Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:28

Zəhərlənmiş keçmiş casusun sağ qalmaq şansı “azdır”


Sergei Skripal-ın Solsberidəki evinin qarşısında polis növbə çəkir
Sergei Skripal-ın Solsberidəki evinin qarşısında polis növbə çəkir

Rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazı zəhərlənməsindən sağ çıxmaq şansı azdır. Bunu keçmiş casusun qardaşı qızı deyib. Qeyd edək ki, İngiltərənin Solsberi şəhərində baş vermiş insident beynəlxalq qalmaqal yaradıb.

*** Buna da bax: NATO 7 Rusiya diplomatını qovur

Viktoria Skripal martın 28-də BBC-nin rus xidmətinə deyib ki, ata-balanın yaşamaq şansı çox deyil.

SAĞ QALSALAR BELƏ...

99 faizdən bəlkə də bir faiz ümidim var. Bu insident onların yaşamasına çox kiçik şans buraxıb”, – deyən Viktoria Skripal əlavə edib ki, hətta sağ qalsalar belə, “ömürlərinin qalan hissəsini əlil kimi keçirəcəklər”.

Rusiyada yaşayan Viktoria Skripal deyib ki, keçmiş casusun yaşlı anasına insident barədə bir söz deməyiblər.

Britaniya hökuməti martın 4-də baş vermiş hadisənin hərbi dərəcəli Novichok sinir qazıyla törədildiyini, buna görə Moskvanın məsuliyyət daşıdığını bildirib.

Bu hadisədən sonra Qərbin 28 ölkəsindən 150-dən çox rusiyalı diplomat çıxarılıb.

*** Buna da bax: Mattis deyir, Rusiyanın məqsədi Qərbi parçalamaq olub

Bu arada Britaniya polisi bildirib ki, keçmiş casusla qızının Novichok qazına Solsberidəki evlərinin giriş qapısında məruz qaldıqlarını düşünürlər. Burada ölümcül qazın yüksək konsentrasiyası aşkarlanıb.

Rusiya zəhərlənmədə əli olmadığını deyir. Martın 28-də Rusiya tərəf belə bir versiya ortaya atıb ki, həmin hücumu Britaniyanın öz kəşfiyyat xidmətləri təşkil edə bilərdi.

Rusiyanın ATƏT-dəki elçisi Aleksandr Lukashevich martın 28-də deyib ki, rusiyalı diplomatların Qərb ölkələrindən kütləvi qovulması “günahı sübuta yetirilməyən ölkənin kollektiv şəkildə cəzalandırılması kimi təhlükəli presedent” yaradıb.

CİDDİ DİPLOMATİK HƏRƏKƏT

Luksemburq, Slovakiya və Malta da qərb cəbhəsinə qoşularaq Moskvadakı səfirlərini məsləhətləşmək üçün çağırdıqlarını bildiriblər.

Slovakiyanın xarici işlər naziri Miroslav Lajcak səfirin geri çağrılmasını ciddi diplomatik hərəkət adlandırıb.

Son 25 ildə Moskvadakı səfiri geri çağırmamışıq”, – o, ölkəsinin TASR xəbər agentliyinə söyləyib. Slovakiya Avropa Birliyinə qoşulandan Rusiyayla dost münasibətlərini saxlayıb.

Avstriya Rusiyayla bağlı tədbir görməsə də, AB-nin Rusiyadakı elçisini geri çağırmaq qərarını dəstəklədiyini bildirib.

*** Buna da bax: Kreml AB-nin qərarından “təəssüflənir”

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Moskvanın diplomatlarının Qərb ölkələrindən qovulmasına uyğun şəkildə cavab verəcəyini vurğulayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov isə “bütün variantların masanın üstündə olduğunu” söyləyib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG