Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:08

Kemerovoda yanğına görə etirazlar - 41 uşaq ölüb


Kemerovoda etiraz aksiyası

Sibirin Kemerovo şəhərində minlərlə adam nümayişə çıxıb, onlar rəsmilərdən cavab istəyir, regional hökumətin istefasını tələb edir.

Şəhər mərkəzinə əvvəlcə bir neçə yüz adam çıxıb, sonradan kütlə böyüyüb. Martın 27-də Kemerovoda görüşlər keçirən prezident Vladimir Putin-sə faciəyə görə günahkarların cəzalandırılacağını deyib.

Kemerovada etiraz aksiyası keçirilir
Gözlə

No media source currently available

0:00 0:01:35 0:00

Etirazçılar əllərində “Korrupsiya öldürür!”, “İstefa!”, “Bizə həqiqəti deyin!” şüarları tutublar. Bəziləri rəsmi açıqlanmış ölü sayına şübhəylə yanaşdıqlarını bildiriblər.

Nümayişə çıxanlar Kemerovonun qubernatoru Aman Tyuleyev-in istefasını, prezident Putin-lə görüş tələb ediblər.

Plakatlardan birində Putin və Tuleyev-in həbsinə çağırış var. Tuleyev 1997-ci ildən bu regionunun qubernatorudur.

İtkin düşən uşaqlar barədə məlumatlar gəlir. İki bacısıyla kinozalların birində qalmış 11 yaşlı bir qızdan telefon zəngləri gəlib. Qurbanların siyahısında isə 41 uşağın adı yer alıb.

Putin rəsmilərlə görüşdə
Putin rəsmilərlə görüşdə

“DEMOQRAFİYADAN DANIŞIRIQ”

Ölkəmizdə nə baş verir? Burada döyüş əməliyyatı getməyib, şaxtadan metan qazı sızmayıb. Adamlar, uşaqlar istirahətə gəliblər”, – Putin region rəsmiləriylə görüşündə deyib. Görüş televiziyayla yayımlanıb.

Demoqrafiyadan danışırıq və bu qədər adam itiririk – niyə? Kriminal səhlənkarlıq və pintilik üzündən”, – Putin deyib.

Qeyd edək ki, Rusiyada Putin-in hakimiyyətdə olduğu 18 il ərzində ölümlə nəticələnən bir neçə faciə baş verib, səbəb də korrupsiya və səhlənkarlıq göstərilib.

Daha sonra ölənlərin yaxınları da daxil olmaqla bir qrup yerli sakinlə görüşən Putin deyib: “Şübhəniz olmasın: Günahı olanlar cəzalandırılacaq”.

O, İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin-in rəhbərliyi ilə 100 müstəntiqin hadisə yerində işlədiyini bildirib.

Putin xəstəxanada yaralılara da baş çəkib, amma regional administrasiya binası qarşısındakı mərkəzi meydana toplaşmış minlərlə etirazçının qarşısına çıxmayıb.

***

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində yanğında ölənlərin siyahısı açıqlanıb. "Interfax" xəbər agentliyi ölənlərin 41-nin uşaqlar olduğunu yazır.

Yanğında ölənlərin xatirəsi yad olunur
Yanğında ölənlərin xatirəsi yad olunur

***

Rusiya prezidenti Vladimir Putin ötən gecə Sibirin Kemerovo şəhərinə gedib. O, bazar günü ticarət mərkəzində 60-dan çox adamın ölümünə səbəb olmuş yanğına görə “kriminal ehtiyatsızlıq və diqqətsizliy”in suçlanmalı olduğunu bildirib.

Putin qurbanların qohumları və dostlarının hadisə yerində qurduğu memoriala qızılgül düzüb və deyib ki, onların itkisi müharibədə, yaxud mədən qəzasında əzizlərini itirənlərin kədəriylə müqayisə oluna bilməz.

Bu qədər adamı niyə itiririk? Kriminal ehtiyatsızlıq və diqqətsizlik səbəbindən”, – TASS dövlət xəbər agentliyi Putinə istinadla yazır.

Prezident bir dəqiqəlik sükut elan edib və yanğında həlak olmuş 64 nəfərin ailə üzvlərinə, dostlarına başsağlığı verib. Ölənlərin 13-ü uşaqdır.

Hadisəylə bağlı dünyanın hər yerindən başsağlığı gəlməkdədir. Papa Francis martın 26-da göndərdiyi teleqramda yazıb ki, qurbanlar və onların ailələri üçün dua edir. Oxşar başsağlığı teleqramlarını Braziliya, Çin, Britaniya, Fransa, Almaniya və Birləşmiş Ştatlar da göndərib.

Martın 27-də Putin regional hakimiyyət və fövqəladə xidmətlə görüşəcək.

Yanğında ölənlərin sayı artmayıb. Amma ötən gecə rəsmilər xəsarət alanların sayının 60-a qalxdığını, onlardan 15-nin xəstəxanaya yerləşdirildiyini bildiriblər.

***

Sibirdəki ticarət mərkəzində yanğın çıxışlarının bağlı olması, həyəcan sisteminin qapadılması, təhlükəsizlik qaydalarında “gözəgirən pozuntular” itki sayını artırıb. Bu bəyanatla Rusiya İstintaq Komitəsi çıxış edib.

Yanğında 64 nəfər həlak olub. Panikaya düşmüş ziyarətçilər pəncərələrdən tullanıb, qaçıb canlarını qurtarmaqdan ötrü qapılara cumublar.

İstintaq Komitəsinin bildirməsinə görə, ticarət mərkəzinin tikintisi zamanı pozuntulara yol verilməsəydi, yanğının təsiri daha az olardı.

Komitənin sözçüsü Svetlana Petrenko “yanğın çıxışlarının qapadıldığını” bildirib. Onun sözlərinə görə, “yanğın barədə siqnal alan kimi həyəcan sistemini söndürmüş” mühafizənin həbsi nəzərdən keçirilir.

Fövqəladə Hallar naziri Vladimir Puchkov jurnalistlərə deyib ki, 64 yekun ölü sayıdır. Tibbi müayinə üçün 44 nəfər müraciət edib, 10-u xəstəxanaya yerləşdirilib.

Ölənlər arasında uşaqlar var.

Fövqəladə hallar rəsmisi martın 26-da dövlət televiziyasına demişdi ki, 41 uşaq itkin düşüb. İstintaq Komitəsi ölənlərdən neçəsinin uşaq olduğunu açıqlamayıb.

Dördüncü mərtəbədən tullanaraq həyatını xilas etmiş 11 yaşlı oğlan ailədən yeganə sağ qalandır. Onun anası, atası, özündən kiçik qardaşı həlak olub”, – səhiyyə naziri Veronika Skvortsova deyib.

***

Hadisəylə bağlı dörd nəfər saxlanıb. Ticarət mərkəzini idarə edən şirkətin, obyekti icarəyə götürmüş şirkətin rəhbərləri də onların içindədir. Məlumatı Rusiya İstintaq Komitəsi yayıb.

Rusiyalılar hadisəylə əlaqədar sosial mediada hisslərini ifadə edirlər. Kemerovodan yayılmış fotoda onlarla adam qan vermək üçün növbəyə durub.

Rusiyada yanğınlarda ölü sayının artmasına görə məmur özbaşınalığı, korrupsiya və təhlükəsizlik qaydalarına əməl olunmaması göstərilir.

Beynəlxalq Yanğınsöndürmə və Xilasetmə Xidmətləri Assosiasiyasının məlumatına görə, 2014-cü ildə Rusiyada yanğınlarda 10 min 68, əhalisinin sayı ondan iki dəfə artıq olan Birləşmiş Ştatlarda isə 3 min 275 nəfər həlak olub.

***

Sibirdə ticarət mərkəzindəki yanğında azı 60 nəfər həlak olub, onlarla itkin düşən var. AzadlıqRadiosu-nun rus xidməti xəbər verir ki, martın 25-də başlanmış yanğında ölənlərin sayının artacağı gözlənir.

Moskvada 3 min kilometr şərqdə yerləşən Kemerovo şəhərində baş vermiş yanğından sonra axtarış-xilasetmə işləri davam edir.

Daha öncə Fövqəladə Hallar Nazirliyinin Kemerovodakı bölməsinin sədr müavini Boris Dedyukhin azı 37 nəfərin öldüyünü, ölənlərin kimliyini müəyyənləşdirməyin çətin olduğunu deyirdi. O, ölənlərdən azı doqquz nəfərinin uşaq olduğunu bildirib.

TASS dövlət agentliyi martın 26-da Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadla 16 nəfərin itkin düşdüyünü xəbərləyib. Daha öncə bu rəqəm 64 idi.

“İÇƏRİDƏ NEÇƏ NƏFƏR OLUB, DƏQİQ BİLƏN YOXDUR”

TASS Kemerovonun qubernatoru Aman Tuleyev-ə istinadla yazır ki, yanğında ölənlərin ailəsinə 1 milyon rubl (17 min 500 dollar) kompensasiya veriləcək.

Hadisənin səbəbi, hələlik, bəlli deyil. Faciəylə bağlı cinayət işi açılıb.

Baş nazir Dmitry Medvedev səhiyyə naziri Veronika Skvortsova-ya Kemerovoya getmək, təhqiqata rəhbərlik etmək, xəsarət alanlara yardımı təşkil etmək göstərişi verib.

Rusiya İstintaq Komitəsi yanğının mərkəzdəki kinoteatrın dəhlizindən başlandığnı bildirib.

Kinoteatrın iki zalında tavan çöküb”, – komitə bildirib. Sahəsi 500 kvadrat metr olan ticarət mərkəzindən 120 nəfər təxliyə olunub. Mərkəzdə əyləncə kompleksi, zoopark, bir neçə restoran da var, 2013-cü ildə açılıb.

Günorta çağı ticarət mərkəzinin bir neçə mərtəbəsi adamla dolu olub. Yanğın başlayanda içəridə neçə nəfərin olduğunu heç kəs dəqiq bilmir”, – bir rəsmi deyib.

İstintaq Komitəsi 30 nəfərin xəstəxanaya aparıldığını vurğulayıb.

Kemerovo Sibirdə sənaye şəhəri, eyni adlı, kömür istehsal olunan regionun paytaxtıdır.

XS
SM
MD
LG