Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:26

Putin Britaniyadan çıxarılan diplomatlarla görüşməyəcək


Londondakı Rusiya səfirliyindən çamadanla tərk edirlər, 20 mart, 2018-ci il
Londondakı Rusiya səfirliyindən çamadanla tərk edirlər, 20 mart, 2018-ci il

Rusiya prezidenti Vladimir Putin Britaniyadan çıxarılan 23 rusiyalı diplomatla görüşməyəcək.

Britaniyanın baş naziri Theresa May-in casus adlandırdığı həmin diplomatlara ölkəni tərk etməyə bir həftə vaxt verilib və martın 20-də Rusiyaya gedəcəkləri gözlənir.

Putin-in sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, hazırda onun qrafikində belə bir görüş nəzərdə tutulmayıb.

Putin diplomatlarla görüşsəydi, bu, Britaniyayla mövcud gərginliyi bir az da qızışdırmış olardı.

“Reuters” xəbər verir ki, diplomatik nömrə nişanlı üç avtobus səhər Rusiyanın Londondakı səfirliyindən çıxıb, səfirlik işçiləri isə onları yola salıb.

Səfirlikdə vidalaşma mərasimi
Səfirlikdə vidalaşma mərasimi

Rusiyanın TASS xəbər agentliyinin məlumatına görə, avtobuslar aeroporta yola düşərkən imperiya dövrünə aid vətənpərvər Rusiya marşı çalınıb.

***

Britaniyadan rusiyalı keçmiş casusun zəhərlənməsinə cavab olaraq çıxarılan rusiyalı diplomatlar martın 20-də Moskvaya uçan təyyarəyə minməlidir. Britaniyanın Milli Təhlükəsizlik Şurası isə insidentlə bağlı Rusiyaya qarşı mümkün yeni tədbirləri müzakirə edəcək.

Martın 19-da Avropa Birliyi və NATO martın 4-də keçmiş casus Sergei Skripal və qızı Yulia-nın Rusiya ordusu tərəfindən hazırlanmış sinir qazıyla zəhərlənməsini kəskin pisləyib.

Almaniya kansleri Angela Merkel martın 19-da Varşavada polyak həmkarıyla görüşdən sonra deyib ki, Avropa Birliyinin insidentə birlikdə reaksiya verməsi çox vacib addımdır.

Ciddi informasiyaya görə, Rusiyanın bu insidentə bağlılığı var. İndi Rusiya əksini sübut etməlidir”, – Merkel deyib.

Avropa Birliyinin simvolik deyil, sərt reaksiya verməli olduğunu deməyə razılaşdıq. Rusiyalı təcavüzkar anlamalıdır ki, NATO üzvünə hücum etmək olmaz”, – Polşanın baş naziri Mateusz Morawiecki deyib.

***

NATO-nun baş katibi Jens Stoltenberg martın 19-da bəyan edib ki, Şimal alyansının üzvləri Britaniyada keçmiş Rusiya casusunun zəhərlənməsinin pislənməsində tam həmrəydirlər və bunu “beynəlxalq norma və qanunların yolverilməz şəkildə pozulması hesab edirlər”.

Bundan əvvəl Avropa İttifaqı bu insidentlə bağlı kəskin bəyanat yaymışdı.

***

AB-nin xarici işlər nazirləri Britaniyada rusiyalı keçmiş casusun zəhərlənməsini pisləyib. Nazirlər Londonun bu hücumun arxasında Moskvanın olmasına dair dəyərləndirməsini “çox ciddi” qəbul etdiyini bildirir.

Avropa Birliyi Britaniyayla həmrəyliyini və ona dəstəyini bildirir”, – 28 nazirin martın 19-da yaydığı bəyanatda deyilir.

Bəyanatda o da vurğulanır ki, birlik Britaniyanın hücumun araşdırılmasıyla bağlı Kimyəvi Silahların Qadağanı Təşkilatıyla sıx işləmək öhdəliyini alqışlayır.

Kremlsə martın 19-da bir daha bildirib ki, Britaniya Rusiyanın Skripal və qızının zəhərlənməsində əli olduğunu sübut etməli, ya da üzr istəməlidir.

Gec ya da tez bu əsaslandırılmamış iddialara cavab verilməlidir: onlar ya uyğun dəlillə əsaslandırılmalıdır, ya da üzr istənməlidir”, – prezidentin sözçüsü Dmitry Peskov deyib.

***

Moskvanın Britaniyada rusiyalı keçmiş casusun sinir qazıyla zəhərlənməsində əli olmasını inkar etməsi “getdikcə absurdlaşır”. Bunu Britaniyanın xarici işlər naziri Boris Johnson martın 19-da deyib.

Həqiqət iynəsini yalan və təhrif tayasında gizlətmək Rusiyanın klassik strategiyasıdır, daha heç kəsi aldada bilmirlər”, – Johnson Brüsseldə Avropa Birliyi xarici işlər nazirlərinin toplantısından öncə deyib.

Rusiyanın inkarı getdikcə absurdlaşır. Brüsseldə, bu masa ətrafında elə bir ölkə tapmazsan ki, son illər Rusiyanın bəd və dağıdıcı davranışına məruz qalmasın”, – Johnson deyib.

Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini isə görüşdən öncə deyib ki, AB xarici işlər nazirləri Johnson tərəfindən bilgiləndiriləndən sonra məsələyə dair birgə bəyanat yayacaqlar.

Həmişə gözlədiyim birlikdir”, – o, AB-nin bu məsələdə Britaniyayla həmrəy olduğunu deyib.

***

Martın 19-da beynəlxalq kimyəvi silah ekspertləri Britaniyaya gedir. Onlar İngiltərədə keçmiş rusiyalı casusun zəhərlənməsində istifadə olunmuş sinir qazından örnəklər götürəcəklər.

Kimyəvi Silahların Qadağanı Təşkilatının (OPCW) ekspertləri Britaniyanın Novichok dediyi qazın nümunələrini götürəcəklər. Bu maddənin sovet dönəmində hazırlanmış hərbi dərəcəli sinir qazı olduğu bildirilir.

Bu nümunələr daha sonra nüfuzlu beynəlxalq laboratoriyalara göndəriləcək, nəticələr isə azı iki həftəyə gözlənir”, – Britaniyanın xarici işlər nazirliyi bildirib.

Britaniyayla müttəfiqləri keçmiş casusun zəhərlənməsinə görə Moskvanı ittiham edib. Martın 4-də Sergei Skripal və qızı Yulia Solsberi şəhəində huşsuz vəziyyətdə aşkarlanmışdılar.

*** Buna da bax: Nazir Johnson birbaşa Putini ittiham etdi

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.

Bu zəhərlənmə hadisəsindən sonra Britaniya 23 rusiyalı diplomatı ölkədən çıxardığını elan edib. Moskva da eyni sayda britaniyalı diplomatı çıxarmaqla cavab addımı atacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin ölkəsinin bu hücumun arxasında durmasına dair iddiaları rədd edib.

“ƏLİMİZDƏ SÜBUT VAR”

Britaniyanın xarici işlər naziri Boris Johnson isə martın 18-də Rusiyanı sinir qazı ehtiyatı yığmaqda ittiham edib.

“Son 10 ildə Rusiyanın nəinki sinir qazından qətl məqsədiylə istifadəni araşdırmaması, hətta Novichok ehtiyatı yığmasına dair əlimizdə sübut var”, – Johnson BBC-yə deyib.

*** Buna da bax: Rusiyadan cavab addımları: 23 diplomatı ölkədən çıxarır

Rusiyanın Avropa Birliyindəki səfiri Vladimir Chizhov martın 17-də BBC-yə bildirib ki, Rusiya “1992-ci ildə kimyəvi maddə istehsalını” dayandırıb. Səfirin sözlərinə görə, Skripal-ın zəhərlənməsində istifadə olunan maddə Britaniyada bir tədqiqat mərkəzində hazırlana bilərdi.

Johnson rusiyalıları “təkəbbürlü sarkazm və inkar”da suçlayıb, beynəlxalq ictimaiyyətin Britaniyanın arxasında olduğunu deyib.

Nazirin sözlərinə görə, Moskvanın beynəlxalq miqyasda “bəd, dağıdıcı davranış”ı müttəfiqlərin “Rusiyayla bağlı mövqedə şübhəyə yer qoymamasının” səbəbidir.

Martın 19-da Brüsseldə AB xarici işlər nazirləri və NATO rəhbəri Jens Stoltenberg-lə görüşdə Johnson həmkarlarını zəhərlənmə işiylə əlaqədar bilgiləndirəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG