Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 10:17

The Times: Novichok-un harda hazırlandığını tapıblar


Sergei Skripal və qızının tapıldığı ərazi, 4 aprel, 2018-ci il
Sergei Skripal və qızının tapıldığı ərazi, 4 aprel, 2018-ci il

Britaniyanın xüsusi xidmət orqanları hesab edirlər ki, “böyük ehtimalla” “Novichok” sinir qazının hazırlandığı gizli Rusiya laboratoriyasının yerini müəyyənləşdiriblər. Məlumatı “The Times” mənbələrə istinadla yazıb. Martın 4-də rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia İngiltərənin Solsberi şəhərində bu qazla zəhərlənib.

Mənbələrin sözlərinə görə, Britaniya xüsusi xidməti “elmi təhlil və kəşfiyyat məlumatlarına əsasən”, Skripalların zəhərlənməsindən bir neçə gün sonra laboratoriyanın yerini tapıblar. Ancaq yazıda həmin laboratoriyanın Rusiyanın harasında yerləşdiyi qeyd olunmur.

Qəzetin müsahibə götürdüyü şəxslər Rusiya tərəfin kimyəvi maddəni sınaqdan keçirdiyini də istisna etmirlər. Yəni, Moskva “Novichok”dan sifarişli siyasi qətllərdə istifadənin mümkünlüyünü də yoxlaya bilərdi.

“OLDUQCA MÜRƏKKƏB METODLAR”

Aprelin 3-də Britaniya mütəxəssisləri bildiriblər ki, keçmiş casusun zəhərləndiyi maddə “Novichok” sinifinə aiddir. Ancaq onlar həmin maddənin Rusiyada hazırlandığını təsdiqləyə bilməmişdilər, bu, onların işi deyildi. Sonradan bioloji və kimyəvi silahlar laboratoriyasının direktoru Gary Aitkenhead Sky News-a müsahibəsində deyib ki, belə bir maddənin hazırlanması üçün dövlət strukturlarına çatımlı “olduqca mürəkkəb metodlar” tələb olunur.

*** Buna da bax: Azərbaycan Skripal məsələsində Rusiyanın mövqeyini dəstəkləyib

Bu arada Beynəlxalq Kimyəvi Silahların Qadağanı Təşkilatı Rusiyanın təklifini dəstəkləməyib. Rusiya “Skripal işi”nin Rusiyanın iştirakıyla yenidən araşdırılmasını istəyirdi. Gələn həftə qurum iki laboratoriyadan Skripalların zəhərləndiyi maddənin analizlərinin nəticələrini alacaq.

Rusiya aprelin 5-də BMT Təhlükəsizlik Şurasının iclasında Skripal işinin müzakirəsini tələb edib.

Britaniya zəhərlənmədə Rusiyanın əli olmasıyla bağlı ittihamlar səsləndirəndən sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar. Moskva da buna oxşar addımla cavab verib.

Skripal-ın özünün durumun ağır olduğu, qızında isə sağalma prosesi getdiyi bildirilir.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

XS
SM
MD
LG