Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 07:42

Kinozalın qapısını tüstüyə görə “bağlayıblarmış”


Igor Vostrikov (ortada)
Igor Vostrikov (ortada)

Rusiyanın Kemerovo şəhərindəki yanğında üç övladını, həyat yoldaşını və bacısını itirmiş Igor Vostrikov hadisənin baş verdiyi ticarət mərkəzində müşahidə kameralarının görüntülərini əldə edib. O, internetə yerləşdirdiyi videomüraciətdə izləyiciləri əmin edir ki, əvvəlcə kinozalın bütün qapıları açıq olub.

“40 DƏQİQƏDƏN SONRA GƏLİBLƏR”

Cizgi filminin göstərildiyi, çoxlu uşağın olduğu zalın qapısını tamaşaçılardan biri güclü tüstülənməyə görə bağlayıb. Vostrikov deyir ki, görünür, o, xilasediciləri gözləmək qərarına gəlib, ancaq onlar gəlib çıxmayıblar.

*** Buna da bax: Rusiyada matəm günüdür

Yanğınsöndürənlər hadisə yerinə 40 dəqiqədən sonra gəliblər, tavanı söndürməyə isə saatyarımdan sonra başlayıblar”, – deyən Vostrikov sual edir ki, niyə hadisə yerinə vertolyot cəlb olunmayıb.

Yanğında həlak olmuş 64 nəfərin 41-nin uşaq olduğu bildirilir. Ancaq tanınmaz hala düşmüş meyitlərin kimliyinin müəyyənləşdirilməsi hələ üç həftə çəkəcək.

Vostrikov əlavə edib ki, onda olan məlumata görə, qapıları bağlayan kişini xilas ediblər.

Daha öncə Vostrikov-un anası və onun həyat yoldaşı fövqəladə xidmət və polisin qeyri-peşəkar davranışından prokurorluğa şikayət edib.

Nadejda Vostrikova-nın sözlərinə görə, yanğın baş verən gün qızı ona zəng edib, ticarət mərkəzindəki kinozalda digər uşaqlarla birlikdə qaldığını, işığın söndürüldüyünü, yanğın başladığını deyib. Bir neçə dəqiqədən sonra Nadejda Vostrikova ticarət mərkəzinin dördüncü mərtəbəsində olduğunu, diz üstə çökərək yanğınsöndürənlərdən yardım dilədiyini deyir. Ancaq deməsinə görə, onlar kinozala girməkdən imtina ediblər, xilasediciləri gözlədiklərini deyiblər.

QEYRİ-RƏSMİ SİYAHI HAZIRLANIR

Regional fövqəladə xidmət idarəsinin rəhbəri Aleksandr Mamontov isə daha öncə deyirdi ki, yanğınsöndürənlər əllərindən gələni ediblər: yanmaqda olan binadan 100-dən çox adamı evakuasiya edib, daha 20 nəfəri xilas ediblər.

*** Buna da bax: Kemerovoda yanğına görə etirazlar - 41 uşaq ölüb

Kemerovo prokurorluğu ölənlərin qohumlarının şikayətlərini araşdırmaqdadır.

Martın 25-də “Zimnyaya Vishnya” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar beş nəfər saxlanıb. İstintaqın versiyasına görə, binada təhlükəsizlik tədbirlərinə əməl olunmayıb, siqnalizasiya işləməyib.

Bu arada Kemerovodan olan könüllülər qrupu ölənlərin və itkin düşənlərin qeyri-rəsmi siyahısını hazırlayır. Qrup “VKontakte” sosial şəbəkəsində yazıb ki, bu, vilayətin vitse-qubernatoru Sergei Tsivilev-in razılığıyla aparılır.

Hazırda daha 29 nəfərin itkin düşmə ehtimalı da var. Siyahı həmin şəxslərin yaxınlarının müraciəti əsasında tərtib olunur.

XS
SM
MD
LG