Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:37

AzadlıqRadiosunun rəhbərliyi Ali Məhkəmənin qərarını pisləyir


Thomas Kent
Thomas Kent

AzadlıqRadiosu (RFE/RL) Azərbaycan Ali Məhkəməsinin radionun saytının bloklanması qərarını qüvvədə saxlamasını kəskin tənqid edib. Radio bunu “müstəqil medianın sıxışdırılmasında dövlət hakimiyyətindən qaba istifadə” adlandırıb.

“Hələ 2014-cü ildə, Azərbaycan hakimiyyəti qanunu və uyğun prosedurları saya salmadan büromuzu bağlayanda bizim və bütünlükdə müstəqil medianın hədəfə alındığını öyrəndik”, – Radionun prezidenti Thomas Kent iyunun 5-də yaydığı bəyanatda bildirib.

“Məhkəmənin qərarı bunu təsdiqləyir”, – Kent Ali Məhkəmənin iyunun 4-də çıxardığı qərarı barədə deyib.

AzadlıqRadiosu Azərbaycan xidməti vebsaytının – azadliq.org-un bloklanmasını ləğv etmək üçün iki dəfə məhkəmə şikayəti versə də, heç biri təmin olunmayıb, “baxmayaraq ki, hakimiyyət heç bir instansiyada iddialarını əsaslandıracaq dəlil ortaya qoya bilməyib”, – bəyanatda deyilir.

Azadliq.org Azərbaycanda 2017-ci ilin martından, Baş Prokurorluğun göstərişilə bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə “hədə” yaratdığını bildirib.

Bakı ofisi 2014-cü il dekabrın 26-da möhürləndi
Bakı ofisi 2014-cü il dekabrın 26-da möhürləndi

Ötən il mayın 12-də Yasamal Rayon Məhkəməsi Azadliq.org-un, Azadlıq qəzetinin, Meydan Tv-nin, daha iki internet TV proqramının (Turan TV, "Azərbaycan saatı") saytlarının qapadılması barədə qərar çıxarıb. Beynəlxalq insan haqları qrupları, Qərb hökumətləri bu addımı pisləyib.

XATIRLATMA

Azərbaycan Baş Prokurorluğunun sözügedən qərarından əvvəl AzadlıqRadiosu-nun Azərbaycan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi ilə birlikdə prezident ailəsinin və onun yaxın çevrəsinin maliyyə fəaliyyətinə dair materiallar dərc etmişdi.

2018-ci ilin yanvarından AzadlıqRadiosu-nun ingilisdilli saytı da Azərbaycanda bloklanır.

Azərbaycan hakimiyyəti 2014-cü ildə AzadlıqRadiosu-nun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edirdi. Sonradan bu ittihamlar məhkəmədə dəlillərin olmaması üzündən rədd edilib.

AzadlıqRadiosu bununla əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Azərbaycanda internet saytının bloklanmasına baxmayaraq, AzadlıqRadiosu-nun Azərbaycan xidməti rəqəmsal strategiyadan və peyk rabitəsindən istifadə edərək milyonlarla azərbaycanlını informasiya ilə təchiz etməkdədir.

2017-ci ildə AzadlıqRadiosu-nun Azərbaycan xidmətinin verilişlərinə Facebook, YouTube və başqa sosial media platformalarında 90 milyon baxış olub.

AzadlıqRadiosu-nun və daha dörd media orqanının saytlarının bloklanmasını Avropa Birliyi, ABŞ-da mənzillənən “Freedom House” təşkilatı da məhkəmənin qərarını pisləyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə insan haqları qrupları və qərb hökumətlərinin tənqidlərini qəbul etmir. Onun narazıları susdurmasıyla bağlı səslənən ittihamları ölkəyə qarşı “müəyyən dairələr tərəfindən aparılan məqsədli qarayaxma kampaniyası” adlandırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG