Amma «hamının sümüyünə düşən hava çalmadıqlarına» görə kimlərinsə maraqlarına qurban getdiklərini deyən ANS rəhbərlərindən biri kimi yerli ekspertlər də bu məsləyə aydınlıq gətirə bilmirlər. «ANS niyə dayandırıldı» sualına birmənalı və konkret cavab verilmir. Əksinə çoxsyalı versiyalar səslənməkdədir.
Bunu hakimiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təslimçi saziş imzalamağa hazırlaşması ilə bağlayanlar da var, Azərbaycanın Rusiyaya meyllənməsi il izah edənlər də. Bu arada jurnalist dairələrində ANS-in başqa adamlara veriləcəyi, həmin adamlar sırasında ölkə başçısı İlham Əliyevin xanımının qohumların, eləcə də yeni qohum olduqları Araz Ağalarovun adı hallanır.
«Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyevsə deyir ki, indiki məqamda bir səbəb üzərində dayanmaq mümkün deyil. Onun qənaətincə, burda iqtisadi maraqlar da var, siyasi xətt də görünür. Ekspertin qənaətinə görə, hakim komandanın iqtisadi maraqları istər çap, istərsə də elektron mətbuatı nəzarətdə saxlamağa sövq edir. İqtidar son bir neçə ayda planlı şəkildə işləyir. Jurnalistlər döyülür, həbs olunur, məhkəməyə verilir, yerləşdiyi ofislərdən çıxarılır, müstəqil televiziya bağlanır: «Proqnoz vermək çətindir. Qarabağ təhlükəsini də istisna etmirəm. Proseslər çox sürətlə gedir. Onda sual yaranır ki, niyə hakimiyyət tələsir? Niyə mətbuatı susdurmağa çalışırlar? Bəlkə də Qarabağla bağlı qeyri-populyar qərara imza atılarsa ictimaiyyətə dolğun məlumat verilməsində maraqlı deyillər».
Zəfər Quliyev kimi digər ekspertlər də hakimiyyətin tələskənliyinə diqqət çəkirlər. Onlar xatırladırlar ki, ANS-ə lisenziya verilməsi və ya «Xaqani 33»də yerləşən qurumların icarə haqqını ödməməsi haqda müzakirə uzun zamandır davam edirdi. Amma, son bir həftədə hadisələr çox sürtələ inkişaf etdi.
Bakı Dövlət Universitetinin müəllimi, jurnalistika nəzəriyyəçisi Zeynal Məmmədli hesab edir ki, səbəb nə olur olsun məqsəd birdir, azad sözü məhdudlaşdırmaq. Onun qənaətincə, proses sanki “nəzarətdə olmayan media qalmamalıdır” məntiqi ilə gedir. O, Qarabağ danışıqlarına da, prezident seçkilərinə hazırlıqlara start verilməsinə də, yəni dövlət başçısının səlahiyyət müddətinin artırılması haqda təkliflərin səslənməsinə də önəm verir.
Zəfər Quliyev deyir ki, ANS-in bağlanması informasiya məkanında təhlükəli hal yaradıb. Bu televiziyanın bağlanmasından sonra digər telekanalların xəbərlər buraxılışı da zəifləyib və orda informasiya yoxluğu görünür. Halbuki onlar rəqabət prinsipinə uyğun olaraq xəbər axtarışına cəhd göstərirdilər: «Bu təhlükəli tendensiyadır. Bu kurs davam edərsə totalitar rejim formalaşa bilər».
O ki qaldı, ANS-i hakim ailəyə yaxın insanların almasına. Ekspertlərə görə, bu versiya inandırıcı görünmür. Çünki bu televiziya və radionu almaq istədiyi söylənilən həmin şəxslərin yeni telekanal açmaq imkanları da var.
Zeynal Məmmədli isə düşünür ki, hüquqşünaslardan ibarət komissiya yaradıla və MTRŞ-nın qərarının qanunvericiliyə uyğun olub-olmamasını araşdıra bilərdilər: «Belə oxşar pozuntular başqa televiziyalarda da müşahidə olunur. Niyə qanun yalnız bir telekanala şamil olunur? Bu da Şuranın siyasi qərar çıxardığını göstərir».
ANS niyə bağlandı sualının cavabını tapa bilməyən ekspertlərə görə, cavab yaxın aylarda baş verəcək hadisələrdə özünü göstərəcək. Nə baş verəcək, bax bunu deyəsən onlar da bilmirlər.