Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:29

London Avropanı 'sərhədlərə hörmət etməyən' Rusiyaya qarşı hərəkətə çağırır


Theresa May insidentin baş verdiyi ərazidə, 15 mart, 2018-ci il
Theresa May insidentin baş verdiyi ərazidə, 15 mart, 2018-ci il

Britaniyanın baş naziri Theresa May deyib ki, keçmiş rusiyalı casusun İngiltərənin Solsberi şəhərində zəhərlənməsi “Rusiyanın Avropaya qarşı təcavüzkar hərəkətlərinin bir hissəsidir”.

Martın 22-də Brüsselə gələn baş nazir habelə bildirib ki, Avropa İttifaqı liderlərini “sərhədlərə hörmət etməyən” Rusiyanın təcavüzünə qarşı vahid cəbhədən çıxış etməyə çağıracaq.

***

Martın 22-də Britaniyanın baş naziri Theresa May Avropa Birliyi liderlərindən xahiş edəcək ki, keçmiş casus və qızının zəhərlənməsinə görə Rusiyanı Londonla birlikdə pisləsinlər.

Rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia martın 4-də huşsuz vəziyyətdə tapılıb, onların sinir qazından zəhərləndiyi bildirilir.

YENİ SANKSİYALARA ÇAĞIRMAYACAQ

Media yazır ki, May Brüssel sammitində AB liderlərindən güclü bəyanat vermələrini istəyəcək, amma Moskvaya yeni sanksiyalara çağırmayacaq. Baş nazirinin çağırışının Rusiyanın blok daxilindəki müttəfiqlərinin müqavimətiylə üzləşəcəyi də gözlənir. Bunu Britaniya rəsmiləri bildirib.

Biz qarşıdurma, yaxud rejim dəyişikliyi istəmirik”, – hökumətin aparıcı rəsmisi Londonda jurnalistlərə deyib. Onun sözlərinə görə, Britaniyanın istədiyi digər AB liderlərinin “Rusiyanın strateji tərəfdaş deyil, strateji düşmən olmasını” etiraf etməsidir.

*** Buna da bax: Putin Britaniyadan çıxarılan diplomatlarla görüşməyəcək

May Rusiyanı Skripallara qarşı hərbi dərəcəli Novichok adlı sinir qazından istifadə etməkdə suçlayıb. Bu, 2-ci Dünya Müharibəsindən bəri Avropada belə bir sinir qazından ilk istifadə sayılır.

Britaniya casus hesab etdiyi 23 rusiyalı diplomatı artıq ölkədən çıxarıb, Moskvayla yüksək səviyyəli kontaktları dayandırdığını bildirib.

May-in idarəsindən bildirildiyinə görə, o, həmkarlarına deyəcək ki, “biz birlikdə uğur qazanacağıq”. “Britaniyanın AB-dən çıxmaq qərarıyla əlaqədar yaranan gərginliyə baxmayaraq, Britaniya bir Avropa demokratiyası olaraq bu hədələrlə birlikdə üzləşməkdən ötrü AB və NATO-yla çiyin-çiyinə dayanacaq”, – baş nazirin belə deyəcəyi gözlənir.

Rusiya Skripalların zəhərlənməsində əli olmadığını dəfələrlə bildirib. Qarşılıqlı addım kimi, 23 britaniyalı diplomatın ölkədən çıxarılmasına, Rusiyada qarşılıqlı mədəniyyət əlaqələrini təbliğ edən British Council-un bağlanmasına göstəriş verib.

“SOLSBERİDƏKİ İNSİDENT GÖSTƏRDİ Kİ...”

Martın 21-də Moskvada xarici səfirlər üçün brifinq təşkil olunub. Orada belə bir fikir səslənib ki, zəhərli qaz hücumunu Britaniya, yaxud Birləşmiş Ştatlar da təşkil edə bilərdi. Britaniyanın səfiri Laurie Bristow brifinqi boykot edib, Rusiyanı “yalan və dezinformasiya” yaymaqda suçlayıb.

*** Buna da bax: Keçmiş casusun zəhərlənməsi Putin-in nəyinə lazımdı

Rəsmilərin bildirməsinə görə, May Brüsseldə AB-dən olan həmkarlarına söyləyəcək ki, Qərbin bütün ölkələri Rusiyanın belə hücumları qarşısında acizdirlər.

Solsberidəki insident göstərdi ki, Rusiyanın şəbəkələri bütövlükdə milli təhlükəsizliyimizi hədələyir. Rusiya təhlükəsi sərhəd tanımır və ona görə də hamıya risk var”, – baş nazirin sözçüsü deyib.

AB-nin 28 üzvü vahid mövqe əldə edərlərsə, birgə bəyanat yaya bilərlər.

ABŞ, Almaniya və Fransa ötən həftə Londonun Moskvanı günahlandırmasını tamamilə dəstəkləyib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG