Kreml Avropa Birliyinin Moskvadakı səfirini geri çağırmaq qərarından “təəssüfləndiyini” bildirib.
Kremlin sözçüsü Dmitry Peskov martın 23-də danışıb. “Təəssüf edirik ki, yenə də belə qərarlar ‘böyük ehtimalla’ ifadəsi işlənərək qəbul edilir”, – o deyib.
“Bununla razı deyilik və bir daha təkrarlayırıq ki, Rusiyanın Skripal işiylə heç bir əlaqəsi yoxdur”, – Peskov bildirib.
Sözçünün deməsinə görə, Rusiya “həmkarlarıyla Skripal mövzusunu müzakirə edərkən Britaniyanın hansı informasiyadan istifadə etdiyini” bilmir.
Martın 23-də Britaniyanın Moskvadakı səfirliyindən avtomobil karvanı çıxıb. “Reuters” bunun görüntüsünü yayıb.
Rusiya martın 17-də bu ölkənin 23 diplomatına Moskvanı tərk etmək üçün bir həftə vaxt qoyub və bu addımı Britaniyanın oxşar tədbirinə cavab olaraq atdığını bildirib.
***
Avropa Birliyi liderləri moskvadakı elçilərini geri çağırmağa razılaşıblar. Onlar İngiltərədə keçmiş rusiyalı casusun zəhərlənməsinə görə “böyük ehtimalla” Rusiyanın məsuliyyət daşıması qənaətinə gələndən sonra digər addımlar da atıla biləcəyini deyiblər.
Liderlər Brüsseldə sammitdən sonra bildiriblər ki, Avropa Birliyi və AB-nin bir neçə üzvü əlavə cavab tədbirlərini nəzərdən keçirirlər. Britaniyanın baş naziri Theresa May keçmiş casus Sergei Skripal və qızı Yulia-nın sinir qazıyla zəhərlənməsiylə bağlı birlik göstərməyə çağırıb.
“BİRLİKDƏ REAKSİYA VERMƏKDƏ QƏTİYYƏTLİYİK”
Niderlandın baş naziri Mark Rutte deyib ki, Britaniyayla həmrəylik göstərmək üçün AB-nin Moskvadakı səfiri Markus Ederer bir aylığa geri çağırılacaq.
Almaniya kansleri Angela Merkel blokun əlavə cəza tədbirlərini götür-qoy etdiyini deyib.
***Buna da bax: London Avropanı 'sərhədlərə hörmət etməyən' Rusiyaya qarşı hərəkətə çağırır
“Birlikdə, burada işlətdiyimiz dillə, mümkünsə, əlavə tədbirlərlə reaksiya verməkdə qətiyyətliyik”, – o vurğulayıb.
Litvanın prezidenti Dalia Grybauskaite rusiyalı casusları ölkəsindən çıxarmağa hazır olduğunu deyib. Digər Baltik ölkələri və Polşa da addım atmağı nəzərdən keçirdiklərini söyləyib.
AB Şurası yaydığı bəyanatda “son hücumu ən güclü şəkildə pisləyib” və “zəhərlənməyə görə böyük ehtimalla Rusiya Federasiyasının məsuliyyət daşımasıyla bağlı Britaniya hökumətinin dəyərləndirməsiylə razılaşır”
“Təhlükəsizliyimizə bu böyük hədəyə qarşı Britaniyayla həmrəylik nümayiş etdiririk”, – liderlər bildirib.
XATIRLATMA
Rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də huşsuz vəziyyətdə tapılıb, onların sinir qazından zəhərləndiyi bildirilir.
Britaniya Rusiyanı Skripallara qarşı hərbi dərəcəli Novichok adlı sinir qazından istifadə etməkdə suçlayıb. Bu, 2-ci Dünya Müharibəsindən bəri Avropada belə bir sinir qazından ilk istifadə sayılır.
*** Buna da bax: Keçmiş casusun zəhərlənməsi Putin-in nəyinə lazımdı
Britaniya casus hesab etdiyi 23 rusiyalı diplomatı artıq ölkədən çıxarıb, Moskvayla yüksək səviyyəli kontaktları dayandırdığını bildirib.
Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib. Qarşılıqlı addım kimi, 23 britaniyalı diplomatın ölkədən çıxarılmasına, Rusiyada qarşılıqlı mədəniyyət əlaqələrini təbliğ edən British Council-un bağlanmasına göstəriş verib.
İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.