Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:35

İlham Əliyev: 'Biz torpaqlarımıza qayıdacağıq'


İ.Əliyev və M.Əliyeva «Qobu Park» yaşayış kompleksinin açılışında

«Sahibkarlara Azərbaycanda gözəl şərait yaradılıb. Azərbaycan sahibkarlıq üçün çox gözəl ölkədir. Gözəl investisiya iqlimi yaradılır. Sabitlik, əmin-amanlıq hökm sürür».

President.az saytının xəbərinə görə, dövlət başçısı İlham Əliyev bu gün, mayın 24-də Qaradağ rayonunda məcburi köçkünlərə salınan «Qobu Park» yaşayış kompleksinin açılışındakı çıxışında belə deyib.

Biznesin inkişafının dövlət siyasəti olduğunu vurğulayan prezident ümumi daxili məhsulun (ÜDM) 80 faizinin özəl sektorda formalaşdığını iddia edib. Prezident sahibkarları sosial layihələrə daha böyük diqqət göstərməyə səsləyib.

Prezident «Paşa Holdinq»ə təşəkkür etdi

Məcburi köçkünlərdən ötrü inşa edilmiş yaşayış kompleksinin maliyyələşməsində də sahibkarların iştirak etdiyini bildirən İ.Əliyev vurğulayıb ki, dövlət kompleksin yaradılmasına vəsait ayırmayıb. O, «Paşa Holdinq» şirkətinə təşəkkür edib: ««Paşa Holdinq» Azərbaycanda böyük quruculuq işləri ilə məşğuldur, ölkə iqtisadiyyatının müxtəlif sahələrinə böyük investisiyalar qoyur, minlərlə iş yerinin yaradılmasına çalışıb və nail olub. Bu gün bu şirkətin sosial məsuliyyəti göz qabağındadır. Hesab edirəm ki, bu gözəl təşəbbüs digər böyük şirkətlər üçün də nümunə olmalıdır».

İ.Əliyev məcburi köçkünlərin problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üzrə dövlətin səylərinin davamlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ilin sonuna qədər təqribən 20 min köçkün yeni evlərə köçəcək.

«Ancaq biz torpaqlarımıza qayıdacağıq. Buna heç kimdə şübhə yoxdur... Əminəm ki, Azərbaycan dövlətinin gücü, Azərbaycan xalqının iradəsi nəticəsində işğaldan sonra bütün şəhərlərimizi bərpa edəcəyik və o şəhərlərdə insanlar yaşayacaqlar, quracaqlar, ölkəmizin inkişafını təmin edəcəklər», - prezident deyib.

Yerli və xarici mediada dərc edilən müxtəlif araşdırmalarda «Paşa Holdinq»də elə prezidentə yaxın şəxslərin də pay sahibi olduğu iddia edilir. Konkret bu iddiaya münasibət bildirilməyib. Ancaq, bir qayda olaraq, rəsmilər prezidentin ailə üzvlərinin böyük sərvət sahibi olmaları və korrupsiya məsələlərində adlarının hallanmasını qərəzli, «Azərbaycanın inkişafını sevməyən qüvvələr»in sifarişi sayırlar.

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanda 100 minlərlə insan köçkün həyatı yaşayır. Onların bir hissəsi yeni mənzillərlə təmin edilsə də, bir çox ailələr hələ də yarımçıq tiklilərdə, qəzalı yataqxanalarda yaşayırlar. Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG