nüvə təhlükəsi yaratmadığını bildirir.

İndicə çatdım, uzun bir səfər oldu, ancaq indi hamı özünü mənim vəzifəyə gəldiyim gündən daha təhlükəsiz hiss edə bilər”, – Trump iyunun 13-də, Sinqapurda Şimali Koreya lideri Kim Jong Un-la sammitdən bir gün sonra yazıb.

Daha Şimali Koreya nüvə təhlükəsi yaratmır. Kim Jong Un-la görüş maraqlı idi, çox müsbət təcrübə oldu. Şimali Koreyanın böyük gələcək potensialı var”, – Trump yazıb.

Prezident başqa bir tvitində qeyd edib ki, tarixi görüşdən sonra adamlar “yaxşı yata bilərlər”. Trump-ın yazdığına görə, o, vəzifəyə başlamazdan öncə “xalq düşünürdü ki, Şimali Koreya ilə müharibəyə gedirik. Prezident Barack Obama deyirdi ki, Şimali Koreya ən böyük və ən təhlükəli problemimizdir. Daha deyil – bu gecə rahat yatın!”

POMPEO YENƏ YOL ÜSTƏDİR

İllərdir davam edən sanksiyalar və Şimali Koreya ilə beş ölkənin apardığı danışıqlar Pxenyanın nüvə və raket fəaliyyətinə son qoya bilməyib.

Donald Trump (sağda) və Kim Jong Un
Donald Trump (sağda) və Kim Jong Un

Trump-ın Cənubi Koreya ilə hərbi oyunları dayandırması barədə bəyanatı Seulu və qonşu Yaponiyanı təəccübləndirib. İyunun 13-də Yonhap xəbər agentliyi Cənubi Koreyanın prezident idarəsinə istinadla yazıb ki, Pxenyanın nüvəsizləşdirilməsi üzrə danışıqları intensivləşdirmək məqsədilə ABŞ-Cənubi Koreya hərbi təlimləri dayandırıla bilər.

Hazırda Birləşmiş Ştatların Cənubi Koreyada 28 min 500 əsgəri var. 1950-53-cü illərdə Koreya müharibəsi bitəndən sonra Seulla Pxenyan texniki müharibə vəziyyətindədir.

ABŞ-ın dövlət katibi Mike Pompeo isə Cənubi Koreya və Yaponiya rəsmiləri ilə görüşmək məqsədilə Seula gedib. Onun Koreyadakı ABŞ qüvvələrinin komandiri general Vincent Brooks ilə qapalı görüşəcəyi, eləcə də prezident Moon Jae-in-lə görüşdə sammiti müzakirə edəcəyi bildirilir.

Yaponiyanın xarici işlər naziri Taro Kono da Seula gedir, Pompeo və cənubi koreyalı həmkarıyla görüşəcək.

Mike Pompeo (sağda) və general Vincent K. Brooks
Mike Pompeo (sağda) və general Vincent K. Brooks

Trump-Kim sammitinin təşkilində əsas rol oynamış Pompeo daha sonra Pekinə gedəcək, Çin hökumətinə danışıqlar barədə məlumat verəcək.

Rusiya da sammiti alqışlayıb, Moskvanın çoxdandır birbaşa dialoqa çağırdığı vurğulanıb.

“Sadəcə bu görüşün keçirilməsi, birbaşa dialoqun başlanması yalnız alqışlana bilər”, – Rusiya prezidentinin sözçüsü Dmitry Peskov iyunun 13-də jurnalistlərə deyib.

***

Şimali Koreya bildirir ki, ABŞ prezidenti Donald Trump “addım-addım” nüvəsizləşdirmə prosesinə razılaşıb, tərəflər iki ölkə arasında gərginliyin azaldılması, sülhün bərqərar olması üçün eyni vaxtda, qarşılıqlı addımlar atacaqlar.

Bu, Trump ilə Şimali Koreya lideri Kim Jong Un arasında Sinqapurda keçirilmiş görüşdən sonra Pxenyan tərəfindən verilmiş ilk bəyanatdır, rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi yayıb.

MƏRHƏLƏLİ YANAŞMA?

Bu bəyanat iki liderin bir gün öncə əldə etdiyi razılaşmadan fərqlənir. Liderlər görüş zamanı belə bir razılığa gəliblər ki, “Koreya yarımadasında sülh, sabitlik və nüvəsizləşdirmədən ötrü addım-addım və eynivaxtlı hərəkət prinsipinə əməl etmək vacibdir”.

Bəyanatda deyilir ki, Kim Trump-ı Şimali Koreyaya səfərə dəvət edib və o, dəvəti qəbul edib. Kim də Trump-ın Vaşinqtona səfər dəvətini qəbul edib.

Liderlərin tərksilaha mərhələli yanaşmaya razılaşması barədə Şimali Koreyanın iddiası düzdürsə, bu, Trump tərəfindən güzəşt sayıla bilər. Axı, Trump daha öncə Pxenyanı nüvə silahlarını dərhal və tamamilə məhv etməyə çağırırdı. Trump deyirdi ki, Birləşmiş Ştatlar sanksiyaları qaldırmağa yalnız bu iş bitincə razılaşa bilər.

Donald Trump
Donald Trump

Bəzi ekspertlərin fikrincə, Şimali Koreyanın iki ölkənin gərginliyi azaltmaq üçün qarşılıqlı addım atmaq tələbi bir oyun ola bilər, tərksilahı uzatmaqla daha çox güzəşt əldə etmək üçün.

Bəyanata görə, Pxenyan nüvə silahlarını tərk etmək addımlarını Birləşmiş Ştatların “qıcıqlandırıcı və düşmən hərbi addımları”nı dayandırmasıyla əlaqələndirir. ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimləri Şimali Koreyanı dəfələrlə “özündən çıxarıb”.

“GERİYƏ BÖYÜK BİR ADDIM”

Agentlik Kim-ə istinadla yazır ki, Birləşmiş Ştatlar “inam yaradılması üçün real addımlar” atsa, Şimali Koreya da “onlarla ayaqlaşmaqdan ötrü növbəti mərhələdə əlavə xoşniyyəti tədbirlər” görəcək.

Trump da sammitdən sonra demişdi ki, Kim-ə Cənubi Koreya ilə “hərbi oyunlar”ı dayandırmaq vədi verib.

Trump iyunun 12-də axşam Twitter paylaşımlarında özünün mərhələli tərksilaha razılaşması barədə Pxenyanın iddiasını təsdiqləməyib. ABŞ prezidenti sammitin “heyrətamiz” nəticələri ilə öyünməkdə davam edib.

Dünya potensial nüvə fəlakətindən geriyə böyük bir addım atdı!” Trump tvitində yazıb.

“Daha raket buraxılmayacaq, nüvə sınağı, tədqiqatı aparılmayacaq! Girovlar evlərinə, ailələrinin yanına qayıdıb. Təşəkkürlər, sədr Kim, tarixi bir gün keçirdik!”

Bir il qabaq Trump-la Kim bir-birinə alçaldıcı sözlər ünvanlayırdılar. Ancaq dünənki 45 dəqiqəlik görüşdən sonra Trump Kim-lə arasında “xüsusi bağ” yarandığını bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG