Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 03:48

ABŞ-ın İranla sazişdən çıxmasına ekspertlər nə deyirlər?


AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, prezident Donald Trump-ın ABŞ-ı İranla nüvə sazişindən çıxarmasının ardınca bir çox təhlilçi və ekspertlər bundan sonra nələrin baş verəcəyini proqnozlaşdırmağa çalışırlar.

Vaşinqton Tehranla yeni danışıqlara çalışacaqmı? İran özünün uranı zənginləşdirmə proqrmanını bərpa edəcəkmi? İsrail İranın təmsilçi qüvvələri üzərinə hücumlarını genişləndirəcəkmi? ABŞ-ın Avropa müttəfiqləri Trump-ı təkrar bu sazişə qaytarmağa çalışacaqlarmı? Suriyada ABŞ qüvvələri İran tərəfindən hədəflənəcəkmi? Neft qiymətləri sıçrayacaqmı? – Bütün bunlar hazırda ekspertləri ən çox düşündürən suallardır.

Mark Fitzpatrick
Mark Fitzpatrick

Keçmiş ABŞ diplomatı və dövlət katibinin kütləvi qırğın silahlarına nəzarət üzrə müavini, hazırda isə Britaniyanın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Vaşinqton ofisinin başçısı Mark Fitzpatrick deyib ki, Donald Trump İran sazişi barəsində mümkün olan ən pis qərarı qəbul edib:

“O bu zərbənin gücünü yumşalda, İrana qarşı cəzalandırıcı tədbirlərdən əvvəl avropalılara bir neçə aylıq imkan yarada bilərdi. Lakin o belə bir ümid yeri qoymayıb. İndi İranın nə addım atacağını gözləmək qalır”.

Ekspert bildirib ki, Trump-ın bu addımı dünyanın az qala bütün ölkələrində Amerikanın qlobal liderliyinə etimadı sarsıdacaq.

Lakin Fitzpatrick-in sözlərinə görə, Trump ilk dəfə deyildir ki, buna bənzər addım atır. Amma bu onun atdığı ən pis addımlardan biridir.

Pentaqonun İraq və İslam Dövləti təşkilatı üzrə keçmiş müşaviri Rachel Brandenburg isə Trump-ın İran sazişindən çıxmaq qərarı barədə deyib:

“Məni ən çox təəccübləndirən budur ki, o əslində heç bir alternativ təklif etməyib və belə görünür onun İranın nüvə proqramı ilə bağlı heç bir hazır planı yoxdur. Halbuki o əvvəllər belə məqamlara, məsələn, İranın ballistik raket proqramı və ya Yaxın Şərqdəki fəaliyyətləri məsələsinə toxunmuşdu”.

Ekspertin fikrincə İran sazişinə “pis” deyən prezident, onun əvəzində heç bir alternativ təklif etməyib.

Rachel Brandenburg düşünür ki, İran Vaşinqtonun son addımına bir neçə üsulla cavab verə bilər.

Artıq indidən İsrail ölkənin şimalındakı əhalini birbaşa və ya dolayısı ilə hücuma hazırlayır.

Belə mülahizələr də var ki, Tehran Vaşinqtonun belə bir addım ata biləcəyini istisna etmirdi və buna görə də bir neçə plan hazırlamış ola bilər.

Təhlilçi düşünür ki, İran böyük bir ehtimalla Yaxın Şərqdə ona bağlı qüvvələri İsrail və ya Amerika maraqlarının üstünə qaldıra bilər.

Lakin Obama administrasiyasında Dövlət Departamentinin keçmiş xüsusi müşaviri olmuş, hazırda Brookings İnstitunda çalışan Robert Einhorn düşünür ki, Trump-ın qərarı ilə bağlı hələlik heç də hər şey aydın deyil:

“Bu gözəlnilən idi, lakin buna baxmayaraq bir sıra suallar açıq qalır. Görəsən prezident İran sazişi üzrə sanksiyasız müddətin bu həftə, yoxsa iyul ayında uzadılmamasındanmı danışır? Başqa sözlərlə o İran üzərindəki bütün sanksiyalarımı bərpa edir, yoxsa yalnız 2015-ci il sazişi ilə qaldırılmış sanksiyaları?Bunlar hələlik aydın deyil. Belə söhbətlər də var ki, o bərpa olunan sanksiyalardan əlavə İranın üzərinə yeni sanksiyalar da elan edə bilər”.

Robert Einhorn-un fikrincə indi avropalılar İranı bu sazişdə qalması üçün dilə tutacaqlar. Onlar Tehrana izah etmək istəyəcəklər ki, hətta ABŞ bu sazişdən çıxdıqdan sonra da bu sənəddən Tehran üçün faydalar var.

Lakin ekspert düşünür ki, İranı bundan sonra sazişdə saxlamaq asan olmayacaq. Üstəlik Rusiya bu vəziyyətdən ABŞ-ın təklənməsi üçün maksimum istifadə edəcək.

XS
SM
MD
LG