İranın xarici işlər naziri Mohammad Javad Zarif mayın 14-də Moskvada rusiyalı həmkarı Sergei Lavrov-la görüşür. Məqsəd Tehranın dünyanın altı ölkəsiylə imzaladığı nüvə sazişini xilas etməkdir. Zarif daha öncə Çində olub.
Zarif danışıqlardan öncə deyib ki, sənədi imzalayan qalan ölkələrin onu qorumağa “qanuni maraqları” var və “bu səbəbdən bir-birimizin qanuni maraqlarını birlikdə qorumalıyıq”.
“AYDIN GƏLƏCƏK”
ABŞ prezidenti Donald Trump 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxmaqla bağlı qərarını açıqlayandan sonra İran və sənədə imza atmış digər ölkələr onu qorumağa çalışır. Nüvə sazişi Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində İrana beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
***Buna da bax: Merkel: ABŞ-ın İranla sazişdən çıxması dünya nizamını sarsıdır
Zarif Moskvadan sonra Brüsseldə gedəcək, Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini ilə görüşəcək. Mayın 15-də onlar Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri ilə bir araya gələcəklər.
Rusiya, Çin, Almaniya, Fransa və Britaniya nüvə sazişini imzalayıblar. Onlar Vaşinqtonu sazişdən çıxmamağa çağırır, bunun İranın nüvə silahı hazırlamasını əngəlləməyin ən yaxşı yolu sayırlar.
Trump İranın sənədin “ruhu”nu pozduğunu, Yaxın Şərqdə zorakılığı maliyyələşdirdiini, ballistik raket sınaqlarını davam etdirdiyini bildirir.
İran isə bütün bunları danır, nüvə proqramının dinc məqsədli olduğunu söyləyir.
Zarif mayın 13-də Pekində sazişin “aydın gələcəyi” olmasına ümidini dilə gətirib.
“Ümid edirik, Çinə və digər ölkələrə səfərlərlə hərtərəfli sazişin aydın gələcək dizaynını qura biləcəyik”, – Zarif çinli həmkarı Wang Yi ilə danışıqlardan sonra jurnalistlərə deyib.
“Nüvə sazişi davam edəcəksə, İran xalqının maraqları təmin olunmalıdır”, – Zarif bildirib.
“SİYASİ ETİKANIN POZULMASI”
İran prezidenti Hassan Rohani mayın 13-də qeyd edib ki, ABŞ-ın sazişdən çıxması qlobal siyasi fərqlərin həllində diplomatiyanın sonu demək olar.
“ABŞ-ın beynəlxalq sazişdən çıxması həmçinin siyasi etikanın pozulmasıdır, diplomatik həllin sonunu göstərir”, – Rohani deyib.
Birləşmiş Ştatların dövlət katibi Mike Pompeo mayın 13-də Fox News-a deyib ki, Vaşinqton avropalı tərəfdaşları ilə birlikdə daha genişmiqyaslı İran sazişi formalaşdırmağa hazırdır.
***Buna da bax: ABŞ-ın İranla sazişdən çıxmasına ekspertlər nə deyirlər?
“Ümid edirəm, qarşıdakı günlər və həftələr ərzində həqiqətən işləyən, dünyanı İranın pis davranışından, təkcə nüvə proqramından deyil, raketlərindən, məkrli davranışından da qoruyan saziş hazırlaya biləcəyik”, – Pompeo əlavə edib.
Bu arada İran parlamentinin vebsaytı xarici işlər nazirinin müavini Abbas Araghchi-yə istinadla yazıb ki, İranın maraqlarının təminatı üçün Avropa ölkələrinə vaxt verilib. “Avropalıların İranın maraqlarının təminatı, ABŞ-ın sənəddən çıxmasının vurduğu ziyanı kompensasiya etməsi üçün 45-60 günü var”, – o deyib.
Almaniyanın dpa agentliyi isə mənbələrə istinadla yazıb ki, Avropa ölkələri 90 gün istəyiblər.