Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:16

Rusiya Britaniyaya: Peşman olacaqsız


Vasily Nebenzya toplantıda
Vasily Nebenzya toplantıda

Britaniyayla Birləşmiş Ştatlar BMT-də Rusiyaya qarşı kəskin ifadələr işlədib, Moskvanı Britaniya torpağında keçmiş rusiyalı casusa qarşı hərbi dərəcəli sinir qazıyla kimyəvi hücum gerçəkləşdirməkdə suçlayıblar. Moskvanın BMT Təhlükəsizlik Şurasından və Beynəlxalq Kimyəvi Silahların Qadağanı Təşkilatından (BKSQT) istifadə edərək müstəqil təhqiqatı əngəlləməyə çalışdığı iddia olunub.

Hamımız təhqiqatın niyə aparıldığını bilirik. Çünki Britaniya torpağında hərbi dərəcəli sinir qazıyla dinc vətəndaşları öldürməyə cəhd olunub”, – Britaniyanın BMT-dəki səfiri Karen Pierce aprelin 5-də şurada deyib.

“BRİTANİYA BƏHANƏ EDİR Kİ...”

Görüşdə Birləşmiş Ştatları təmsil edən Kelley Currie-nin deməsinə görə, Vaşinqtonla Britaniya “Rusiyanın bu kimyəvi silahla hücuma görə məsuliyyət daşıdığına möhkəm inanır”.

*** Buna da bax: The Times: Novichok-un harda hazırlandığını tapıblar

Rusiyanın Solsberidəki hücumda istifadə olunan hərbi dərəcəli sinir qazını hazırladığı bəllidir”, – Currie deyib.

Keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də Solsberidə huşsuz vəziyyətdə tapılıblar. Hazırda xəstəxanadadırlar, Yulia-nın sağalmaqda olduğu bildirilir.

Currie deyib ki, Rusiya BKSQT-nin əliylə hazırda gedən müstəqil təhqiqatı əngəlləməyə çalışıb, “bu, Rusiyanın öz günahını ört-basdır etməsinə kömək edərdi”.

Rusiya özünün iştirakıyla yenidən təhqiqat tələb edirdi, ancaq qurum bu təklifi rədd edib.

Rusiyanın BMT-dəki səfiri Vasily Nebenzya isə Britaniyanı Moskvaya qarşı “təbliğat müharibəsi” aparmaqda suçlayıb.

Böyük Britaniya bizimlə əməkdaşlıqdan imtina edir, bəhanə gətirir ki, qurban cinayətkarla əməkdaşlığa getmir. Cinayət Britaniya torpağında törədilib, terror aktı ola bilər və qurbanlar da bizim vətəndaşlardır”, – o deyib.

“ABSURD TEATRI”

O, Britaniyanı Moskvanın sinir qazı hücumunun arxasında durması iddialarıyla “Rusiyanı gözdən salmağa çalışmaqda” suçlayıb.

Bu, bir absurd teatrıdır. Daha yaxşı əhvalat uydura bilməzdiniz? Britaniyalı həmkarlarımıza demişik ki, odla oynayırsınız və peşman olacaqsınız”, – səfir vurğulayıb.

Pierce isə sual edib ki, Rusiya niyə özünün əsas şübhəli olduğu cinayətdə təhqiqatçı olmaq istəyir.

Rusiya Təhlükəsizlik Şurasının iclasını ona görə çağırmışdı ki, BMT də məsələnin təhqiqatını aparsın. Moskva Solsberi hücumunda əli olmadığını bildirir.

***Buna da bax: Keçmiş casusun qızı ‘özünə gəldikdən’ sonra ilk bəyanatını verib

Britaniya zəhərlənmədə Rusiyanın əli olmasıyla bağlı ittihamlar səsləndirəndən sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar. Moskva da buna oxşar addımla cavab verib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG